Binəqədi rayonunda 12 Noyabr Azərbaycan Respublikası Konstitusiya günü münasibətilə 284 saylı tam orta məktəbdə Azərbaycan Akademik Milli Dram Teatrı kollektivinin ifasında Cəlil Məmmədquluzadənin “Anamın Kitabı” pyesi səhnələşdirilib.
Teleqraf.com-un xəbərinə görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.
Məktəblilər tərəfindən böyük maraqla qarşılanan pyesdə ötən əsrin əvvəllərində Azərbaycan cəmiyyəti, xüsusilə də Azərbaycan ziyalıları haqqında gerçəkliklər göstərilib, müxtəlif dövlətlərə meyili olan ziyalıların səhv yol tutmaları yaradılan bədii obrazlar vasitəsilə tənqid olunub. Əsərdə əsas qayə kimi xalqın nicatı, gələcək inkişafı üçün məhz bir yumruq kimi Vətən, azərbaycançılıq ideyası ətrafında birləşmənin qaçılmaz olduğu göstərilib. İdeya və məzmun baxımından böyük tərbiyyəvi əhəmiyyətə malik, vətənpərvərliyi, xalqa sədaqəti tərənnüm edən əsərin məhz 12 Noyabr Azərbaycan Respublikası Konstitusiya günündə nümayiş olunması məktəbin kollektivi və şagirdlərinin böyük marağına səbəb olub.
Digər bir tədbir 17 Noyabr Milli Dirçəliş Günü münasibətilə İrəvan Dövlət Azərbaycan Dram Teatrı kollektivinin ifasında Rəşid Behbudov adına Mahnı Teatrında “Əməkdar Mədəniyyət İşçisi”, şair – dramaturq İftixarın əsasında “Qalx ayağa Azərbaycan” tamaşası səhnələşdirilib. Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın şöbə müdirləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan tamaşada Azərbaycan xalqının milli dirçəlişə, milli şüurunun oyanmasına, dövlət müstəqilliyini əldə etməsinədək keçdiyi keşməkeşli tarixdən bəhs olunub, üzləşdiyi soyqırımılar obarzların dili ilə canlandırılıb. Əsərdə inkişafa və dirçəlişə gedən yolun məhz milli birlikdən keçdiyi vurğulanıb. Tamaşadan sonra əsərin müəllifi İftixar Piriyev, Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədri professor Asəf Zamanov və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış ediblər. Aygün Əliyeva çıxışında tədbir iştirakçılarını Milli Dirçəliş Günü münasibətilə RİH başçısı adından təbrik edib. RİH başçısının müavini xalqın gerçək oyanışı və vahid ideya ətrafında birləşməsinin məhz Ulu Öndər Heydər Əliyevin xidmətləri sayəsində mümkün olduğunu bildirib. O, bu gün Prezident İlham Əliyevin həmin birlik və həmrəyliyin təminatçısı olduğunu vurğulayıb.
Naibə QURBANOVA