AMEA-nın növbəti iclasında təklif verildi
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbiri AMEA-nın prezidenti Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. İlk olaraq Fizika İnstitutunun direktoru Nazim Məmmədov və institutun İnnovasiya və Transfer üzrə direktor müavini Ayaz Bayramovun “Fizika İnstitutunda qabaqcıl naziktəbəqəli texnologiyaların inkişafı” adlı məruzəsi dinlənilib.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, məruzədə qeyd edilib ki, son bir neçə ildə institutun müasir təcrübi, nəzəri və texniki bazasının yaradılması və yüksək texnologiyalar üçün yeni materiallar və cihaz strukturları üzrə innovasiya proqramının işə salınması yolunda bir sıra mühüm işlər görülüb. Bu proqram çərçivəsində aparılan elmi araşdırmalar nanotexnologiya, informasiya texnologiyaları və bərpa olunan enerji mənbələri sahələrinə aiddir. Sadalanan bu problemlər ölkə Prezidenti tərəfindən respublikanın inkişafının prioritet istiqamətləri sırasına salınıb.
İşlər Prezident yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə Pilot layihəsinin yerinə yetirilməsi nəticəsində reallaşıb. Bu layihə nəticəsində institutda dünya standartlarına cavab verən, ən müasir texnoloji və tədqiqat avadanlıqları ilə təmin olunmuş İnnovasiya sektoru yaradılıb. Həmçinin, yaxın illərdə alınmış nazik təbəqəli yarımkeçirici materiallar və onların əsasında yüksək effektivli günəş elementlərinin yaradılması perspektivləri haqqında da məlumat verilib.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb və Rəyasət Heyətinin qərarı ilə bəyənilib.
Sonra AMEA-nın vitse-prezidenti İbrahim Quliyev bildirib akademiyanın Elmi Nailiyyətlər Sərgisinin təşkili üzrə komissiya yaradılmalıdır. Təkliflə əlaqədar müzakirədən sonra akademiyanın elmi müəssisə və təşkilatalarında əldə olunmuş nailiyyətlərin daimi fəaliyyətdə olan sərgisinin effektiv təşkili məqsədi ilə Rəyasət Heyəti tərəfindən qərar qəbul edilib.
Sonra çıxış edən AMEA-nın akademik-katibi Rasim Əliquliyev Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (RETƏŞ) yeni tərkibi haqqında danışıb. Şuranın yeni tərkibi Rəyasət Heyətinin növbəti qərarı ilə təsdiq olunub.
Rasim Əliquliyev “Gənclər üçün Prezident Mükafatı”na təqdim olunacaq gənc alimlər haqqında da məlumat verib. Qeyd edib ki, namizədlərin seçiminin növbəti mərhələsini təşkil etmək məqsədi ilə fəaliyyət göstərən Ekspert komissiyası 14 nəfər gəncin qiymətləndirib. Sonra 4 nəfər gənc alim “Gənclər üçün Prezident Mükafatı”na təqdim olunmaq üçün AMEA Rəyasət Heyətinə tövsiyə edilib. Onların namizədliyinin Gənclər və İdman Nazirliyinə təqdim edilməsi qərara alınıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) ABŞ-ın Missuri-Kolumbiya Universitetinin Geoloji Elmlər Departamentinin birgə əməkdaşlığından danışan AMEA Yer Elmlər Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov zəlzələ və yerdəki küy məlumatları əsasında Yer qabığı srtukturunun öyrənilməsində istifadə olunan yeni və perspektivli metodlarla təhlili istiqamətində aparılmış tədqiqatlar haqqında məlumat verib.
Rəyasət Heyəti RSXM və Missuri-Kolumbiya Universitetinin Geoloji Elmlər Departamenti ilə birgə “Yer təkinin seysmotomoqrafiyası” beynəlxalq laboratoriyasının yaradılması haqqında qərar qəbul edib.
NİGAR