İşğaldan azad olunmuş ərazilərə səfərlər üçün marşrutların seçilməsi üçün tender deyil, müsabiqələr təşkil edilir.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, burada avtobusların tutumu, sürücünün kriteriyaları, ehtiyat avtobuslarının təmin olunması, avtobuslarda kondsionerlərin olması və digər məqamlar nəzərə alınır:
"Müsabiqədə səsvermə gizli şəkildə, seçim rəqəmlər vasitəsilə aparılır. Qalib şirkətin adı deyil, rəqəmi açıqlanır. Müsabiqədə 3 şirkət iştirak üçün müraciət etmişdi. Onlardan biri bəzi kriteriyaları qarşılaya bilməyəcəyi üçün iştirakdan imtina etmişdi. Bir şirkət bütün tələbləri qarşıladığı üçün müsabiqədə qalib gəldi".