17 Yanvar 2022 09:55
1 827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyətinin işğalından sonra mühacirətə gedən məşhur ailələrdən biri də Səfiyurdlu (Səfikürdski) ailəsidir. Bu ailənin ən tanınan üzvü Mahmud Səfiyurdludur.

Cümhuriyyətin təhlükəsizliyinin keşiyində

1919-cu il sentyabrın 5‑də Azərbaycan Cümhuriyyətinin Əksinqilabla Mübarizə Təşkilatının rəis müavini hümmətçi Mirfəttah Musəvi qətlə yetirilir. Həmin ilin noyabrın 15-də onun yerinə Mahmud Səfikürdiski təyin olunur.

Azərbaycanın təhlükəsizlik orqanlarının tarixinin tədqiqatçısı Cəlal Qasımov “Cümhuriyyətin təhlükəsizlik orqanları. 1918-1920” adlı kitabında Mahmud Səfikürdski ilə bağlı maraqlı məlumatlar təqdim edib.

Onun yazdığına görə, Mahmud Balabəy oğlu Səfikürdski 1898-ci ildə Gəncə qəzasının (indiki Goranboy bölgəsində yerləşən) Səfikürd (Safyurd) kəndində bəy ailəsində doğulub. 1909-cu ildə Gəncə gimnaziyasına daxil olub. 1918-ci ildə atası Balabəy kişi vəfat edib, anası Əsmət, qardaşları Həmid, Bəhram, Cahangir, bacıları Sara və Ziba başsız qalıb.

Mahmud bəy o illərdə Gəncədə yaranan “Yaşıl qvardiya”nın fəal üzvlərindən biri olub. 1919-cu ildə Gəncə gimnaziyasını bitirdikdən sonra ay yarım Gəncə dairə məhkəməsində müstəntiqliyə namizəd vəzifəsində işləyib. 1919-cu ildə gimnaziyanı bitirdikdən sonra Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olub. Daha sonra Hümmət partiyasının təqdimatı ilə Əksinqilabla Mübarizə Təşkilatında sədrin müavini kimi işə başlayıb.

İşğaldan sonra, erməni ittihamı

Cümhuriyyətin işğalından sonra Mahmud bəyə bir müddət toxunulmayıb. Əvvəlcə Azərbaycan Fövqəladə Komissiyasında çalışıb, 9 noyabr 1920-ci ildə isə Gəncə qəzasına göndərilib. Elə həmin gün onun barəsində Az. ÇK-ya bir raport daxil olub. Raportda göstərilib ki, M.Səfikürdiski Müsavat hökuməti dövründə ƏMT rəisinin köməkçisi işləyib, Nikoloyevski küçəsində yerləşən fəhlə klubunu dağıdıb, kommunistlərə qarşı pis münasibətdə olub. O, ittihamları inkar edərək bolşevik Qasım İsmayılovu şahid göstərsə də, sonuncu 1920-ci il noyabrın 22-də verdiyi ifadəsində əksini bildirib. Nəticədə həmin gün onun mənzilində axtarış aparmaq və həbs etmək barədə 1096 saylı order imzalanıb. Həmin orderə əsasən M.Səfikürdiski 1920-ci il noyabrın 23-də Qubada həbs edilib, Bakıya göndərilib.

C.Qasımov Mahmud Səfikürdskinin arxivdə qorunan işinə əsasən, Cümhuriyyətin işğalından sonra baş tutan istintaq işinə dair maraqlı bilgilər bölüşüb. 1921-ci il yanvarın 12-də müstəntiqin “1915-1919-cu illərdə siz harada və hansı vəzifələrdə çalışmısınız?” sualına belə cavab verib: “1915-1916 və 1917-ci ilin mayına qədər Gəncə gimnaziyasında oxumuş, 17-ci ilin may-iyul aylarında rumın cəbhəsində olmuş, iyul ayından Gəncə quberniyasında anarxiya başlanana qədər təhsilimi davam etdirmişəm. Gəncə quberniyasında anarxiya başlandığına görə müsəlman əhalisi əziyyət çəkirdi. Buna görə də Gəncə əhalisi tərəfindən mühafizə olunmaq üçün “Yaşıl qvardiya” yaradılmışdı ki, o da əsasən tələbələrdən ibarət idi. Mən həmin təşkilatda sədr müavini idim. Bu vəzifədə mən xəstələnənə qədər, yəni 1918-ci ilin təxminən fevral ayınadək fəaliyyət göstərdim...”

C.Qasımov yazıb ki, ermənilər Səfikürdiskinin həbsi zamanı onun üzünə duraraq millətçilik etdiyini sübuta yetirməyə çalışmışdılar. Ermənilərdən biri ifadə verərək bildirmişdi ki, M.Səfikürdiski mənim qardaşımdan 300 min manat rüşvət istəmiş, lakin həmin məbləğ ödənilmədiyindən onu güllələtdirmişdir. İrəli sürülən iddialar sübuta yetirilmədiyi üçün Mahmud bəy azad edilib.

Bu azadlığın qısamüddətli olduğunu başa düşən Mahmud bəy mühacirətə getməli olub.

Mühacirət həyatı

Mahmud bəy Azərbaycanda ikən Tamara adlı bir qadınla evlənib, Mələk adlı qızı olub. Sonra həmin qadınla boşanıblar. Daha sonra Hacı Zeynalabdin Tağıyevin nəvəsi (Əli ilə Leyla Əsədullahın qızı) Gülnar xanımla evlənib. Bu evlilikdən Leyla, Əli, Belkıs (Bilqeyis) adlı üç övladı olub.

1962-ci ildə çap olunan “Türkiyədə kim kimdir?” adlı ensiklopediyada Mahmud bəy haqqında da qısa məlumat var. Həmin məlumatda Mahmud bəyin doğum tarixi 1904 göstərilib. Atasının adının Balabəy, anasının adının İsmət olduğu, ingilis, fransız, alman, rus, yuqoslav, macar dillərində danışdığı, Belqrad Hüquq Fakultəsini bitirdiyi qeyd edilib. Türkiyədə ticarətlə məşğul olan Mahmud bəyin M.C.Safyurtlu Ltd., Altay Ticaret T.A.Ş., İnternational Ltd. Şti., Atlantic Komere Corp., New York kimi şirkətləri idarə etdiyi, “Büyük Kulüp”, “Sipahi Ocağı”, “Anadolu Kulübü” kimi təşkilatların üzvü olması da yazılıb.

Türkiyə arxivlərindəki sənədlərə görə, Mahmud bəy 1942 və 1947-ci illərdə Almaniyada həbs olunub. Türkiyə vətəndaşı olduğu üçün Ankara bu məsələ ilə yaxından məşğul olub.

Mahmud bəy 1972-ci il iyulun 14-də Böyük adada vəfat edib, orada da dəfn edilib. Adadakı evləri indi də mövcuddur. Həyat yoldaşı Gülnar Səfiyurdlu 2 iyun 2007-ci ildə vəfat edib. İstanbul Böyük Şəhər Bələdiyyəsinin məzarlıqlarla bağlı sistemində Gülnar xanımın doğum tarixi 25.06.1924, vəfat tarixi 05.06.2007 göstərilib.

Qızı Belkis Safyurtlu 1 yanvar 1954-cü ildə Nyu-Yorkda doğulub. 28 noyabr 1980-ci ildə Jorge Luis Hazera (01.11.1953 doğumlu) ilə evlənib. Bu evlilikdən iki övladları var: Francisco Mahmut Hazera (09.02.1986, Vaşinqton); Eduardo Iskandar Hazera, ( 12.07.1988)

Mahmud bəyin oğlu Əli Nadir Səfiyurdlu 2010-cu ildə Bakıda olub, “Azadlıq” radiosuna müsahibə verib. Müsahibəsində ailəsi haqqında bunları danışıb: “Anamgil Bakını tərk edəndən sonra İran-Türkiyə yolu ilə Fransaya-Parisə getmişdilər. O vaxt anamın 4 yaşı varmış. Odur ki, ibtidai məktəbi Parisdə oxudu. Onun fransızcası çox gözəl idi. Fransa ədəbiyyatını çox sevərdi. Xatırlayıram ki, İstanbuldakı Fransa səfirliyinin kitabxanasından kitablar alıb oxuyardı. Atamın ilk evləndiyi xanım rusiyalı idi. Yuqoslaviyada evlənmişdilər. O evlilikdən Mələk adlı bir qızı vardı. O xanımdan ayrıldıqdan sonra İstanbulda dostlarının evində anamla tanış olurlar, evlənirlər və Nyu-Yorka köçürlər. Biz də Nyu-Yorkda doğulduq. Bacım Mələk 5 dildə tərcüməçilik edirdi. BMT-də çalışdı. Cenevrədə yaşayırdı. Təəssüf ki, erkən yaşda öldü...Toyu Böyükadada olmuşdu. Yaxşı ki, atam onun ölümünü görmədi. Üçümüz də kiçik idik. Bir gün bizi gəmiyə qoyub Türkiyəyə yolladılar. O zaman şəhərdə evimiz yox idi. Atam Böyük adadakı evi almışdı. Yayı orada yaşayıb, sonra şəhərə daşındıq. Məktəbə görə şəhərdə yaşamağa məcburduq. Ancaq bayramlarda və tətillərdə Böyükadaya gedərdik. Orta məktəbi İstanbulda bitirdik. Sonra mən ABŞ-a köçdüm. Orada təhsilimi davam etdirdim. Sonra bacılarım arxamca gəldilər. Bacılarım indi də Vaşinqton ətrafında-Şimali Virciniyada yaşayırlar”.

Bir neçə il əvvəl jurnalist Hafiz Əhmədova verdiyi müsahibəsində isə Əli Səfiyurdlu ailəsi haqqında bu maraqlı bilgiləri verib: “Atam əvvəllər İstanbulda, daha sonra isə Belqradda tacirlik edib. Tito hakimiyyətə gələndən sonra ikinci dəfə köç edib və İstanbulda məskən salıb. Hacı Zeynalabdin Tağıyevin qızı Leyla xanımın da ailəsi – həyat yoldaşı Əli Əsədullah, uşaqları Əli, Nadir və Gülnar 1920-ci illərdə İran üstündən Türkiyəyə köç ediblər. Onların oğulları Zeynal isə İstanbulda doğulub. Daha sonra ailə İstanbuldan Parisə köçüb. Əli Əsədullah böyük oğlu Əli ilə Rusiya üzərindən Azərbaycana qayıtmağa çalışıb. Təəssüf ki, ruslar tərəfindən tutulub, öldürülüb. Nadir və Zeynal Parisdə həyatlarını itiriblər. Anamız Gülnar xanım isə Parisdə Sorbonn Universitetini bitirdikdən sonra nənəmiz Leyla xanım ilə İstanbula köçüblər. Atamız Mahmud bəy və anamız Gülnar xanım İstanbulda tanış olublar. Mahmud bəy və Gülnar xanım 1947-ci ildə ABŞ-a köçüblər. Onların uşaqları – mən, bacılarım Leyla və Bəlkız Nyu-Yorkda dünyaya göz açdıq. 1954-ci ildə ailəmiz İstanbula qayıtdı. Mən orta məktəbi və liseyi İstanbulda oxumuşam. Daha sonra Florida Universitetində bakalavr, Vircinya Universitetində magistr təhsili almışam. Missuri Universitetində fəlsəfə elmələr doktoru oldum. Amerika Birləşmiş Ştatlarına isə 21 yaşımda qayıtmışam. 2000-ci ildən bəri hər il İstanbula gedirəm. Azərbaycana ilk dəfə 2010-ci ildə gəlmişdim”.

Cahangir və Həmid Səfiyurdlular

Türkiyə mətbuatında Mahmud bəyin iki qardaşının vəfatı ilə bağlı məlumat verilib. “Vatan” qəzetinin 4 aprel 1954 tarixli 4631-ci sayı “Bir təyyarəmiz Adana parçalandı” manşeti ilə çıxıb. Bütün ekipajın və sərnişinlərin vəfat etdiyi qəzada ölənlər arasında Köylü Partiyası lideri Remzi Oğuz Arık, Demokrat Partiyadan olan millət vəkili Salamon Adato da olub. Adanadan hərəkət edən təyyarə 12 dəqiqə sonra partlayıb, 26 nəfər faciəli şəkildə həlak olub. Qəzet ölənlər arasında Cahangir Səfiyurdlunun da olduğunu qeyd edib: “Əslən azərbaycanlıdır. Çox geniş bir ticarət mühiti vardı. Bir gəmi prosesi işi ilə bağlı vəkili Salamon Adato ilə birlikdə Mersinə getmişdi. Cahangir Səfiyurdlunun qardaşı Amerikadadır. Səfiyurdlu ticarət həyatımızın tanınan və çox sevilən şəxsiyyətlərindəndi. Ölüm xəbəri dünən axşam ticarət mühitində sürətlə yayılmış və dərin bir üzüntü yaratmışdır”.

İki gün sonra Cahangir bəy Zincirliquyu məzarlığında dəfn olunub.

Türkiyə arxivindəki Həmid Səfiyurdlunun vətəndaşlığa qəbulu ilə bağlı sənəddə onun 1892-ci ildə doğulması qeyd olunub. Mustafa Kamal Atatürkün və nazirlərin imzası ilə Həmid bəy 1937-ci il yanvarın 8-də Türkiyə vətəndaşlığına qəbul edilib. “Vatan” qəzetinin 10 noyabr 1960 tarixli nüsxəsində Həmid Səfiyurdlunun vəfatı ilə bağlı xəbər dərc olunub. Xəbərdən aydın olur ki, Həmid bəy Cənnət xanımla evlənib, 9 noyabr 1960-cı ildə vəfat edib, bir gün sonra Zincirliquyuda dəfn olunub.

Beləliklə, Azərbaycanda başlayan, Türkiyədən Amerikaya qədər geniş bir coğrafiyaya yayılan Səfiyurdlu ailəsinin macərası bu gün də davam edir. Ötən həftə Böyükadaya gedərək Mahmud bəyin məzarının şəklini çəkdiyim zaman bir daha mühacir ailələrin qəribə taleyini düşündüm...


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər