Bu gündən Azərbaycanda COVID-19 xəstələri ilə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi ilə bağlı yeni qayda qüvvəyə minib.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov yanvarın 22-də qərar imzalayıb.
Qərara əsasən “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə qaydaları”na dəyişiklik edilib. Belə ki, karantin müddətində təmasda olan şəxsdə yoluxucu xəstəliyin simptomları aşkar edildikdə, həmin şəxs laboratoriya müayinəsindən keçiriləcək. Müayinənin nəticəsi pozitiv olduqda, həmin şəxs müalicəyə cəlb olunacaq.
Qərarla daha bir bənd isə ləğv edilib:
"Yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu qaydaya uyğun olaraq həyata keçirilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağan idi".