"Ötən müddətdə amnistiyaya düşən məhkumlardan artıq 2600-dan çoxu penitensiar müəssisələrdən azadlığa buraxılıb".
Teleqraf.com xəbər verir ki, bu sözlər ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, 950-dək şəxsin cəza müddəti azaldılıb, probasiya xidməti üzrə isə 4600-dən çox şəxs müxtəlif cəzalardan azad edilib, 182 şəxsin isə cəzası azaldılıb.
Hazırda amnistiya qərarının icrası davam edir.
Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.
Noyabrın 5-də qüvvəyə minən Amnistiya Aktının icrası dörd ay müddətində təmin edilməlidir.