Teleqraf.com-un “Kitabxana” rubrikasının qonağı sabiq Baş Nazir, Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru Novruz Məmmədovdur.
Onunla müsahibəni təqdim edirik.
- Novruz müəllim, kitab oxumağa vaxtınız olurmu?
- Təəssüf ki, xeyr. Hazırda bütün vaxtım universitetə ayrılıb. Əvvəllər belə olacağını təsəvvür etməzdim. Mən ADU-da təhsil almışam. Bitirdikdən sonra müəllim kimi saxladılar və bir neçə il prorektorun köməkçisi kimi işlədim. O zaman sakit həyat tərzi var idi. Sonra fəaliyyətimi siyasi sahədə davam etdirdim. Təkrar bura gəldikdə gördüm ki, tamamilə başqa proseslər müşahidə olunur.
Universitetdə 9 minə yaxın müəllim, tələbə, magistrant var. Gənc, orta yaşlı müəllimlər elmi tədqiqat işi ilə məşğuldurlar. Bəzən ayda 2-3 fəlsəfə doktorluğu üzrə dissertasiya müzakirə olunur. Hər il doktorantura, dissertanturaya qəbullarımız var. Proses il boyu davam edir, ildə 2 dəfə bu təhsil pillələrinə qəbul keçirilir.
Universitetdə alman və fransız dili sahəsində elmlər doktoru az olduğu üçün o sahədə istədiyimiz proses lazımı səviyyədə getmir. Universitetdə ümumən çox fəal proseslər müşahidə olunur. Elə həftə olur ki, bəzən 6 dissertasiyanın müzakirəsi aparılır. Bir müzakirə təxminən 2 saat vaxt alır.
Prorektor olduğum üçün iddiaçıların müdafiələrinə baxıram. Bu, roman deyil, elmi işdir, hər biri bir sahəyə həsr olunub. Bu səbəbdən bədii kitab oxumağa vaxt tapa bilmirəm.
- Bəs sonuncu dəfə oxuduğunuz kitabı xatırlayırsınız?
- Universitetə prorektor təyin olunmazdan əvvəl rektor Kamal Abdulla ilə illərə dayanan dostluğumuz var idi. Fikrimcə, o, hərtərəfli biliyə malik yazıçıdır. Universitetə gələndə ona dedim ki, indiyədək elə yerdə işləmişəm, o qədər məşğul olmuşam ki, sizin nə elmi kitablarınızı, nə də romanlarınızın hamısını oxuya bilməmişəm. Ona görə də son oxuduğum onun kitablardır.
Paralel bir neçə kitabını oxuyuram. Fikrimcə, Kamal Abdullanın xüsusilə Dədə Qorqud dastanı ilə bağlı tədqiqatları dastan anlayışı nöqteyi-nəzərindən təkcə Azərbaycan deyil, beynəlxalq aləmdə dastana yanaşma formulunu göstərir. Kamal Abdullanın kitabları arasından "Sirlərin sərgüzəşti", "Unutmağa kimsə yox", "Laokoon...Laokoon..." və digər əsərlərini oxudum. Onun kitablarında sirr var, adi roman deyil.
- Kitabxananızda ümumi neçə kitabınız olar?
- Ümumillikdə 3000-4000 arasında kitabım var. Kitabların böyük qismi siyasi məzmunludur. Amma qızım diplomat olduğu üçün onların əksəriyyətini özü ilə xaricə apardı.
Gəncliyim Milli Kitabxanada keçib. Ümumiyyətlə, tələbə olanda kitab tapmasam, kitab almasam, həmin gün sanki mənim üçün boş keçirdi. Yaxşı kitab tapanda özümü xəzinə tapmış kimi hiss edirdim.
- Kitaba ən çox nə qədər pul vermisiniz?
- Xatırlamıram. Ən bahalı kitabları mənə hədiyyə ediblər. Amma biz pulumuzu əsasən kitab almaq üçün saxlayırdıq. O vaxt internet, kompüter yox idi, televizora çox baxılmırdı. Məlumat mənbəyimiz yalnız kitablar idi. Kitabları alanda özümüzü öyərdik.
O dövdə aldığım kitabların böyük qismi dilçiliyə aid idi. Prezident Adminstrasiyasında işlədiyim vaxt siyasət, beynəlxalq münasibətlər sahəsinə keçid etdim. O vaxtlar yazmaq mənim üçün peşə olmuşdu. 20-dən artıq kitab yazmışam.
Onda ingilis, fransız dilində geosiyasətin banilərini oxumağa başladım. Karl Smit, Fridrix Ratsel, Rudolf Cheller kimi insanlar geosiyasət elminin əsasını qoyublar. Bu gün geosiyasət xarici siyasət beynəlxalq münasibətlərdə əsas fəaliyyət sahəsidir. Açıq təbliğ olunmasa da, hamı onun müddəa və prinsiplərinə əsaslanır.
- Özünüz də kitablar tərcümə etmisiniz. Hazırkı təcrümələr sizi qane edirmi?
- Tərcümə kitabları məni qane etmir. Özüm 3 kitab tərcümə etmişəm, onlardan biri roman, biri beynəlxalq münasibətlər haqqında, digəri isə avstriyalı filosof və tarixçinin kitabıdır. Tərcümələrimdən biri fransız dilində yazılmışdı, "Terror haqqında əfsanə" adlanırdı. Erməni terrorizminin yaranması, formalaşması, terrorist təşkilatlarının gördüyü işlərlə bağlı kitab idi.
O kitabı tərcümə edəndə adını "Terror haqqında həqiqət" qoydum. Mənim yanaşmam budur, kitabda terror haqqında həqiqətlər öz əksini tapıb.
- Universitetin kitabxanasında kifayət qədər kitab ehtiyatı varmı? Tələbələr kitab problemi ilə bağlı müraciət edirlər?
- Universitetin kitabxanası zəngindir. Eyni zamanda, prorektor olduğum üçün vəzifələrimdən biri də burada görülən işlərin dövlətin, ölkənin inkişafına fayda verməsidir. İnkişaf isə elmsiz mümkün deyil. Elmə ciddi yanaşmırıqsa, söz-söhbətlə irəliyə gedə bilmərik. Ona görə diqqət edirəm ki, kitabxanada kitabların sayı kifayət qədər olsun.
Rektor Kamal Abdulla üçün də bu bir nömrəli vəzifədir. Bizdə adət var ki, birinci kurs tələbəsi kitab alıb gələrsə, kitabı qəbzi ilə birlikdə təqdim edir və maliyyə şöbəsi həmin kitabın pulunu ona geri qaytarır. Tələbələri bununla kitab almağa həvəsləndiririk.
Kitabxanın fəaliyyəti ilə də tez-tez maraqlanıram. Çalışırıq ki, tələbələr onlayn şəkildə universitet kitabxanasına daxil ola bilsinlər. Kitabxana işçiləri, tələbələrlə söhbətlərimiz olur, başqa kitabxanalar, akademiya ilə müzakirələr aparmışıq. Məqsəd kitabların əlçatan olmasıdır.
- Oxumağa peşman olduğunuz kitab olub?
- Gənclik illərimdə olub, amma bu barədə danışmaq istəmirəm. Bu səbəblə çalışmışam, elə kitab seçim ki, eyni halı təkrar yaşamayım.
- Kitab seçəndə nəyə önəm verirsiniz?
- İndiki dövrdə çətindir. Hər bir şeyin insanın yaş dövründən asılı olaraq əhəmiyyətlilik dərəcəsi dəyişir. 25 yaşımda fərqli fikirləşirdim, 40 yaşımda başqa cür yanaşırdım, 60 yaşdan sonra baxışlarım başqa istiqamətdə dəyişdi. Bu baxımdan, indiki dövrdə kitabı oxumaq istəyəndə onun məlumatlı olmasına diqqət edirəm. Bu gün məni məlumat maraqlandırır. Məsələn, indi Qazaxıstandakı hadisələri oxuyuram. Ola bilər məni maraqlandırsın Yuli Sezarın, Napaleonun həyatı...
Hesab edirəm ki, Azərbaycanda tarix elminin yüksək səviyyədə tədrisinə diqqət ayrılmalıdır. Xalqın öz tarixini ətraflı bilməsi onun bir nömrəli vəzifəsidir. Tarixi hər bir xalq özü üçün virtual saray kimi yaradır.
- Sevdiyiniz tarixi obraz hansıdır.
- Çoxdurlar. Məsələn, Yuli Sezar.
- Bəs gəncliyinizdə bədii yazarlardan kimi oxuyurdunuz?
- Uşaq vaxtında nağılları çox sevirdim. 12 yaşıma qədər nağılları çox oxuyurdum. Məlikməmmədin nağlını bəlkə 50 dəfə oxumuşam, "Koroğlu" dastanını 25 dəfə oxumuşam. Elə nağıl kitabı olmazdı ki, oxumayım. Gənc vaxtımda isə ən çox sevdiyim romanlardan biri Əyyub Abbasovun "Zəngəzur" romanl idi. Erməni əslilli yazıçı Aleksandr Şirvanzadənin "Qaplan dərəsi nəsilləri" romanını oxumuşdum, Azərbaycan dilində yazırdı. Ondan başqa Məmməd Səid Ordubadinin "Qılınc və Qələm, "Dumanlı Təbriz" əsərlərini çox sevirəm.
Poeziyaya marağım böyük idi, Mixail Lermontov, Aleksandr Puşkini çox oxuyurdum. Öz şairlərimiz arasında Səməd Vurğun, Bəxtiyar Vahabzadənin qələmini sevirəm. Bununla yanaşı, fransızları çox oxuyurdum, Onore de Balzak, Gi de Mopassanın bütün romanlarını oxumuşam. Antuan de Sent-Ekzüperinin "Balaca şəhzadə" romanını çox sevirdim. Nəvələrimə, övladlarıma oxumağı tövsiyə edirdim.
- Geniş həyat tərcübəniz var. Həyat təcrübənizə, yaradıcılığınıza aid kitab yazsanız, adını nə qoyarsınız?
- "Yol". İnsan dünyaya gəlir, bir yola düşür. Hər kəs yol gedir. Müəyyən yaşlarda insan proseslərə, tələblərə uyğun olaraq danışır. Bu yaşda adam istəyir ki, hər şeyi olduğu kimi desin.