18 Yanvar 2022 14:11
2 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ildə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən "hörümçək" sözünün çıxarılıb, "spayder" sözü salınması məsələsi geni müzakirəyə səbəb olub.

Qeyd edək ki, “hörümçək” sözü lüğətdən çıxarılsa da, bu sözdən yaranan “hörümçəkkimilər”, “hörümçəyəbənzər”, “hörümçəyəoxşar” sözləri saxlanılıb.

2021-ci ildə “Elm” nəşriyyatında çapdan çıxan lüğətə 90 minə yaxın söz daxil edilib. Lüğətin elmi redaktoru AMEA-nın həqiqi üzvü Möhsün Nağısoyludur.

"Altun-kitab" nəşriyyatının direktoru, dilçi alim Rafiq İsmayılov Teleqraf.com-a açıqlamasında bildirib ki, lüğətə “hörümçək” sözünün çıxarılıb, "spayder" sözü salınması məsələsini ictimailəşdirəndə heç bir qərəzi olmayıb:

“Çox güman ki, "hörümçək" sözü "spayder" sözü ilə əvəz edilməyib. Yəqin ki, "hörümçək" sözü texniki səbəblərdən düşüb, amma bu, niyə baş verməlidir? Axı bu söz əvvəlki lüğətdə var idi. Yeni lüğətdə bu sözün birdən-birə çıxarılması sual doğurur.

Naşir olaraq ona yaxın lüğət və kitablar çap etdirmişəm. Bəziləri sonuncu orfoqrafiya lüğətindəki qüsuru ictimailəşdirməyimə görə çox aqressiv mövqe tutdular. Bəziləri başladılar alimləri tərifləməyə, bəziləri də kadr çatışmazlığı olduğunu düşündü. Amma burada söhbət işin düzgün təşkil olunmamasından gedir. Fikir versəniz görərsiniz ki, mən sosial şəbəkədə nə şərh, nə də bir emosiya bildirmişəm, sadəcə olaraq faktı göstərmişəm. Yazmışam ki, orfoqrafiya lüğətində "hörümçək" sözünün çıxarılıb, "spayder" sözü salınıb. Yəni deməmişəm ki, bu söz bununla əvəz olunub və yaxud da lüğətin tərtibçilərinə qarşı emosional ifadə işlətməmişəm.

Doğrusu, “spayder” sözünün başqa mənalar kəsb etməyini bilmirdim. Sonradan rus və ingilis dilli saytlara "spayder" sözünün fərqli mənalarda işləndiyini müşahidə etdim. Əslində, bunlar çətin sözlərdir. Fakt budur ki, orfoqrafiya lüğətində "spayder" sözü düşüb. Mən sadəcə ictimaiyyətin, o cümlədən lüğət tərtibatçılarının diqqətini bu məsələyə cəlb etmək istəmişəm. Nədənsə bəziləri buna çox emosional yanaşdılar. Bunu gözləmirdim”.

Alim hesab edir ki, lüğət bir neçə dəfə ələkdən keçiriləndən sonra yaradılmalıdır: “Orfoqrafiya lüğətinin bir-iki adamın öhdəsinə buraxıblar. Təvazökarlıqdan uzaq olsa da, mən lüğətçilik sahəsində bu gün daha çox iş görürəm, nəinki 100 nəfərlik AMEA Dilçilik İnstitutu. Mən “Azleks” izahlı və ikidilli elektron lüğəti yaratmışam, ancaq görüm onlar bir elektron lüğəti ortaya çıxarıblarmı? Yəni dilçilik, xüsusilə leksikologiya sahəsində çox işlər görülməlidir.

Təəssüf ki, bu işləri nəinki görmək, heç necə görmək barədə təsəvvür belə yoxdur. Dilin lüğət korpusu yoxdur. Ermənilər iqtisadi cəhətdən qat-qat bizdən aşağı olsa da, onlar dillərinin 26 milyonluq lüğət korpusunu yaradıblar. Bu necə ola bilər ki, dilin lüğət korpusu olmasın?! Əvvəlcə dilin korpusunu yaratmaq lazımdır, ondan sonra lüğət üzərində işləmək lazımdır. Nə qədər ki, bu yoxdur, həmişə səhvlər, xətalar olacaq. Nəzərinizə çatdırım ki, 2021-ci ildə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə tək qüsur bu deyil, zamanı gəldikcə onları da paylaşacam”.

Rafiq İsmayılov deyir ki, mövzunu davam etdirmək istəməsə də, kitab üzərində işlədiyindən istər-istəməz lüğəti araşdırmalı olur: “Doğurdan da burada səhvlər çoxdur. Sadəcə bu, dilçilərə aid məsələlər olduğu üçün bunları çox qabartmaq istəmirəm. Bir il əvvəl dərslik yazırdım və mənə dilin son orfoqrafik normaları lazım idi. Lüğəti çapdan çıxsa da, satışa verilməyib, hamı üçün əlçatan deyil.

AMEA Dilçilik İnstitutun direktorundan xahiş etdim, sağ olsun, o da lüğətin birini mənə verdi. Məndə bu lüğətin elektron forması da var, ancaq bir çoxu bilmir ki, bunu haradan əldə etsinlər. Əvvəlki lüğətlə müqayisədə sözlər arasında fərq kifayət qədər çoxdur.

Dərslik müəllifiyəm, lüğətin belə olması səbəbindən problemlərlə üzləşirəm. Baxırsan ki, bu gün geniş işlənən hansısa bir söz lüğətdə yoxdur, mən onu dərslikdə yazıram, hansısa müəllim onu başa düşmür. Halbuki kifayət qədər bilinən sözlərdir. Bu zaman irad tuturlar ki, lüğətdə yoxdur, amma müəllif dərsliyə salıb. Niyə çox işlənən söz lüğətdə olmamalıdır?

Bizim izahlı lüğət 40 il bundan əvvəl nəşr olunub. Harada görünüb ki, dilin izahlı lüğəti bu qədər gec dəyişdirilsin?! Hər il dilə yeni sözlər daxil olur, lüğətin həmişə təkmilləşməyə ehtiyacı var. 2000-ci illərin əvvəlində izahlı lüğətə tələm-tələsik yeni sözlər əlavə etdilər, vəssalam.

Bir orfoqrafiya lüğətinin öhdəsindən gələ bilmirlər, çünki izahlı lüğətimiz yoxdur. Əgər "spayder" sözünün qarşısında yazılsaydı ki, bu, üstüaçıq bir maşındır, mən bunu yazmazdım. Əgər yazılsaydı ki, “spayder” (avto) düşünərdim ki, bu, hörümçək deyil, hansı terminə aiddir. “Spayder”in ümumişlək mənası hörümçəkdir. İşin təşkilatçılığı, düzgün prinsiplər və elmi əsaslar üzərində qurulması istiqamətində problemlər çoxdur. Ancaq problemə cəmiyyətin marağını çəkmək üçün gərək başqa məqamları qeyd edəsən”.

Səhvə hansı formada düzəliş olunmalıdır?

Alim hesab edir ki, nə qədər lüğət satışa getməyib, belə hallarda neçə kitab tirajlanıbsa, onları yığıb arxasına düzəliş səhifəsi əlavə etmək olar: “Sovet dövründə belə bir nümunə var idi. Tirajlanan kitablar heyfdir. İndiki çıxış yolunu bunda görürəm.

Əgər məni gətirib gələcək lüğətlərin tərtib olması işinin başında qoysalar, bu işə girişmərəm. Çünki dilin lüğət korpusu yoxdur. Lüğət korpusu dedikdə burada bütün klassik ədəbiyyat külliyyatı, xəbər saytlarında çıxan bütün mətnlər, yəni bütün söz ehtiyatı nəzərdə tutulur. Bu mətnlər bir virtual məkana yerləşdirilir. Tutaq ki, burada 50 milyon dənə söz var. Ancaq 50 milyon o demək deyil ki, bizim yalnız bu qədər sözümüz var. Ola bilsin ki, bizim 80 milyon sözümüz var. Bu 80 milyon sözün biri topalanan mətnlərdə 800 dəfə işlənib. Lüğət tərkibində tutaq ki, qarşımıza “nabədə” və təbaşir” sözü çıxır. Bilmirik ki, bunu “nabədə”, yoxsa “nəbadə” və yaxud “təbaşir” yoxsa, “tabaşir” yazaq.

Hər iki sözü yazıb axtarışa veririk. Məluma olur ki, bizim dilin lüğət korpusunda “tabaşir” sözü 120 dəfə, “təbaşir” sözü isə 7 dəfə işlənib. Bu, sırf statistik yanaşmadır. Bu zaman deyirik ki, insanlar “tabaşir” yazmağa öyrəniblər, gəlin doğru yazılışı elə bu formada götürək.

Ola bilsin “nabədə” sözü 50 dəfə, “nəbadə” sözü də 50 dəfə yazılıb. Bu zaman bu sözün hər iki formada yazılışını məqbul hesab edirik. İngilis dilində də bir sözün iki cür yazılış forması olur. Yeri gəlmişkən, haqqında danışdığımız lüğət kitabında da belə məqamlar var, “məsğərə” sözü “məsğələ” və “masqara” kimi də verilib, yəqin yaddan çıxıb. Bildiyimə görə, lüğət tərtibçilərinin fikri belədir ki, söz yalnız bir cür yazılmalıdır. Bu fikirlə razı deyiləm. Bu mübahisələri həll etmək üçün dilin lüğət korpusu olmalıdır.

Dilçilik dil istifadəçilərinin, real nitqin arxasınca getməlidir. İndikilər oturub diktə etməməlidirlər ki, bundan sonra bu söz belə olacaq. Bu, qəbulolunmazdır. Dilin lüğət korpusunu yaratmaq o qədər də böyük pul tələb etmir. Dilçilik İnstitutu nə işlə məşğul olur, bilmirəm. Yalandan, boş-boş klassik dissertasiyalar nəyə xidmət edir, bunu başa düşmək olmur”.


Müəllif: Yeganə Oqtayqızı