21 Yanvar 2022 12:09
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

1990-cı ilin qanlı 20 yanvar gecəsindən 32 il ötür. Hər il olduğu kimi, bu il də faciə qurbanlarının əziz xatirəsi yad olunur, müxtəlif tədbirlər, anım mərasimləri təşkil edilir.

Teleqraf.com xəbər verir ki, yanvarın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş musiqi axşamı keçirilib.

Anım mərasimində mədəniyyət naziri Anar Kərimov, mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak edib.

Konsertdən öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra konsert proqramı təqdim edilib.

Konsert proqramında Azərbaycan bəstəkarlarının yaradıcılığından vətənpərvərlik ruhu aşılayan musiqi nümunələri yer almışdı. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor: Xalq artisti Rauf Abdullayev) ilk olaraq Azər Rzayevin “Bakı 90” simfoniyasını ifa etdi. Sonra Aqşin Əlizadənin “Babək” baletindən fraqmentlər və Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Adajio” orkestr tərəfindən böyük məharətlə səsləndirilib.

Konsert proqramı Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər: Xalq artisti Gülbacı İmanova) ifasında Qara Qarayevin “Zamanın bayraqdarı” əsərinin səsləndirilməsi ilə başa çatıb.

Anım gecəsində təqdim olunan musiqi əsərləri 32 il öncə ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canından keçən Vətən övladlarının unudulmaz xatirəsinə ehtiramın ifadəsi idi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər