Ötən il dekabarın 31-i Şəmkir rayonunun Mahmudlu kəndində itkin düşən və bu gün tapılaraq ata evinə təhvil verilən 24 yaşlı Gülbəsti Qurbanova başına gələnləri danışıb.
Teleqraf.com-a açıqlamasında o bildirib ki, gəlin köçdüyü evdən qaçmağının səbəbi mütəmadi olaraq şiddətə məruz qalmasıdır:
"Uşağım olmurdu deyə başıma qaxırdılar. Yoldaşım tez-tez məni döyürdü. Həkimə, dərmana nə xərc çəkirdilər, məni danlamağa başlayırdılar. Maddi kömək üçün atama, qardaşıma deməməyimi istəyirdilər. Nə zaman həkimə gedib gəlirdimsə, söz-söhbət yaranırdı."
Gülbəsti Qurbanova evdən qızıl və 700 manata yaxın pul oğurlaması məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, gedərkən evdən qızılları aparıb, lakin pul götürməyib: "Evdən özümə məxsus qızıllarımdan, əl çantamdan və gödəkçəmdən başqa heç nə götürməmişəm. Ər evində yığılan pulun miqadarını belə mən bilmirəm. Çünki o pulları qaynanamın özü saxlayırdı ki, yığılan pul qaynım Tağınındır, sürücülük vəsiqəsi alacaq. Pul məsələsi yalandır, evdən çıxdığıma görə üstümə şər atırlar".
Gülbəsti Qurbanova 31 dekabr 2021-ci il tarixdə hara və kimlə getməsini də danışıb. Qadının sözlərinə görə, Şirvan şəhərinə 5 ilə yaxın tanıdığı Valeh adlı oğlanla gedib və onunla orada qalıb:
"Mən hara gəlmək lazım olduğunu Valehə başa saldım. Taksi ilə gəldi, biz Şirvan şəhərinə getdik. Qızıllarımı min manata satdım, özümə paltar aldım. Daha sonra fotolarımı saytlarda gördüm və polisə zəng etdim ki, sağam. Polislər gəlib Şirvan şəhərindən məni götürüb ata evimə gətirdilər.
Mən ərimlə yola getməyəcəyimi, onunla yaşaya bilməyəcəyimi atama və yaxınlarıma hələ 3 il bundan öncə, nişanlı olanda demişdim. Amma atam nişanı qaytarmadı".
Məlumat üçün bildirək ki, Gülbəsti Qurbanova 1 ildən artıq Mahmudlu kənd sakini Mahir Musayev adlı şəxslə ailəli olub. Cütlüyün rəsmi nikahı olmayıb.