Bu gün Bərdədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Qarabağ bölgəsinə daxil olan rayonlarda (Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Beyləqan, Füzuli) fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də ilahiyyatçılar və fəal dindar üçün “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda iki günlük regional konfrans öz işinə başlayıb.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, regional konfransın açılış mərasimində çıxış edən Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev qeyd edib ki, Azərbaycan xalqı öz milli-mənəvi, dini dəyərlərini əsrlər boyu qoruyub saxlayıb. Onun sözlərinə görə, xüsusilə dövlət müstəqilliyimizi bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yenidən milli-mənəvi dəyərlərimizə, o cümlədən dini dəyərlərimizə qayıdış baş verib: "Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dünyada tolerant ölkə kimi tanınır. Dinlararası münasibətlərin tənzimlənməsi, eyni zamanda dini dözümlülüyün yüksək səviyyədə mövcudluğu dövlətin siyasətinin prioritet istiqamətlərindən biridir. Bu gün biz iftixar hisssi ilə deyə bilərik ki, Azərbaycan dünyada tolerantlıq modelidir. İstər məzhəblərarası, istər dinlərarası məsələlərdə dini dözümlülük nümunəsdir. Dünyanın heç bir yerində Azərbaycan qədər dini dözümlülük yoxdur".
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışı edərək bildirib ki, Azərbaycan hüquqi dövlətdir və İslam dini bizim milli ideologiyamızın tərkib hissələrindən biridir: “Azərbaycan dövlətinin dinə qayğısı hər kəsə məlumdur. Azərbaycanda İslam dəyərlərinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sovetlər zamanında ölkəmizdə 18 məscid vardı. Bu gün artıq respublikamızda iki mindən çox məscid var. Bu mükəmməl siyasi xətt İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir”.
QMİ sədrinin Qarabağ bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, bölgə qazısı Ramazan Hüseynov çıxış edərək qeyd edib ki, son aylarda bu cür regional konfransların keçirilməsi bölgələrdə dini maarifçilik baxımından çox mühümdür.
Mövzular ətrafında geniş müzakirələr aparılıb və məruzələr konfrans iştirakçıları tərəfindən yüksək dəyərləndirilib.
BƏXTİYAR