Azərbaycan Xalça Muzeyində "Azərbaycan Xalçaları Gürcüstan Milli Muzeyindən" adlı kataloqun təqdimat mərasimi keçirilib.
Mərasimdə çıxış edən nazir müavini Sevda Məmmədəliyeva bildirib ki, Azərbaycanın və Gürcüstanın mədəniyyəti və tarixi əsrlər boyu qarşılıqlı əlaqədə olub. "Azərbaycan Xalçaları Gürcüstan Milli Muzeyindən" adlı kataloqun bunun parlaq nümunəsi olduğunu deyən nazir müavini əvvəlcə muzey barədə məlumat verib:
"Bu gün Azərbaycan xalçalarının bir çox dünya muzeylərində Qafqaz xalçaları adı ilə təqdim edildiyi halda, məhz Gürcüstan Milli Muzeyi Azərbaycan xalçalarının milli mənsubiyyətini qoruyaraq nümayiş etdirən bir muzeydir. 1865-ci ildə, Gürcüstanda Qafqaz muzeyi təsis olunandan sonra, muzeyin rəhbərliyi Qafqaz xalqlarının maddi mədəniyyəti sahəsində etnoqrafik materialların toplanmasını prioritet istiqamət kimi elan etmiş və təbii ki, xüsusi diqqət xalça məmulatlarına yönəlib. Azərbaycan xalçasının isə dünyada özünəməxsus yeri və şöhrəti olduğundan, bu istiqamətdə məhz Azərbaycanla bağlı çoxlu materiallar toplanıb. Böyük tarixi inkişaf yolu keçən Azərbaycan xalçaları bu gün də elm kimi öyrənilir, tədqiq olunur. Azərbaycan xalılarının sorağı dünyanın ən məşhur saraylarından, muzeylərindən gəlir".
Qeyd edək ki, kataloqun hazırlanmasında müəlliflər-Gürcüstan Milli Muzeyinin baş kuratoru Eldar Nadiradze, Nodar Axalkatsi, M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva, elmi redaktoru Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyevanın müstəsna rolu vardır. Kataloq və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstandakı Nümayəndəliyi (SOCAR) dəstəyi ilə nəşr edilib.
Nərmin