Biontech və Pfizer şirkətinin istehsal etdiyi Comirnaty peyvəndi hazırda COVID-19 infeksiyasından ən yüksək qorumanı təmin edən vaksinlər sırasındadır. Bu peyvənd tədqiqatlarının arxasında iki türk alimi dayanır: Uğur Şahin və Özlem Türeci. Onlar kimdir? Bu iki alimi kim tanıyır?
Teleqraf.com adını tarixə yazdıran bu iki alim haqda məlumat verəcək.
İşıq sürəti
2020-ci ilin yanvar ayında Çində koronavirusa yoluxma sayı kəskin artdı. Almaniya da daxil olmaqla dünyanın bir çox ölkəsi pandemiyadan hələ narahat olmasa da, BioNTech tədqiqatçıları əslində koronavirusa qarşı peyvənd üzərində işləməyə başladılar.
Bundan sonra şirkət peyvənd hazırlamaq üçün layihəyə başlayır və layihəni “İşıq sürəti” adlandırır. Həqiqətən sürətlə gedən prosesin sonunda layihə özünü doğrultmağa başlayır. Şirkətə türkiyəli cütlük Uğur Şahin və Özlem Türeci rəhbərlik edir. Şahinin CEO və Türecinin icraçı direktoru olduğu BioNTech şirkəti 2020-ci ilin yazında virusun bütün dünyaya yayıldığı elan olunanda artıq peyvəndin bir neçə sınaq mərhələsini həyata keçirmişdi.
Uğur Şahin kimdir?
Şirkətin baş direktoru Uğur Şahin 1965-ci ildə Türkiyədə anadan olub. Atası “Ford” şirkətində işlədiyi üçün 4 yaşlı Uğur və anası Almaniyanın Köln şəhərinə köçür. Orta məktəbi bitirdikdən sonra Köln Universitetində tibb təhsili alan gələcəyin alimi 20 yaşında laboratoriyada işləməyə başlayır.
Tələbəlik xatirələrini paylaşan Şahin deyir ki, axşam saat 4-ə qədər dərsdən sonra tələbələr evə getdiyi halda, o, laboratoriyaya dərs oxumağa gedib. İşini o qədər sevir ki, hətta bəzən səhər saat 4-ə qədər işləyir.
1992-ci ildə tibb fakültəsini bitirdikdən sonra Şahin Saarland Universitetinin Tibb Mərkəzində işə başlamazdan əvvəl bir neçə il Köln Universitetində daxili xəstəliklər, hematologiya və onkologiya həkimi işləyir. Köln Universitetində olarkən İstanbuldan Almaniyaya gələn bir həkim qızı, tibb fakültəsinin tələbəsi Özlem Türeci ilə tanış olur.
Özlem Türeci kimdir?
6 mart 1967-ci ildə Almaniyada dünyaya gəlib. Kökləri Türkiyənin Rize vilayətində fındıqçılıq təsərrüfatına gedib çıxsa da atası həkim olub. Maynz Universitetinin müəllimi Özlem Türeci xərçəng immunoterapiyasında peşəkar mütəxəssisolaraq tanınır. Almaniya mətbuatına əvvəlki açıqlamasında bu peşəni seçməsinin səbəbi olaraq atasını göstərib.
Atasının müayinə mərkəzi evlərində olduğundan balaca qız xəstələrin arasında oynayaraq böyüyüb. Türeci atasının çox həssas bir həkim olduğunu və bunun ona çox təsir etdiyini, hətta əvvəlcə rahibə olmağı düşündüyünü, daha sonra insanlara kömək etmək üçün atası kimi həkimliyi seçdiyini söyləyir. Maynz Universiteti Tibb Mərkəzində işləyən Türeci 2002-ci ildə Uğur Şahinlə evlənir.
Deyilənlərə görə, nikah mərasiminə hətta saatlar qalmış laboratoriyada işləyən Şahin daha sonra Türeci ilə nikah bürosuna gedir. Cütlüyün bir qızı var.
Türeci Almaniya Federativ Respublikasında Xidmətlərinə görə ordeni, Avstriya Knyazlığı Mükafatı və Aydın Doğan Mükafatı da daxil olmaqla bir çox mükafat və medalla təltif edilib. O, həmçinin "Forbes" jurnalının "Dünyanın 100 ən güclü qadını-2021" siyahısında 48-ci yerdə qərarlaşıb.
BioNTech şirkəti necə yaradılır?
2001-ci ildə immunoterapevtik xərçəng dərmanları hazırlamaq üçün şirkət quran cütlük 2008-ci ildə BioNTech şirkətinin təməlini qoyur. Şirkət hazırda yüksək fərdiləşdirilmiş xərçəng immunoterapiyaları üçün texnologiyalar və dərmanlar hazırlayır. Lakin üzərində işlədikləri xərçəng dərmanlarının heç biri hələ ki, təsdiqlənməyib. Bu işlərə əlavə olaraq həm Türeci, həm də Şahin universitetdə müəllimlik fəaliyyətlərini davam etdirirlər.
BioNTech-in RNT biokimyası və istehsalı üzrə baş vitse-prezidenti Andreas Kuhn 2019-cu ildə mükafatlandırma mərasimində Uğur Şahin haqqında danışarkən ondan ilham aldığını deyir: “Onun kimi ağıllı biri ilə nadir hallarda rastlaşıram. O, hər zaman insanlardan bir addım öndədir. Məncə, onun güclü tərəflərindən biri də insanları həyəcanlandıra bilməsidir".
Dünya mütəxəssislərini özündə birləşdirən BioNTech-in heyəti
BioNTech-də hazırda 60-dan çox ölkədən 1300-dən çox işçi fəaliyyət göstərir. İşçilərin yarıdan çoxu qadınlardır. Alman biotexnologiya firması ötən ilin oktyabrında texnologiya ehtiyatları üçün ABŞ-ın Nasdaq fond bazarına daxil olur və birjada sürətlə böyüyür.
Pandemiya dövründə Şahin və Türeci misilsiz qətiyyət və cəsarət nümayiş etdirirlər. Onlar istehsal güclərini artırır və peyvəndin təsdiqləndiyi təqdirdə kommersiya payını təmin edə bilmək üçün böyük sərmayə ayırırlar. Bu müddətdə şirkətin İdar-Oberşteyn və Maynz şəhərlərindəki istehsal sahələri fəaliyyət göstərməyə davam edir. İllərlə davam edən tədqiqatlar Uğur Şahin və Özlem Türeciyə bəhrəsini verməyə başlayır.
Avro və BioNTech qurucuları
2021-ci ilin avqust ayında Özlem Türeci və həyat yoldaşı Uğur Şahin Almaniyanın 10 ən zəngin adamı arasında 8-ci yerdə qərarlaşır.
Avropa Mərkəzi Bankının İdarə Heyəti 2024-cü ildə yeni əskinasların istehsalı və dövriyyəyə buraxılması ilə bağlı qərar qəbul edəcək. Tədavülə buraxılmasının 20-ci ildönümündə yenidən dizayn edilməsinə qərar verilən avro əskinaslarından birinin üzərində BioNTech-in qurucuları Şahin və Türecinin fotoşəkilinin çap olunması təklif edilir.
Təklifi irəli sürən isə Azad Demokrat Partiyasından olan Avropa Parlamentinin alman üzvü Moritz Körnerdir. Körner bildirib ki, BioNTech-in hazırladığı peyvənd milyonlarla avropalının həyatını xilas edib: “Türeci və Şahin cütlüyünün həyat yolu inteqrasiya, yüksəliş, təşəbbüskarlıq, elmi mükəmməllik və insanların potensialı haqqında təsirli bir hekayədir".