Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri “Bakı Metropoliteni” QSC-nin “Xətai” stansiyasında növbəti yanğın-taktiki təlim keçirib.
Təlimin əsas mövzusu həmin stansiyada baş vermiş şərti yanğının “söndürülməsi” olub.
Əvvəlcə, stansiyanın eskalatorunun alt hissəsində baş vermiş şərti yanğın hadisəsi barədə səsucaldıcı vasitəsilə məlumat verilib. Məlumatdan dərhal sonra metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb və FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib”.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək “yanğını söndürüblər”.
Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları tərəfindən metropoliten işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri döyüş hərəkətləri, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.