Son zamanlar gündəmdə olan COVID-19 virusunun omikron variantının 100-ə yaxın ölkədə yayılması geniş müzakirə olunur. Gündəlik olaraq toplanan test nümunələri seçmə üsulu üzrə laboratoriyada yoxlanılır.
Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə nazirinin birinci müavini, Səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O bildirib ki, bugünkü tarixədək ölkədə omikron variantına yoluxma qeydə alınmayıb: "Bugünkü göstəriciləri görülən düzgün tədbirlər, vaksinasiyaya borcluyuq. Vətəndaşlara vaksinasiya kampaniyasına qoşulmalarına görə təşəkkür edirəm.
Azərbaycanla həmsərhəd ölkələrdə omikron ştammı yayılıb və bu variantın ölkəmizə yayılması istisna deyil. Vəziyyət pisləşər və ştamm ölkəmizdə yayılarsa, qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlər görüləcək".