19 Yanvar 2022 16:37
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şuşalılardan xatirə” başlıqlı layihəmizdə üçüncü yazı ata-babaları Şuşadan olan Türkiyənin məşhur fiziki Dilşad Elbrus Talıbxan haqqındadır.

***

18 yanvar 1955-ci il.

İstanbulda Sultan Əhməd meydanında yerləşən Azərbaycan Kültürünü Tanıtma Dərnəyinin binasında azərbaycanlı bir alimin fizika elmi üzrə dosent olması münasibətilə tədbir keçirilib. Törənə Türkiyədə elm aləmində tanınan başqa azərbaycanlı məşhurlar da qatılıblar: Əhməd Cəfəroğlu, Sürəyya Ağaoğlu, Tezer Taşkıran (Ağaoğlu). Yüzə yaxın iştirakçı arasında professor Rəşid Rəhməti Arat, Qarsın sabiq millət vəkili Hüsaməddin Tuğaç və başqaları da olub.

Dosent dərəcəsini alan azərbaycanlı elm adamı isə Qarabağ xanlarının ailəsindən olan şuşalı Talıbxan bəy Talıbxanbəyovun (1859-1920) qızı Dilşad xanım Elbrus idi. Hüseyn bəy Mirzəcamalov haqqında yazdığımız ötən yazıda Cümhuriyyətin işğalından sonra Hüseyn bəyin bacısı və bacısı qızlarını da götürüb mühacirətə getməsindən bəhs etmişdik. Talıbxan bəy öldürüldüyü üçün Hüseyn bəy ailəni qarşılaşacağı faciələrdən xilas etmişdi.

Qeyd edək ki, Talıbxan bəy Azərbaycan Cümhuriyyəti dönəmində Gəncə və Bakı quberniyalarının müxtəlif yerlərində pristav və qəza rəisi kimi çalışıb. Bolşeviklərin ilk qurbanlarından olub.

Bir qədər əvvəl...

Dilşad xanım 1915-ci ildə Bakıda doğulub. Uşaq yaşında ikən alnına mühacirət yazılıb. Dayısı Hüseyn bəy onun milli ruhda yetişməsi üçün azərbaycanlıların İstanbulda təşkil etdikləri tədbirlərə aparıb.

1929-cu ildə Cümhuriyyətin elanının 11-ci ildönümü münasibətilə “Odlu yurd” jurnalının idarəxanasında keçirilən tədbirdəki nitqindən sonra Məhəmmədəmin Rəsulzadəyə bayraq hədiyyə edilib. Jurnal bu barədə hazırladığı məqalədə yazıb: “Bu açılış nitqindən sonra gənclərin hazırladığı bayrağın Məhəmmədəmin bəyə təqdim edilməsi cəmiyyət arasında təsviri mümkün olmayan həyəcanlı anlara səbəb olmuşdu. İpəkdən hazırlanmış bayrağı sinəsinə örtmüş şəkildə rəyasət kürsüsünə doğru gedən Dilşad xanımı Sürəyya xanım təqib edirdi”.

Tarixi gün münasibətilə bacısı ilə birlikdə bayrağı Rəsulzadəyə təqdim edərkən Dilşad xanımın 14 yaşı vardı. Bu mərasimdə Sürəyya xanıma Rəsulzadənin önündə nitq söyləmək nəsib olub: “Möhtərəm Əmin bəy! Bu gün Azərbaycan tarixinin qaranlıq könüllərə istiqlal nurunu səpən, təmiz vicdanlara qurtulmaq imanını təlqin edən ən fəyyaz səhifələrindən biridir. Azəri gənci bu müqəddəs günün yüksəkliyini bütün qəlbi ilə yaşayır. Xain düşmən tam qəlbimizdən vursa da, istiqlal üçün döyünən ürəklərimizi dayandıra bilmədi, dayandıra bilməz də. Bu gün bütün gənclik tək bir müztərib qəlb kimi döyünərək intiqam gözləyir. Onun yeganə qayəsi vətənimizi o qırmızı pəncədən qurtarmaq, onu yenidən müstəqil yaşatmaqdır. Bu gün bayrağımızı məfkurəmizi təmsil edən sizə təqdim edərkən qəlbimiz imanla doludur. Bəli, xain düşmən o sevimli bayrağımızı endirməklə ürəyimizi yaraladı. Fəqət azəri gənci yurdumuzun üzərində sallanan və şərəfsiz zəfərin saxta timsalı olan o qanlı düşmən bayrağını endirəcək, üçrəngli sevimli bayrağını yenidən ucaldacaqdır. O zaman biz də bütün cahana bağıracağıq ki, “Azərbaycan yalnız və yalnız azərilərindir. Yaşasın müstəqil Azərbaycanımız!”.

Bu çıxışdan sonra Rəsulzadə bayrağı Dilşad xanımdan qəbul edib, atəşin alqış sədaları altında bu çıxışı edib: “İstiqlalımızla birgə yaşadığımız məsud gündə “bir dəfə yüksələn istiqlal bayrağı bir daha enməz!” demişdim. İstiqlalımızın məruz qaldığı müvəqqəti fasiləni əbədi çöküş şəklində görən düşmən bu şüarı xor görmüşdü. Sürəyya xanımın istiqlalçı Azərbaycan gəncliyi namına ruhları alovlandıran müqəddəs həyəcanla gətirdiyi bu bayraq onlara verilmiş nə müşküt cavabdır. Vətəndaşlar, ey vətənin idealist gəncliyi, bayrağımız enməmiş, o, imanlı azəri gəncliyinin əlindədir. Çox keçməz ki o əl onu təkrar Azərbaycan üfiqlərində dalğalandırar. Yaşa şanlı bayrağınla, ey Azərbaycan gəncliyi!”

Dilşad xanımın tədbirlərdə aktiv olduğu sonrakı illərdə də mətbuatda çıxan yazılardan aydın olur. “İstiqlal” qəzetindəki məlumatda onun piano ifa etməsi, şeir söyləməsi ilə bağlı bilgilər mövcuddur.

Təhsil və elm həyatı

Dilşad xanım 1931-ci ildə İstanbul Qız Liseyini, 1934-cü ildə İstanbul Universiteti fənn fakültəsi fizika-kimya bölümünü bitirib. Həmin fakültənin Təcrübi Fizika İnstitutunda 27 dekabr 1934-cü ildə assistent kimi elmi fəaliyyətə başlayıb. 5 iyun 1949-cu ildə dissertasiya müdafiə edib, eyni bölümdə 1954-cü ilin noyabrında dosent ünvanını qazanıb. 1957-ci ilin noyabrında İzmirdə Ege Universiteti Tibb fakültəsi Fizika İnstitutuna təyin edilib. O, 11 iyul 1961-ci ildə burada professor ünvanına sahib olub. 14 oktyabr 1961-ci ildə yeni qurulan Ege Universiteti fənn fakültəsi təcrübi fizika kafedrasına təyin edilib. 15 aprel 1969-cu ildə eyni universitetin mühəndislik elmləri fakültəsinə keçib. Sağlamlığında yaranmış narahatlıqla bağlı 1976-cı ildə erkən yaşda təqaüdə çıxıb, İzmirdən İstanbula köçüb, Bağdad prospektindəki evində yaşayıb. Böyük bacısı Sürəyya xanımın oğlu Can Odoğlunu öz övladı kimi böyüdüb. Dilşad xanım məsləkdaşı, fizika professoru Adnan Sokullu (1910-2005) ilə ailə qurub, bir qədər sonra ayrılıblar.

1949-cu ilin yanvar ayının 18-də anası Xeyransa xanım İstanbulda vəfat edib, Feriköy məzarlığında dəfn olunub.

Dilşad xanımın iki kitabı, altı elmi məqaləsi var.

Rus, alman və ingilis dillərini bilən Dilşad xanım müxtəlif tarixlərdə elmi araşdırmalar aparmaq üçün İngiltərə və İsveçdə universitetlərdə uzun müddət çalışıb. Oksfordda yaşayarkən 27 aprel faciəsi ilə bağlı Türkiyədəki yurddaşlarına 1955-ci il 24 aprel tarixli məktub göndərib: “Əziz Azərbaycanımızın vəhşi bir istilaya uğradığı günün ildönümünü dərin bir ələmlə anaraq, içdən bir ürək ağrısı duymaqdayam. Sizlərdən çox uzaqda olmağıma baxmayaraq, qəlbimin sizlərlə bərabər bu böyük matəmimizin kədərini duymaqda olduğunu bu sətirlərlə bildirmək istədim. Tanrım bu vəhşi istilanın daha çox davam etməsini rəva görməyərək, əziz yurdumuzu ən yaxın gələcəkdə istiqlala qovuşdursun!”

Qayıdaq tədbirə.

İstanbulda dosentliyi qazanması münasibətilə baş tutan tədbirin açılışını əslən Gəncədən olan professor Əhməd Cəfəroğlu açıb. Nitqində bunları söyləyib: “1930-cu ildə mənim də müdərris müavini, yəni dosent olmağım münasibətilə bir törən keçirilmişdi. Bu gün bir elm adamı olaraq təqdim etdiyimiz Dilşad xanım o zaman gənc məktəbli qızdı. O zaman o da mənə çiçək gətirmiş, təbrik etmişdi. İndi özünün də o mərhələyə yüksəlməsini görməyimin verdiyi bəxtiyarlıq hissiylə Dilşad xanımı dərnəyimiz və öz adımdan təbrik edirəm, hörmətlə salamlayıram”.

Tədbirdə Süleyman Təkinər, Rəşid Rəhməti, Hüsaməddin Tuğaç və Dilşad xanımın özü də çıxış edib.

Dilşad xanım 11 aprel 1979-cu ildə İstanbulda vəfat edib. Vəfatından sonra yaxın rəfiqəsi Fevziyyə Abdullah Tansel (1912-1988) “Azərbaycan” Kültür Dərgisində xatirələrini yazıb: “Bir dəfə Ankarada bizdə olarkən (4 avqust 1977-ci il) Dilşad xanım məndən qələm-kağız istədi və mənə bir şeir bağışlayacağına söz verdi. Mən ona mane olmamaq üçün dinmədim. O isə xeyli yazdıqdan sonra şeiri mənə verdi. Sonra məlum oldu ki, “Bayrağım enərkən” adlanan bu şeiri Azərbaycan Cümhuriyyətinin banisi Məhəmmədəmin Rəsulzadənin əmisi qızı Ümmügülsüm Rəsulzadə (Sadıqzadə) yazıb. Dilşad xanım bu şeiri Ümmügülsüm xanımda əlyazma şəklində olarkən əzbərləyib, uzun illər hafizəsində saxlayıb və indi də kağıza köçürüb mənə hədiyyə verir”.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər