Dünən yanvarın 7-də "Azəriqaz" İstehsalat Birliyində KİV və QHT nümayəndələri üçün keçirilmiş növbəti “Açıq qapı” aksiyasında səsləndirilən suala əlavə cavab olaraq Birliyin Hüquq Departamentinin rəisi tərəfindən verilən cavab sosial şəbəkələrdə müzakirəyə səbəb olub.
Cavabda bildirilib ki, mənzildə 1 (bir) aydan çox müddətdə kimsənin yaşamayacağı təqdirdə qaz paylayıcısının bu barədə əvvəlcədən məlumatlandırılması istehlakçının vəzifəsidir.
Teleqraf.com xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyi məsələyə aydınlıq gətirib.
Bildirilir ki, qeyd olunan müddəa “Qazdan istifadə haqqında” Qaydaların 3.2.10-cu yarımbəndində öz əksini tapıb. Həmin yarımbəndə görə, sözü gedən məlumatlandırma yazılı qaydada olmalıdır.
Bundan başqa, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 2.3-cü (İstehlakçının vəzifələri) bəndində aşağıdakı vəzifələr təsbit olunub: - “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək (2.3.3 yarımbənd); - “Qazdan istifadə qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək (2.3.7 yarımbənd) Vətəndaşların müxtəlif səbəblərdən (bağ evində müntəzəm yaşayışın olmaması, məzuniyyət və ya tətilə çıxması, iş yerinin başqa ərazidə yerləşməsi və s.) qazlaşdırılmış obyektdə 1 (bir) aydan çox müddətdə yaşamayacağı təqdirdə bu haqda qazpaylayıcısının məlumatlandırılmasının əsas təyinatı düzgün və ya təyinatı üzrə istifadə olunmadığı səbəbindən qazın partlayıcı, boğucu xüsusiyətlərini nəzərə alaraq ev və ya mənzildə ehtimal olunan qaz sızması nəticəsində baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınmasıdır.
Bu hallara daha çox payız-qış mövsümündə təsadüf olunduğu üçün istehlakçının bəhs edilən vəzifəsinin xatırlatması da aktualdır.
Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, yazılı qaydada məlumatlandırma istifadə edilməyəcəyi təqdirdə qaza görə hər hansı bir ödənişi də istisna edir.