COVID-19 pandemiyası ümumbəşəri bəladır, onu üçüncü dünya müharibəsi ilə müqayisə edirlər. Çünki 5 milyondan çox insanın ölümünə səbəb olub. Bu gün dünyada həm milli, həm regional, həm də qlobal səviyyədə bu bəla ilə mübarizə aparılır.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun sözlərinə görə, pandemiya ilə mübarizədə Azərbaycanın uğurları kifayət qədər çoxdur:
“Bunu Ümümdünya Səhiyyə Təşkilatı da qəbul edib. Ancaq prosesdə tam qələbə çalmağımız üçün vətəndaşların üzərinə böyük məsuliyyət düşür. İlk növbədə bu sahə üzrə mütəxəssislərin verdiyi tövsiyələrə əməl etmək lazımdır. Dövlətimizin bu istiqamətdə konkret siyasəti var. Həmin siyasətdən irəli gələn tələbələrin icra edilməsi çox vacib, məsuliyyət tələb edən məsələdir”.
Elman Nəsirovun sözlərinə görə, vaksinin təsir gücü 6 ay müddətində nəzərdə tutulub və müddət başa çatdıqdan sonra növbəti vaksin vurulmalıdır: “Bütün bunlar hamısı vətəndaşımızın sağlamlığı ilə bağlı məsələlərdir. Mən bir daha vətəndaşlarımıza müraciət edirəm, hər biriniz özünüzün və doğmalarınızın, yaxınlarınızın, xalqımızın sağlamlığı naminə gedin, həyatınızı qoruyun, peyvəndləmə prosesini davam etdirin. Nəticə etibarilə, gəlin, bu bəladan da daha az itkilərlə çıxmış olaq. Hər gün pandemiyadan minlərlə insan dünyasını dəyişir. Yeganə çıxış yolumuz peyvəndləmədə aktiv iştirak etmək, bu sahədəki tövsiyələrə əməl etməkdir”.