21 Yanvar 2022 22:13
1 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nuru paşanın Xəlicdəki hərbi sənaye zavodunda işə başladım”

“Şuşalılardan xatirə” layihəmizdə budəfəki yazı II Dünya müharibəsində əsir düşən, Azərbaycan legionunda fəaliyyət göstərən, Topçubaşovun ailə üzvləri ilə görüşən Kərrar Heydər oğlu Ələsgərov haqqındadır.

***
Kərrar Heydər oğlu Ələsgərov 1918-ci ildə Şuşada doğulub. Ağdamdakı mexanika məktəbini bitirib, oradakı MTS-də mexanik işləyib. 1938-1939-cu ildə müharibəyə gedib. Polşa və Finlandiyada vuruşub. Almanlara əsir düşüb, 1957-ci ildə Azərbaycana qayıdıb. “Əski müsavatçılar cəmiyyəti”nin ağsaqqallarından olub.

Mühacirətdə ikən ailə həyatı qurub, oğlu Rüstəm 1943-də Drezdendə, qızı Tərlanə 1946-da Romada, daha bir qızı Məleykə (1951) və oğlu Rəşid (1955) Şanxayda doğulublar.

N.Yaqublu Fətəlibəyli ilə bağlı kitabında yazıb: “1994-cü ildə Ə.Fətəlibəylinin yaxın dostu, müharibədə mühafizəçisi olmuş Kərrar Ələsgərov ilə onun doğma kəndi Düdəngəyə getdik. Ə.Fətəlibəylinin yaşadığı evə xatirə lövhəsi vuruldu.

K.Ələsgərov yerə əyilib torpağı öpdü və dedi: “And içmişdim ki, sağ-salamat Vətənə qayıtsam, gedib Abo bəyin evini ziyarət edəcəyəm və onun doğulduğu torpağı öpəcəyəm”.

***

1993-cü ildə “Əski müsavatçılar cəmiyyəti”nin sədri Fuad Zeynallıya verdiyi müsahibəsində Kərrar bəy müharibəyə getməsindən, legionda iştirakından, digər mühacirlərlə görüşməsindən bəhs edib:

“Leninqrad hərbi məktəbini bitirmişdim ki, İkinci Cahan müharibəsi başlandı və 1941-ci ilin sentyabrında almanlara əsir düşdüm. Almanlar bizi yüz minə qədər əsir topladıqları Keninqsbergin “Telzit” hərbi düşərgəsinə və oradan da yalnız azərbaycanlıları ayırıb “Şelezi” düşərgəsinə apardılar. Burada Azərbaycan və rus dillərində sərbəst danışan alman zabitləri bizimlə müəyyən təlim keçdikdən sonra, Bavariyanın Berqman (dağlı) hərbi hissəsinə gətirdilər. Burada bizi dağ şəraitində döyüşə hazırlayırdılar.

1942-ci ildə M.Rəsulzadə, keçmiş Türkiyə hərbi ekspedisiya korpusunun komandanı Nuru paşa, ADR-in Maliyyə naziri olmuş Əbdüləli bəy Əmircanovun oğlu Fuad bəy Əmircan, qızı Məryəm xanım, bacısı oğlu Məmməd Əmircan, kürəkəni Əbüzziya, mühacirətdə olan Müsavat partiyasının nümayəndələri bizim hissəyə tez-tez gəlir, milli hərbi hissələrin yaranma səbəblərini və vətənin azadlığı üçün zəruriliyini izah edir, bizə əhəmiyyətli, mühüm məsləhətlər verirdilər. Berlində Azərbaycan dilində qəzet nəşr etdirirdilər…

Artıq Azərbaycan legionunda 7 mindən çox döyüşçü vardı və “Aslan”, “Qorxmaz”, “Dönməz”, “Vətən” və başqa hissələrdən ibarətdi. Bütün bu hissələr Qafqazın Sovetlərdən azad edilməsi üçün qəhrəmancasına vuruşurdular. Qafqaz xalqları bizim hissələri özlərinin xilaskarı kimi sevinclə, fərəhlə qarşılayırdılar.

Ağsaqqallar qarşımıza çıxır, bizə xeyir-dua verirdilər. Sovet hərbi hissələrindən bizə çoxlu döyüşçü qoşulurdu. Mozdoka daxil olub mühüm strateji əhəmiyyətli Elbrus və Kazbek yüksəkliklərini tutduq. Lakin almanların Volqa və Stalinqrad döyüşlərindəki məğlubiyyətləri nəticəsində biz də geri çəkilib Krımın müdafiəsini möhkəmləndirməyə çalışırdıq. 1943-cü ilin yayında komandanlıq məni Drezdenə hərbi məktəbə göndərdi. Elə bu vaxt Berlində milli komitəmizin qərargahı yaranmışdı və payızda Azərbaycan hökuməti və parlamenti seçildi. Hökumətin başında Fətəlibəyli Düdənginski, müavini Fuad bəy Əmircan, hökumət üzvləri Əli bəy Abbasbəyov, İsrafil bəy İsrafilbəyov (Əli bəy və İsrafil bəy İtaliyada, Fətəlibəyli isə Almaniyada müharibədən sonra DTK tərəfindən qətlə yetirilmişlər), professor Cabbar Əliyev və b. daxil idi. Alman hökuməti bizim mühacir hökuməti tanımış və xarici işlər naziri Rozenberqin imzaladığı bu mühüm sənədlər İsveçrəyə göndərildi. Drezdendə hərbi məktəbi bitirib Fransanın cənubundakı legionumuzun qərargahına gəldim.

1944-cü ildə Novruz bayramı ərəfəsində Parisdə Əlimərdan bəy Topçubaşovun qızı Sara xanım özü üçrəngli bayraqlarımızı tikib mənə verdi.

Bayraqları gətirib legionerlərimizin təntənəli mərasimində komandanlığa təqdim etdim. Bu təntənədə Ceyhun bəy Hacıbəyli öz ailəsi ilə, Hacı Zeynalabdin Tağıyevin qızı Leyla xanım, Əli Əşrəf Kürdəmirli, milyonçu Əli bəy Hacınski və b. iştirak edirdilər. Bundan sonra əsgərlərimiz sol qollarında vətənin bu üçrəngli simvolunu tikdirdilər. Az sonra Fətəlibəyli məni özünə şəxsi adyutant təyin etdi.

Müharibədən sonra onunla İtaliyaya gedib öz legion hissələrimizi bitərəf ölkələrə keçirməyə başladıq… 1947-ci ildə kral Farukun əmisi oğlu prens İbrahim İtaliyaya gəlib azərbaycanlılara çox böyük yardım göstərdi və Fətəlibəyliyə özü ilə Misirə getməyi təklif etdi. Lakin nədənsə Fətəlibəyli razılıq vermədi. O da bir neçə həmvətənlərimizi Misirə apardı.

Mən isə türk qəzetçisi Əbüzziyanın köməkliyi ilə İstanbula gəldim və Nuru paşanın Xəlicdəki hərbi sənaye zavodunda işə başladım. İstanbulda olarkən daim Əbdüləli bəy Əmircanovun evində olurdum, Onun xanımı Səltənət xanım “yeni” azərbaycanlı mühacirlərə həqiqi ana, evləri isə Vətənimiz Azərbaycan idi. O böyük vətənpərvər ailə hər cür səcdəyə layiqdir!

Ailəm İtaliyada qaldığından 1948-ci ildə yenidən oraya qayıtdım və Fətəlibəylinin məsləhəti ilə ailəmi götürüb Çinə getdim. Şanxay şəhərində işləyib yaşayırdım. Xruşşovun hərbi əsirlərə verdiyi amnistiyadan ruhlanıb 1957-ci ildə dörd uşağımla Vətənə qayıtdım”.

Türkiyə arxivlərində Kərrar bəyin jurnalist, müharibə əsirlərinin dostu, Azərbaycan Cümhuriyyəti Maliyyə naziri Əbdüləli bəy Əmircanın kürəkəni Ziyad Əbüzziyaya göndərdiyi məktub mövcuddur.

Məktubunda K.Ələsgərov yazıb:

“Əziz möhtərəm Valiyə xanım və Ziyad bəy əfəndim. Sizlərə Azərbaycanın ulu hörmət və salamını yetirirəm!
Hörmətli Ziyad bəy əfəndim. 1992-ci ildə Türkiyənin “Zaman” qəzetində yazdığınız… yazıdan sizin sağ-salamat olmağınızı öyrəndim və şad oldum. Çalışdım sizə məktub yazım, ünvanınızı bulamadım.

Şükürlər olsun ki, 50 ildən sonra Fuad bəy və Valiyə xanımı Vətəndə görmək mənə qismət oldu. Çox sevindim.
Möhtərəm Ziyad bəy əfəndim. Valiyə xanım, Fuad bəy sizdən mənə məlumatlar verdilər. Sizə, ailənizə xoşbəxt, hamınıza səadət, uzun ömür diləyirəm.

Vaxtilə sizin mənə etdiyiniz yaxşılıqları unutmaram. Çox təşəkkür edirəm. Böyük arzum sizləri bir də görmək istəyərdim. İndilik bu çox çətindir, elimizdə müharibə davam edir, inşallah yaxında bu qanlı qırğın sona çatar, o zaman görüşərik. 75 yaşında yenidən vətən azadlığı uğrunda mübarizəyə qoşulmam gərək!

Bəyəfəndim ünvanımı yazıram. Vaxt tapsanız, bir neçə kəlmə yazsanız, çox şad olardım.
Sizin Kərrar”

Arxivdə Ziyad bəyin Kərrar Ələsgərova yazdığı və böyük ehtimalla göndərə bilmədiyi bir məktub da mövcuddur. Məktubdan anlaşılır ki, K.Ələsgərov keçmiş silahdaşlarını xəbər alıb.

Məktubdan bəzi hissələr:
“Çoxdandır yenə xəbər ala bilmədim. İnşallah sağlığınız yerindədir. Azərbaycanda meydana gələn vəziyyət məni fəna halda üzür… İstər Azərbaycana, istərsə də digər Türk cümhuriyyətlərinə gələ bilmək və ana yurdu qarış-qarış ziyarət etməyi çox istəyərdim. Amma nə çarə ki nəinki səyahətə çıxa bilmək, evdən çölə çıxmaz hala gəldim. Biz ailəcə XII əsrdə Xorasandan Anadoluya köç edən Şərəflu aşirətinə mənsubuq. O illərdə Xorasan və civarı bugünkü kimi İran sərhədləri daxilində deyil, Türk xaqanlarının idarəsində idi və xalis Türk vətəni idi. Sizə Cabbarın adresini və telefonunu verirəm…

Cabbara sizinlə görüşdüyümü söylədim və adresinizi yazdım. Cabbar evlidir, iki uşağı var. Onları da evləndirdi. Bir neçə il əvvələ qədər müəllimlik edirdi. İndi təqaüddədir. Sizə Cabbarın xatiratını yazdığını bildirmişdim. Kitabını bitirdi, bugünlərdə çapa verəcəyəm. Sizə ötən məktubumda başından keçən macəraları təfərrüatı ilə yazmanızı rica etmişdim. Belə bir əsəri kiril əlifbası ilə də, latın əlifbası ilə də yazsanız, mən burada Türkiyə türkcəsinə çevirtdirərəm.

Yazınızın azəri dili ilə olmasının heç bir zərəri yoxdur. Sizə Cabbarın kitabının fihristinin surətini yollayıram. Hərb illərinin böyük macərasını ən çox siz yaşadınız. Türklərin bu qorxunc illərdə nələr çəkdiyini gələcək nəsillərə bildirmək, ancaq bunları yaşayan sizin kimi qazilərin xatirələri ilə qabil olacaq. Hələ sizin Türkiyədən Mancuriyaya getdikdən sonra Mancuriyadan Şanxaya enişiniz, Türkiyə konsulu Kenanoğluna ilticanız, ondan sonra da təkrar Azərbaycana qovuşana qədər başınızdan keçənlər son dərəcə önəmlidir. Kitabı nəşr edənlər, təbii ki, müəllif haqqını da verirlər. Siz bütün təfərrüatı ilə belə bir şey yazarsanız, bunu ayrıca almanca, fransızca və ya ingilizcəyə də tərcümə etdirərək oralarda kitab halına gətirməyə çalışaram. Sizlərə daha sıx məktub yazmamağımın səbəbi Türkiyədən Azərbaycana gedən məktubların hələ də Moskvadan keçməsi və əksərən məktubların qeyb olması üzündəndir. Bu məktubu da əldən göndərmək yollarını axtaracağam.

Sizi Regio Emiliya düşərgəsində ziyarətim əsnasında çəkdiyim rəsmlərdən bir dəst göndərirəm. Onların arasında tanıdıqlarınız varsa, isimlərini mənə bildirməyinizi rica edirəm. Yenə o illərdə İsveçrəyə getdiyim zaman Sen Gal düşərgəsində azəri Əflan Muğanın idarəsində olan qaçqınların da orada çəkdiyim rəsmlərini yollayıram. Ola bilər ki, bunlardan da tanıdıqlarınız vardır.

Ayrıca keçmiş Selametçilər quruluşunun başqanı Zeynallı bəyə də bu rəsmlərdən yollayıram. Zira onun vasitəsilə müxtəlif azərilərdən bəzi qaçqınları tanıyıb-tanımadığını soruşurlar. Bu rəsmlər sayəsində ailələr itmiş əqrəbalarını tapa biləcəkləri düşüncəsindəyəm.

Kitab yazmanız xüsusundakı ricamı yaxşıca düşünərək qərarınızı bildirmənizi xüsusilə gözləyirəm.
Sevgi və hörmətlə gözlərinizdən öpürəm”.

Kərrar bəy o illərdə işğal edilmiş yurdu haqqında belə demişdi: “Almaniyada, İtaliyada, Çində, digər ölkələrdə yaşayırdım. Fəqət heç yerdə özümü Vətənimdə olduğum qədər xoşbəxt hiss etmədim...

Vətənim Azərbaycanı azad görmək üçün çoxlu müsibətlərə dözmüşəm, lakin ana yurdum Şuşanın əldən getməsi mənə əzab verir. Sanki yaşamağa hüququm yoxdur. Vuruşmaq istəyirəm. Cavanlığımda Sovet imperiyası ilə vuruşmuşam, qocalığımda erməni dığaları ilə savaşa hazıram”.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər