Mühacirət tarixi ilə bağlı tədqiqatlara başlayarkən professor Ədalət Tahirzadə məni iki şəxslə tanış edəcəyini söylədi: Ramiz Abutalıbov, Ömər Özcan. Sonralar bu iki şəxsin kitablarını, məqalələrini oxuduqca, şəxsən tanış olduqca Ədalət bəyin yolun başında ikən niyə mənə bu alimləri tövsiyə etdiyini anladım. Çünki hər iki tədqiqatçı mühacirətşünaslıq tarixinin ən dərinliklərinə qədər nüfuz etmiş şəxslərdi. Onlar nəinki birbaşa qaynaqlarla çalışır, eləcə də həmin qaynaqları toplayır, vətənə gətirir, başqalarının da istifadəsi üçün arxiv formalaşdırırlar. Ömər bəylə ilk olaraq “Skype” üzərindən tanış olduq, daha sonra Ankaraya ziyarətinə getdim və bu gün də mütəmadi olaraq əlaqədəyik. Ramiz bəylə isə əyani tanışlığım yenə Ədalət bəyin sayəsində baş tutdu.
Ramiz bəyin Bakıya gəldiyini deyən Ədalət bəy məni də dəvət etdi və İstiqlaliyyət küçəsindəki kafelərin birində görüşdük. Tarix 10 may 2016-cı il. Ramiz bəyin həmin vaxt da səhhətində müəyyən problemlər vardı, ona görə də çox yormadan “Teleqraf.com” üçün qısa müsahibə aldım, xeyli dinlədim.
Ondan sonra əlaqəmiz mail üzərindən davam etdi. Qarşılaşdığım çətinliklərlə bağlı ünvanladığım sualları lütfkarlıq göstərərək cavablandırır, yazı və kitablarımda, hətta “Facebook” paylaşımlarımdakı səhvlərimə qədər diqqət göstərərək xəbərdarlıq edirdi.
Ramiz bəyi daha sonra Azərbaycan Milli Ordusunun 100-cü ildönümündə - 26 iyun 2018-ci ildə gördüm. Yenə Ədalət Tahirzadənin dəvəti ilə şəhərin mərkəzində bir məkanda görüşdük, xeyli dinləmək imkanı əldə etdim.
Sonuncu dəfə isə 2018-ci ilin 29 sentyabrında AzTV-nin “Yüz ilin adamları” layihəsində Banin və Fətəlibəyli mövzusunda çəkiliş olarkən gördüm. Hotelin foyesində qısa söhbət imkanı oldu.
***
Ramiz bəyin vəfat xəbərini sosial mediadan oxuduğum zaman Güney Azərbaycan türklərinin təşkil etdikləri Həmrəylik ziyafətində idim. Azərbaycanın hər bölgəsindən – Ərdəbildən, Təbrizdən, Miyanədən, Bakıdan, İrəvandan, Qarabağdan olan, İstanbulda yaşayan soydaşlarımızın toplandığı bir ortamda idim. Bəziləri vətənlərindən birdəfəlik ayrı düşmüşdülər, bəziləri müxtəlif səbəblərdən Türkiyənin ən böyük şəhərinə iltica etmişdilər. Qəribə oldum. Ramiz bəyin də yaradıcılıq ömrü mühacir insanların irsini toplamaq, onlarla şəxsən görüşmək, tədqiq etmək olmuşdu...
Nə xoşbəxtəm ki, baş redaktoru olduğum “Çapar” dərgisində Ramiz bəyin Giorgi Mamulia ilə olan bir məqaləsini dərc etmək imkanımız oldu. “Sürgündə olan Azərbaycan milli azadlıq hərəkatının rəhbər siyasi strukturlarına dair Bolşevik istilasından Prometey hərəkatının (1920-1927) yaranmasına qədər” adlı bu məqaləni Azərbaycan Cümhuriyyətinin Avropada tanınmasının yüzüncü ildönümünə həsr olunan Əlimərdan bəy Topçubaşov qapaqlı sayımızda dərc etdik. Orijinalı rus dilində olan yazını hörmətli Rəbiqə Nazimqızı dilimizə çevirdi. Bu məqalə artıq dərgimizin tarixinin ən unudulmaz anlarından birinə çevrilib...
Ötən ilin aprelin 7-də Ramiz bəy nəşriyyatımızda hazırladığımız “Ədalət Tahirzadə 70” ərməğan kitabı üçün qısa təbrik mətni göndərdi. Jurnalımız üçün növbəti bir yazı da göndərsə də, təəssüf ki pandemiya səbəbindən fasilə verdiyimiz üçün dərc etmək imkanımız olmadı. İnşallah xatirəsinə həsr edəcəyimiz xüsusi sayıda həmin məqaləsi də yer alacaq.
Ramiz bəyin maillərində narahat olduğu bir məsələ vardı: 30 il ərzində gətirdiyi arxivlərdə cüzi sayda tədqiqatçının çalışması. Həm ictimai əhəmiyyətli, həm də vəsiyyət mahiyyətli olduğu üçün göndərdiyi bir maili burada verməyi münasib bilirəm:
5 dekabr 2019
“... De-factonun 100 illiyinə “Çapar”ın bir buraxılışını həsr etmək gözəl fikirdir. Mənim də bir təklifim var. Bildiyiniz kimi Parisdən Bakıya azərbaycanlı mühacir xadimin bütöv arxivini mən gətirmişəm. Hal-hazırda Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivində (648 və 649-cu fondlar) saxlanılır. Bundan əlavə İstanbulda yaşamış Əlimərdan bəyin nəvəsi rəhmətlik Zərifə xanım Kürdəmir – Sultanovanın mənə verdiyi Əlimərdan bəyin sənədlərini Azərbaycan Dövlət Arxivinə təhvil vermişəm. Mümkünsə siz və ya sizin həmkarlardan biri bu üç fondla tanış olsunlar və orada olan sənədlər haqqında bir məqalə yazsınlar və ictimaiyyət bilsin ki, 30 il bundan əvvəl Azərbaycana nə gətirilib”.
Təəssüf ki, Türkiyədə olduğum, ardınca da pandemiya başladığı üçün Ramiz bəyin bu istəyini yerinə yetirə bilmədim. Bu istək bütün tədqiqatçılara ünvanlandığı üçün ümid edirəm ki, qısa zamanda Ramiz bəyin gətirdiyi arxivlərin geniş və detallı şəkildə kataloqu hazırlanar.
Həmin maildə Ramiz bəy 28 may 1990-cı ildə Türkiyənin Kayseri şəhərində baş tutan, özünün də iştirak etdiyi “Birinci millətlərarası böyük Azərbaycan qurultayı” adlı tədbirin broşurasını göndərmiş və bu tədbir haqqında bu bilgiləri vermişdi: “Mən o vaxtı Parisdə işləyirdim, orada yaşayırdım. Fransadan dörd nəfər dəvət olunmuşduq: Timuçin Hacıbəyli (Ceyhun bəyin oğlu), mən (Quzey Azərbaycan), Ziya Sadr (Fransada yaşayan Güney azərbaycanlı) və Aleks Şahtaxtinski (Fransada yaşayan mühacir Şahtaxtlılar ailəsindən). Timuçin bəy gedə bilmədi. Qalan üç nəfər getdi. Təşkilatçılardan biri rəhmətlik Nihad bəy Çetinqaya xüsusi jurnal nəşr edirdi. “Azərbaycan...” (adı yadımdan çıxıb), görsəniz kolleksiyanız üçün alın. Bizim hamımıza üçrəngli bayraq və bayraq-döş nişanı hədiyyə etdilər (not: Sovet vaxtı idi). Əski mühacirlərdən Məcid Musazadə xanımı ilə (Münxen, Qərbi Almaniya), Türkiyədən Mehmet Kəngərli, Əhməd Qaraca, “Azadlıq” radiosundan” Əli Bayram gəlmişdi”.
Qeyd edim ki, mərhum Nihad Çetinqaya o illərdə ən güclü Azərbaycan dərnəklərindən birinin rəhbəri idi, “Azərbaycan türkləri” adlı jurnal nəşr edirdi. Həmin qurultayda verilən döş nişanını Ramiz bəy kolleksiyam üçün mənə bağışlamışdı. Onun mənə hədiyyə etdiyi ən qiymətli fotolardan biri də Əli bəy Hüseynzadənin kiçik fotoşəklidir. İstanbulda olduğum üçün şəklin arxasını yadigar qalması üçün imzalayaraq 9 oktyabr 2018-ci il tarixdə Ədalət bəyə əmanət etmişdi. Hər iki material quracağım muzeydə Ramiz bəydən xatirə olaraq qalacaqdır.
Əbdürrəhman Fətəlibəyli ilə bağlı kitabımı hazırlayarkən ondan fotoşəkil xahiş etmişdim. Arxivində olan fotoşəklin tarixindən bu şəkildə bəhs etmişdi: “Əbdürrəhman bəyin məndə bir orijinal fotosu (mülki geyimdə) var. 20 il bundan əvvəl “Azadlıq” radiosunun jurnalisti rəhmətlik Əli bəy Həsənzadə bağışlamışdı. Legion haqqında rus dilində yazdığım kitabda çap etmişəm. Fotonun bir nüsxəsini Ədəbiyyat və İncəsənət arxivinə vermişəm”.
Ramiz bəydən aldığım ən sonuncu mailin tarixi 15 oktyabr 2021-ci ildir. Həmin mailində Giorgi Mamulia ilə birgə yazdığı “Azərbaycan mühacirətinin siyasi tarixi” adlı əsərinin fransız dilində nəşr olunacağını qeyd edirdi.
Ramiz bəyin legion haqqında rus dilində yazdığı həmin kitabın adı belədir: “Yadlar arasında doğmalar, doğmalar arasında yadlar”.
Ramiz bəyin vəfatı münasibətilə yazılan məqalələrdən isə ancaq bir həqiqət ortaya çıxdı: O, yadlar arasında da, doğmalar arasında da doğma idi.
Bu gün Ramiz bəy II Fəxri Xiyabanda dəfn olundu. Unutmayaq ki, insan da Yer üzündə Tanrıdan ayrı düşən mühacirdir. Sonunda ona qovuşur.
Ramiz bəy missiyasını ən yüksək səviyyədə yerinə yetirdi, əbədi məkana çəkildi. Bizə düşən vəzifə onun arxivlərimizə bağışladıqlarını tədqiq etmək, yeni əsərlər üzə çıxarmaqdır.
Allah rəhmət eləsin, böyük azərbaycanlıya!