Universitetə yüksək balla daxil olan tələbələrə dövlət təqaüdündən əlavə həvəsləndirici təqaüdlər verilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Gəncədə jurnalistlər üçün keçirilən məlumatlandırma sessiyasında Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov bildirib.
O deyib ki, təqaüdlərin məbləği hər il artırılır:
“Universitetə marağın artırılması məqsədilə bir çox işlər görülür. Xüsusilə tələbələr üçün bir çox təşəbbüslər həyata keçirilir. Universitetdə 3 ildən artıqdır ki, yüksək balla qəbul olan tələbələrə dövlət təqaüdündən əlavə təqaüdlər verilir. Belə ki, universitetə 500 baldan çox bal toplayaraq daxil olan tələbələrə keçən il 200 manat əlavə təqaüd verilirdi. Bu ildən həmin təqaüdün məbləği 250 manat olub. 400 baldan yuxarı bal toplayaraq qəbul olunanlara 100 manat verirdik, bu ildən həmin məbləğ 150 manat olub. Bu proses həmin tələbələrin əlaçı olduğu müddətdə davam edir. Bu bir növ həvəsləndirmə tədbiridir ki, həmin tələbələr əlaçı olaraq qalsınlar. Xüsusilə qeyd etmək istəyirəm ki, bu təqaüd dövlətin verdiyi təqaüddən ayrıdır. Heç bir tələbənin təqaüdündə də gecikmə olmur”.