“İrşad Electronics” müştəridə olmayan məhsul üçün kredit ödənişi tələb edib.
Bu barədə Teleqraf.com-a şikayətçi Elmin Həsənov məlumat verib.
Qeyd edək ki, Elmin Həsənovun oktyabrda “İrşad Electronics”in Masallı filialından 290 manata aldığı ətçəkən maşın qüsurlu çıxıb. Müştəri aldığı malı qaytarmaq məqsədilə mağazaya getsə də, “İrşad Electronics”in əməkdaşı avadanlığın gigiyenik məhsul olduğunu və istifadə edildiyini əsas gətirərək bundan imtina edib. Elmin Həsənov ətçəkən maşını mağazada qoyub çıxıb.
Şikayətçi deyir ki, dekabrın 21-də adıçəkilən mağazanın hüquq departamentindən ona zəng vurulub: “Özünü şirkətin hüquqşünası kimi təqdim edən şəxs krediti niyə ödəmədiyimi soruşdu. Dedim ki, məndə olmayan bir mal üçün niyə ödəniş etməliyəm? Bildirdi ki, bunu aydınlaşdırmaq onun sahəsi deyil. Üstəlik onu da qeyd etdi ki, əgər krediti ödəməsəniz, gələcəkdə bankdan kredit götürmək istəsəniz bu sizə problem olacaq. Bir sözlə, sadəcə “krediti ödəyin” deyirlər, başqa heç nə...
Şirkət əməkdaşı ilə danışdıqdan sonra adıma yazılan kreditin məbləğini yoxlamaq məqsədilə ödəniş aparatına yaxınlaşdım. Baxdım ki, almadığım məhsula görə adıma dəbbə pulu da yazıblar. Artıq “İrşad Electronics” nəinki qanunları saymır, hətta bir az da irəli gedib faiz hesablamağa başlayıb.
Dəyəri 290 manat olan ətçəkən maşın üçün dəbbə olaraq 20.40 manat yazılıb. Məhsul məndə 1 gün qalıb. Aldığım günün səhəri avadanlığı mağazaya qaytarmışam”.
Elmin Həsənovun bundan sonra atdığı addım İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə zəng etmək olub: “Quruma bildirdim ki, qüsurlu avadanlığı qaytardığım üçün “İrşad Electronics” adıma kredit yazıb və üstəlik faiz hesablayır. Dövlət Xidməti isə işin araşdırıldığını və icra müddətində məhkəməyə müraciət etməməyimi bildirdi. Nəticə barədə məlumat veriləcək. Üstəlik onu da vurğuladılar ki, heç bir halda ödəniş etməyin. Əgər nəticə olmasa, növbəti addımım məhkəməyə müraciət etmək olacaq”.
Qeyd edək ki, sözügedən yazıdan sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti reaksiya verib və “İrşad Electronics”i tutduğu mövqeyinə görə səhv çıxarıb.