20 Noyabr 2014 10:25
1 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Brüsseldə Avropa Komissiyasının ofisində 6 ölkənin (Ukrayna, Moldova, Belarusiya, Azərbaycan, Gürcüstan, Ermənistan) Avropa Şərq tərəfdaşlıq layihəsi çərçivəsində “Torpaqların konsalidasiyası” (Əkin sahələrinin birləşdirilməsi) mövzusunda beynəlxalq toplantı keçirilib. Tədbirdə əsasən iqtisadiyyat və kənd təsərrüfatı üzrə hökumət rəsmiləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Azərbaycanı bu tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun nümayəndələri təmsil edib. Qeyri-hökumət təşkilatı nümayəndəsi olaraq isə İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar sahə üzrə eksperti Vahid Məhərrəmov bu tədbirə qatılıb.

“Parçalanmış torpaqları birləşdirək!”

Vahid Məhərrəmovun bildirdiyinə görə, tədbirdə əsasən əkin sahələrinin birləşdirilməsi istiqamətində mövcud problemlər sadalansa da, tədbirin ikinci hissəsində problemdən çıxış yolları barədə fikir və mülahizələr də irəli sürülüb. Onun sözlərinə görə, əsas məruzəçi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı olan FAO-nun nümayəndəsi olub ki, o, çıxış edərək postsovet ölkələrində olan torpaqların fraqmentasiyası - parçalanması, pay edilməsi, kolxozların hansı şəraitdə ləğv olunması prosesi barədə çıxış edib: “Əsasən bu mövzuya önəm verildiyi üçün mən iradımı bildirdim ki, burada əyləşənlər o prosesin necə getdiyini yaxşı bilir, problemdən çıxış yolu üçün nə təklif edirsiniz? Nümayəndə bildirdi ki, tədbirin ikinci hissəsində bu barədə danışılacaq. Təəssüflər olsun ki, ikinci hissədə də problemdən çıxış yoluna az yer verildi, amma müəyyən qədər aydınlıq gətirildi”.

“Sadə mexanizm lazımdır”

Ekspert hesab edir ki, böyük həcmdə maliyyə vəsaiti sərf etmədən kiçik pay torpaqları almış sahibkarların bir arada birləşməsinə nail olmaq üçün əsaslı tədbirlərin görülməsinə ehtiyac var: “200 ildən çoxdur ki, Avropa ölkələri bu sahədə mübarizə aparır və çıxış yolunu tapdığı üçün onlarda əkin sahələrinin boş və istifadəsiz qalması halları baş vermir. Avropa Komissiyanın nümayəndəsi məlumat verdi ki, bir sıra stimullaşdırıcı tədbir həyata keçirilib, o cümlədən bu sahəyə müəyyən həcmdə maliyyə vəsaiti ayrılıb. Sudan istifadə zamanı konsolidasiya olunmuş təsərrüfatlara üstünlük verilməsi, onların məhsulunun satışına, reklamına dəstəklə fermerləri konsolidasiyaya həvəsləndirmək mümkün olub. Fransa nümayəndəsi çıxış edərək bildirdi ki, qanunvericilik bazasında dəyişiklik yaratmaqla mülkiyyətin müqəddəsliyini hər bir dövlət tanımalıdır. Kimlərsə torpaq sahələrini uzun müddətə icarəyə verərsə, torpağın satışını həyata keçirərsə, yaxud təsərrüfatlarını birləşdirərsə, ortaya çıxan bürokratik əngəllər qanunla tənzimlənməlidir, sənədləşmə sadə yolla həyata keçirilməlidir”.

Azərbaycanda torpağın bazar qiyməti mövcud deyil

Azərbaycanda mövcud vəziyyətə gəlincə, ekspert bildirdi ki, ölkəmizdə elə pay torpaqları var ki, çox kiçik hissələrə bölündüyü üçün icarəyə götürmək mümkün deyil: “Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahələri azlıq təşkil edir. Üstəlik də bu sahələrin bir hissəsi ya təyinatı üzrə istifadə olunmur, ya da ümumiyyətlə, istifadəsiz qalıb. Digər bir problem odur ki, Azərbaycanda torpağının bazar qiyməti formalaşmayıb. Rayonlarda bir-birindən kəskin fərqlənən qiymətlər var. Torpaqların konsolidasiyasına sahibkarlar hazır deyil. Biri öz torpağını real qiymətə uyğun təklif edirsə, digəri sui-istifadə edib, baha qiymət deyir. Bu uyğunsuzluq da problemlər yaradır”.

“Bu torpaqda nə iş görmək olar?”

Kifayət qədər məhsuldar olan torpaq sahələrinin dövriyyədən çıxarıldığını deyən V.Məhərrəmov bildirdi ki, bu barədə statistik məlumatlar yoxdur: “Torpaq və Xəritəçəkmə Komitəsi bu barədə məlumat verməlidir ki, nə qədər pay torpağının neçə min hektarı dövriyyədən çıxarılıb. Torpaq ərazilərinin xəritəsi çıxarılmalıdır və müəyyən edilməlidir ki, ölkədə pay torpaqları sahəsində kiçik, ortaölçülü və böyük ərazilər nə qədərdir? Məsələn, nə qədər torpaq sahəsi 1 hektardan 10 hektara, nə qədəri 10 hektardan 20 hektaradəkdir. Yaxud sahibkarların nə qədərinə ailə üzvünün sayına görə 20 sotadək pay torpağı verilib? Bu rəqəmlər kateqoriyalara bölünüb, statistik məlumatlar hazırlansa, kiçik sahəli torpaqların neçə faiz təşkil etməsi müəyyənləşər. O zaman qərar vermək olar ki, kiçik sahəli pay torpaqlarında hansı fəaliyyətlə məşğul olmaq mümkündür? Təsəvvür edirsiniz elə pay torpağı var ki, eni 60 santimetrdir, uzunluğu 700 metrdir. Bu sahədə kəndli nə iş görə bilər? Ölkənin ərzaq təhlükəsizliyinin təminatı üçün bu suallar cavabını gözləyir. Bu informasiyalar Kənd Təsərrüfatı Nazirliyində də olmalıdır, amma ictimaiyyətə açıqlanmır. Elə ərazi var ki, ümumi sahəsi 2-3 hektardır. Belə bir yerdə taxıl əkini səmərəli deyil. Ora taxıl biçini üçün kombayn gətirtmək baha başa gələn prosesdir. Bunu torpağın sahibi anlamaya bilər, bu məsələlərə mütəxəssis yanaşması olmalıdır ki, sonradan ziyana məruz qalmayaq. Yaxşı olar ki, fermerlər belə yerdə digər kənd təsərrüfatı ilə məşğul olsunlar”.

“Sənəd hazırlanmalıdır”

Ekspert dedi ki, torpağın keyfiyyəti, təyinatı, torpaqdan istifadə, torpaqların konsolidasiyası ilə bağlı çox ciddi sənədin hazırlanmasına ehtiyac var: “Elə kəndlər var ki, orda əhali sayı həddən artıq çoxdur, ərazisi isə azdır. Deməli, orada kənd təsərrüfatının elə sahəsi ilə məşğul olmaq lazımdır ki, əməktutumlu olsun. Qonşu ölkələrdə Azərbaycandan fərqli olaraq, əmək resursu problemi var, bizdə isə əksinə, işçi qüvvəsi üstünlük təşkil edir. Ona görə də torpağın keyfiyyəti, təyinatı, torpaqdan istifadə, torpaqların konsolidasiyası ilə bağlı təhlillər aparılıb, dövlət proqramı hazırlanmalıdır”.

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər