21 Yanvar 20:54
266

Şimali Kipr Türk Respublikasının ilk ali təhsil ocağı olan Girnə Amerikan Üniversiteti qurucu rektoru və universitetin idarə heyətinin sədri, Beynəlxalq Diplomatlar Birliyinin (DMW Diplomats Internationa) vitse-prezidenti Sərhat Akpınar önəmli bir qərara imza atıb. Bu qərara görə, İkinci Qarabağ müharibəsi şəhidlərinin və qazilərinin övladları universitetin müxtəlif fakültələrində ödənişsiz əsaslarla təhsil ala biləcəklər.

Bu barədə Teleqraf.com-a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib.

Girnə Amerikan Universitetinin 35 ildir Şimali Kipr Türk Respublikasında və 6 fərqli ölkədə uğurla fəaliyyət göstərdiyini deyən diaspor sədri bildirib ki, eyni zamanda Kıbrıs Amerikan Universitetinin də qurucusu olan Sərhat Akpınar təkcə ikinci Qarabağ müharibəsi zamanı deyil, hər zaman Azərbaycanın haqlı səsini müdafiə edib və ölkəmizin lobiçilk fəaliyyətinə dəstək olub.

Orxan Həsənoğlu onu da vurğulayıb ki, Sərhat Akpınar və rəhbərlik etdiyi ali təhsil ocaqları Şimali Kiprdə azərbayacanlılara daima isti münasibət sərgiləyib, soyadışımız olan tələbələrə diqqət göstərib.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri hər iki universitetin qurucusu Sərhat Akpınarın sözügedən qərarını elan edərkən ölkəmiz haqqında səsləndirdiyi fikirləri də xatırladıb:

“Azərbaycan bizim üçün çox əhəmiyyətli ölkədir. Orada qardaş xalqımız və ölkəmizi sevən çox sayılı dostlarımız var. Biz də Şimali Kiprdə dövlətimizin müstəqilliyi üçün böyük mübarizələr aparmışıq. Vətənimizin müdafiəsində çətin günlər yaşamışıq. İkinci Qarabağ müharibəsi gösdərdi ki, Azərbaycan böyük dövlətdir. Onun prezidenti İlham Əliyev ədalətl və güclü dövlət adamıdır. Azərbaycan xalqı iradəlidir. Girnə Amerikan Universiteti olaraq Azərbaycanın müharibədə aldığı yaraları sarmaq üçün biz də öz varlığımızı, qardaş xalqın yanında olduğumuzu bir daha ifadə etmək istəyirik. Şəhid və qazi ailələrinin övladlarının Girnə Amerikan Universitetində ödənişsiz əsaslarla təhsil almaları üçün qrant(burs) təklif edirik. Onların övladları bizim də övladımız sayılır. Qlobal bir dünyada yaşayırıq. Girnə Amerikan qlobal bir ailədir. Bizim təhsil ocağı onların üzünə açıqdır”.

Qeyd edək ki, Girnə Amerikan Universitetində təhsil almaq arzusunda olan şəhid və qazi övladları orhanhasanoglu@gau.edu.tr ünvanına elektron məktub ünvanlayaraq tələb olunan sənədləri təqdim edə bilərlər.


Müəllif: Teleqraf.com