Bakıda fəaliyyət göstərən “Star City Construction” MMC-yə verilmiş 16.07.2018-ci il tarixli, 296 saylı sərəncam qanunsuz, əsassız olaraq ləğv edilib.
Teleqraf.com şirkətin müraciətini olduğu kimi təqdim edir:
"Bildiririk ki, uzun illərdir ki, Bakı şəhərində hündürmərtəbəli binaların inşası ilə məşğuluq. Peşəkar işçi qüvvəsi, inşaat komandası formalaşdırmışıq, müxtəlif firma adları altında çoxsaylı yaşayış kompleksləri inşa etmişik. O cümlədən, pilot layihələr çərçivəsində bir neçə layihəni uğurla icra etmişik.
Göstərilənləri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli, 25 fevral 2016-cı il tarixli “Bakı Şəhər Nərimanov rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi barədə” qərarını rəhbər tutaraq, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı Abdin Fərzəliyevin 296 saylı, 16 iyul 2017-ci il tarixli “çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsini və yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, 4,44 ha torpaq sahəsi “Star City Construction” MMC-nin daimi istifadəsinə verilmişdir.
Göstərilən sərəncamdan sonra, “Star City Construction” MMC tərəfindən ərazini layihələndirilmə-planlaşdırma işlərinə başlanılmış və ərazinin tikinti-planlaşdırma eskizi və izahat yazısı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb, təsdiq edilmişdir.
O cümlədən, tərəfimizdən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə danışıqlar apararaq böyük bir qismi ilə ilkin razılaşmalar əldə edilmiş, bir neçə mənzil alqı-satqı yolu ilə alınmışdır.
Bundan başqa, dövlət orqanlarından müvafiq icazələrin, lisenziyaların alınması, yaşayış kompleksinin eskiz və işçi layihəsi hazırlanaraq tərtib edilməsi, yer səthinin geoloji xüsusiyyətlərinin öyrənilməsi və müvafiq ekspertiza işlərinin aparılması işləri ilə məşğul olarkən, 2019-cu ildə “Ailə Park” MTK adlı bir şirkət meydana çıxdı ki, bəs eyni ərazi həm də onlara ayrılmışdır. Lakin onlar tərəfindən heç bir hüquqverici sənəd təqdim edilməmişdir. Tərəfimizdən Nərimanov Rayon və Bakı Şəhər İcra Hakimiyyətlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinə çoxsaylı, rəsmi müraciətlər etsək də, bu günə qədər bizə heç bir rəsmi cavab verilməmişdir. Daha sonra, möhtərəm Prezidentə və digər rəsmi şəxslərə çoxsaylı müraciətlər edildikdən sonra, bəlli oldu ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11.03.2020-ci il tarixli, 55 saylı sərəncamı ilə ərazi onlara ayrılmışdır və bəlli oldu ki, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən bizə heç bir xəbərdarlıq edilmədən, hər hansı formada məlumat, bildiriş verilmədən, hər hansı irad tutmadan 01.10.2018-ci il tarixli, yeni 356 saylı sərəncamı ilə şirkətimizə verilmiş 16.07.2018-ci il tarixli, 296 saylı sərəncamımızı qanunsuz, əsassız olaraq ləğv etmişdir.
Biz bir sahibkar, iş adamı olaraq, yaşadığımız şəhəri abadlaşdırmaq, gözəlləşdirmək, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmaq, ölkəmizə, yaşadığımız şəhərə töhfə vermək məqsədi ilə, xarici sərmayədarları cəlb etmişik, ölkəyə külli miqdarda sərmayə gətiməklə tərəfimizdən də xeyli vəsait xərcləməklə layihəni uğurla başa vurmağı planlaşdırdığımız halda, Nərimanov Rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən biz aldadılmışıq, hüquqlarımız kobud şəkildə pozulmuşdur. Hazırda bizə heç bir yeni yer təklif edilmir, hər hansı şərait yaradılmır, bizə sərəncamla ayrılan ərazidə başqa tikinti şirkəti tikinti işləri aparır. Rayon rəhbərliyi tərəfindən yol verilmiş kobud, ciddi səhv düzəldilmir, dəfələrlə Nərimanov Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına etdiyimiz rəsmi, yazılı müraciətlər belə cavablandırılmır.
Hazırda “Ailə Park” MTK adlı tikinti şirkəti həmin ərazidə söküntü-tikinti işləri aparmaqdadır. Halbuki həmin ərazidə tikinti işləri aparmağa “Ailə Park” MTK-nın səlahiyyəti yoxdur. Başqa ərazidə iş aparılması üçün verilmiş xüsusi nişanı vardır, xüsusi nişanın Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrində tikinti işləri aparılması hüququ yoxdur".