27 Dekabr 2021 16:50
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib.

Qanuna əsasən, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” yubiley medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilir:

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalı;

“Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” medalı;”.

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilir (əlavə olunur).

“Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsviri” təsdiq edilir (əlavə olunur).

***

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ

Maddə 1. Təltif edilən şəxslər

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən gömrük orqanlarının əməkdaşları, habelə Azərbaycan Respublikasının gömrük işinin təşkilində, təkmilləşdirilməsində və möhkəmləndirilməsində xüsusi xidmətləri olan şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm və qalınlığı 2,5 mm olan lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfinin mərkəzindən yuxarıda sağ və sol hissələri yaşıl rəngli dəfnə çələngləri ilə əhatə olunmuş, qabaritinin hündürlüyü 1,5 mm olan Azərbaycan Respublikası gömrük orqanlarının embleminin elementləri olan qalxan, onun arxasında qılınc və qılıncın aşağı hissəsində açardan ibarət kompozisiya təsvir edilmişdir. Kompozisiyanın sol tərəfində “1992” və sağ tərəfində “2022” rəqəmləri yazılmışdır.

2.2. Bu Qanunun 2.1-ci maddəsində göstərilən kompozisiyanın yuxarı hissəsində qövs boyunca qara rənglə “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı hissəsində isə “DÖVLƏT GÖMRÜK KOMİTƏSİ” sözləri yazılmışdır. “DÖVLƏT GÖMRÜK KOMİTƏSİ” sözləri ilə kompozisiya arasında Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən üçrəngli dekorativ lentin üzərində “30 İL” sözləri yazılmış, “30 İL” sözlərinin altında ağ rəngli aypara və ulduzun, sağ tərəfində isə yaşıl rəngli dəfnə çələnginin təsviri verilmişdir.

2.3. Dəfnə çələngləri, qalxan, qılınc, açar, dekorativ lent, sözlər və rəqəmlər relyeflidir. Mavi və boz rəngli qalxan, qara və bürüncü rəngli elementləri olan qılınc, ağ rəngli açar, mavi, qırmızı və yaşıl mina ilə örtülmüş dekorativ lent, ağ rəngli mina ilə örtülmüş “30 İL” sözləri, aypara və ulduzun təsviri istisna olmaqla digər elementlər qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfinin yuxarı hissəsindən mərkəzə doğru “AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN 30 İLLİYİ” sözləri, aşağı hissəsində isə “1992-2022” rəqəmləri yazılmışdır. Sözlər və rəqəmlər relyefli və qızılı rəngdədir.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində onun seriyası və nömrəsi göstərilir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin aşağı və yuxarı hissəsində eni 3,5 mm olan qızılı rəngli metal hissə vardır.

4.2. Xara lentdə, kənarlarından mərkəzə doğru ardıcıl olaraq 2 mm enində tünd mavi, 10 mm enində mavi və mərkəzdə 3 mm enində ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçüdə qəlib əlavə edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər