20 Noyabr 2014 14:28
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Hərb Tarixi Muzeyində Avropa müqavimət hərəkatının iştirakçısı Cavad Ataxəlil oğlu Həkimlinin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, muzeyin rəisi Əzizağa Qənizadə qeyd edib ki, Azərbaycan xalqının qəhrəman övladı, Avropa müqavimət hərəkatının əfsanəvi iştirakçılarından biri olan Cavad Həkimlinin qəhrəmanlıqla dolu həyat yolu Vətənimizin hər bir övladı üçün nümunədir.

C.Həkimli Vətəndən uzaqlarda – İtaliya və Yuqoslaviyada partizan hərəkatında faşizmə qarşı mübarizədə cəsarətlə iştirak edərək xalqımızın adını dünya antifaşist hərəkatının şərafət və fəxarət səhifələrinə yazıb. Onun adı, həmçinin əfsanəvi partizan Mehdi Hüseynzadənin (Mixaylonun) komandiri kimi hərb tariximizin qızıl səhifələrinə həkk olunub.

Əfsanəvi komadirin II Dünya müharibəsində İtaliya və Yuqoslaviyada əsirlərin faşist hərbi dəstələri ilə mübarizəsində göstərdiyi böyük rəşadət və mahir təşkilatçılıq nümunələri danılmaz həqiqətdir.

Tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissələrin, Hərbi Akademiyanın, veteran şuralarının, şəhər muzeylərinin nümayəndələri, həmçinin Cavad Həkimlinin yaxın qohumları və digər təşkilatların əməkdaşları iştirak ediblər.
Tədbirdə muzeyin baş elmi işçisi Nuru Məmmədovun, elmi işçi Nuranə Nəcəfovanın, Cavad Həkimlinin yaxın qohumlarının və digər işçitakçıların məruzələri dinlənib.
Sonda Cavad Həkimlinin döyüş yoluna həsr edilən sənədli film nümayiş olunub.

BƏXTİYAR


Müəllif: