3 Fevral 2022 09:05
1 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Kitabxana” rubrikasının qonağı Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüzdür.

Onunla müsahibəni təqdim edirik.

- Osman bəy, sonuncu dəfə hansı kitabı oxumusunuz?

- Daha çox internetdən özümə lazım olan elektron resursları oxuyuram. Son zamanlar isə dünyada aparıcı olan yeni texnoloji trendləri, rəqəmsal transformasiyalar haqqında resursları və ədəbiyyatları internetdən izləməyə və mütaliə etməyə çalışıram. Çoxdur bu tip resurslar.

- Bəs bədii kitab?..

- İmkan olduqca, bədii kitab da oxuyuram. Yeni kitabları adətən sərgilərdən əldə edirəm və abunə olduqlarım da var. Akademiya tərəfdə olan kitab mağazalara vaxtaşırı baş çəkirəm.

Sonuncu təşkil olunan kitab sərgilərində də iştirak etmişdim. Bədii kitablar mənim maraq dairəmdədir. Balaca bir kitabxanamda var, təxminən 3 mindən çox kitab olar. . Amma təəssüf ki, internet vaxtı əlimizdən alır, kitaba az zaman qalır, oxunacaq kitablar isə lap çoxdur. İnternetdən oxumağa daha çox üstünlük versək də, hesab edirəm ki, kitabdan aldığın həzzin də öz yeri var. Son zamanlar oxuduqlarımdan “Ağ zanbaqlar ölkəsi”ni, abunə ilə əldə etdiyim, Nobel mükafatçısı Tomas Mann-ın əsərlərini, Vilayət Quliyevin “Cümhuriyyət yazıları”nı qeyd edə bilərəm.

- Sərgiyə getdiyinizi dediniz. Oradan kitab aldınız?

- Əlbəttə. Kitab almağı sevirəm. Sonuncu iki sərgidən təxminən 20-dək kitab aldım. Adlarını qeyd etdiyim kitabların bir hissəsini elə sərgidən almışdım. İmkan olanda sərgidəki müzakirələrə də qatılıram. Sonuncu sərgidə kitabla bağlı təşkil olunan müzakirədə internet üzərindən elektron kitabların alışına tətbiq edilən vergi məsələsini də gündəmə gətirib onun aradan qaldırılmasının vacibliyi qeyd etmişdim

Yeri gəlmişkən, sərgilərdən həm də müşahidə etmək olur ki, nəşriyyatlarımız da artır və hətta onlar arasında rəqabət də var. Bu yaxşı haldır

- Nəsr oxumağı sevirsiniz, yoxsa nəzm?

- Roman, povest, hekayə oxumağı daha çox sevirəm. Şeri, poeziyanı isə dinləməyi. Klassiklərə marağım daha çoxdur, həm Azərbaycan, həm də dünya klassiklərinə. Deyim ki, gənclik dövründə oxuduğumuz ədəbiyyatla indikilər arasında xeyli fərq var. Bəzən kitabxanamda əvvəl oxuduqlarımı yenidən qurdalayıram, yenidən vərəqləyirəm, başqa cür təsir edir, sanki yeni oxumuş kimi oluram.

Elmi-populyar kitablar da çox maraqlıdır. Düşünürəm ki, bu tip kitabların çox olması indiki böyüməkdə olan nəsil üçün də çox faydalı olardı, onların elm və texnologiya sahəsinə meyl etməsinə təsir edə bilərdi

- Sağ olsaydı, hansı klassiklə görüşmək istəyərdiniz?

- Konkret qeyd etməkdə çətinlik çəkirəm. Amma bu dünyaya gəlib getmiş nəhəng fikir adamları ilə görüşüb, dünyanın gəlişi , gedişi haqqında , onların dünyagörüşü haqqında, əsərlərinin meydana gəlmək səbəbləri, onların baxışları ilə bağlı söhbətləşmək maraqlı olardı

- Sizcə, bu gün elektron kitablar tələbatı yetərli qədər ödəyə bilir?

- Demək olar ki, bəli. Azərbaycan dilli kitablar üçün bunu deyə bilmərəm. Amma rus və ingilis dillərində kifayət qədər zəngin elektron kitablar, elektron resurslar tapmaq mümkündür. Universitetlərimiz tələbələrin Azərbaycan dilində elektron resurslara əlçatanlığı üçün daha ciddi işlər görməlidir.

- Özünüz oxuyarkən elektron kitaba üstünlük verirsiniz, yoxsa çap məhsuluna?

- İşimlə, fəaliyyətimlə bağlı olan elektron kitablar, internet resurslar mənə görə daha çox əlçatandır. İstənilən vaxt onları əldə etmək olur. Əlçatanlıq çox şeyi həll edir. Bəzən olur ki, hansısa sahə ilə əlaqəli kutabım kitabxanamın hansısa rəfində var, amma internetdən daha əlçatan olduğundan ondan istifadə etmək daha rahat olur. Məsələn, bir müddət öncə Difai barədə maraqlı yazını, elə dərhal internetdən tapıb oxudum .

Amma sərbəst vaxt çox olanda, bədii və elmi-populyar ədəbiyyatları kitabdan oxuyuram

- Adətən hansı dillərdə kitab oxuyursunuz?

- Əlbəttə, Azərbaycan dilində aldığım informasiya daha çoxdur. Amma fəaliyyətimlə bağlı olan yeni resursları daha çox ingilis və rus dillərində tapmaq olur.

- Kitab kolleksiyanızın təxminən neçə yaşı var?

- Orta məktəb illərimdən kitab alıram. Xatırlayıram ki, Həzi Aslanovla bağlı qalın kitab vardı, bir gecəyə oxuyub bitirmişdim. Məktəb illərində oxumağa marağım yüksək idi. Bir neçə kitabxananın üzvü idim. Məktəb kitabxanası, uşaq kitabxansı və şəhər kitabxanalarına gedb-gəlirdim. Bəzən qonşu rayonların kitabxanalarına gedirdim. O zamanlar Balakəndə yaşasam da , qonşu rayonların da kitab mağazalarına ayda bir dəfə mütləq baş çəkirdim. İndi də o zamanlar aldığım kitablar məndə qalır. Təəssüf ki, indi o kitab mağazaların heç biri qalmayıb.

Az qala Bakının bütün kitab mağazalarını tanıyırdıq. Xatırlayıram, Bakıda Nizami küçəsində kitab pasajı var idi, orada uzun növbə olurdu. Orada maraqlı elmi-populyar kitablar satılırdı. Tələbə olarkən tətillərdə rayona gedəndə mütləq bir neçə bağlama kitab da aparardıq.

- Hazırda kitabxanaya getməyə vaxt tapırsız?

- İndi demək olar ki, yox. Amma gənc olanda, tələbə vaxtlarında və bir müddət sonralar da Milli Kitabxanaya, Mirzə Ələkbər Sabir Kitabxanasına, Elmlər Akademiyasının kitabxanasına tez-tez gedirdim.

Kitabxana ilə bağlı bir maraqlı əhvalatı da qeyd edə bilərəm. Tələbə vaxtı bir müddət dini-fəlsəfi kitablara daha çox meyl etmişdim. Baxmayaraq ki mexanika-riyaziyyatda oxuyurdum. O zaman Quran kitabını əldə etmək çox çətin idi. Azərbaycan dilində , bizim istifadə etdiyimiz o zamankı kiril əlifbasında Quran kitabı yox idi. Öyrəndim ki, Quran kitabının Azərbaycan dilində, bizim keçmiş əski əlifbası ilə, ərəb əlifbası ilə olan 3 cildi Elmələr Akademiyasının Şərqşünaslıq kitabxanasında var. Bu, o zaman üçün görünməmiş, nadir bir hal idi.

O zaman mən əski ərəb əlifbamızı bir müəllim yanına gedərək, təxminən bir neçə aya öyrəndim. Kitabxanaya üzv olub Quran kitabını oxumaq üçün o zaman Akademiyanın əsas binasında , səhv eləmirəmsə elə birinci ya ikinci mərtəbəsində yerləşən kitabxanaya gəldim.

Kitabxana əməkdaşları mənim mexanika-riyaziyyatda oxuduğumu əsas gətirək ilk müraciətimdə bu kitabları verməkdən imtina etmişdilər. İsrar etdikdə, oxu zalında birinci sırada əyləşmək şərtilə onları mənə verdilər. Bu, Mir Məhəmməd Kərim Cəfərzadənin yazdığı, səhv eləmirəmsə 1905-ci ildə çap olunan ı üç cildlik “Təfsiri Qurani Şərif” kitabı idi.

- Mütaliə edib, amma peşman olduğunuz kitab olub?

- Heç vaxt. İstənilən bir kitabda nəsə tapmaq olur da. Düzdür, yalniz pul xatirinə, biznes üçün yazilan kitablar da olur. Amma kitabları ya alarkən vərəqləyirik, ya da adətən, elə kitabları əldə etməyə çalışıram ki, qabaqcadan onun haqqında, müəllifi haqqında məlumatım olsun. Ona görə də hansısa kitabı oxuyub, təəssüfləndiyim yadıma gəlmir.

Eyni zamanda, qeyd edim ki, tez-tez maraqlı kitab müzakirələri keçirmək də faydalı olardı. Bu biliklərin, məlumatların paylaşılması üçün, mütaliə mədəniyyətin formalaşması üçün, böyüməkdə olan nəsil üçün çox faydalıdır.

- Necə düşünürsünüz, bu gün kitablar öz əhəmiyyətli yerini qoruya bilirmi?

- Kitabın öz yeri var. Mən özüm də kitab alıcısı və oxucusuyam. Fikrimcə, bu gün internet resursları və kitablar bir-birinə mane olmur. Düşünürəm ki, indi böyüməkdə olan nəsil gələcəkdə elektron vəsaitlərə, rəqəmsal resurslara üstünlük verəcək. Bu səbəblə, yaxşı olar ki, yazıçılar, kitab istehsalçıları bu kimi məqamları nəzərə alsınlar. Bizim kitab bazarı da auditoriya baxımından çox kiçikdir. Mən özüm texnologiya, internet və yeni media sahəsi ilə əlaqəli bir neçə kitabın müəllifi və həmmüəllifi olmuşam. Deyim ki, internetlə əlaqəli yazdığım kitabdan xeyli pul da qazanmışdım.

Amma həmin tip kitabları yazan, eyni əməyi sərf edən , auditoriyası çox olan ölkələrin müəllifləri təbii ki, daha çox qazanc əldə edirlər.

- Qeyd etdiniz ki, azərbaycanca kifayət qədər elektron kitablar yoxdur. Sizcə, bu istiqamətdə hansı addımlar atılmalıdır?

- İlk olaraq kitabxanaların üzərinə böyük vəzifə düşür. Hazırda əldə olan kitabların elektron formatları hazırlanmalıdır. Kitabların əlçatan olması üçün işlər aparılmalıdır. Kitabın birbaşa elektron versiyada oxunması üçün xeyli sayda avadanlıqlar var. Hesab edirəm ki, Azərbaycanda elektron resursların istehsalı ilə bağlı problemlər çoxdur. Kitabxanalar bununla bağlı işləri təkmilləşdirsələr, oxucuların sayı artar.

Ümumiyyətlə isə , elektron kitab daha əlverişlidir, axtarış üçün, daha çoxsaylı resurslara əlçatanlıq üçün, qeydlər üçün, multimedia üçün, daşımaq üçün, şriftlərin ölçüsünü uyğunlaşdırmaq üçün , elə maddi baxımdan da çox üstündür.

Təsəvvür edin ki, siz adi bir smartfonda, e-kitab avadanlığında minlərlə kitab gəzdirə bilirsiniz və imkan olan tək açıb oxuyursunuz

Universitelərimiz yeni çap olunan ədəbiyyatların , kitabların elektron versiyalarını da tələbələr üçün onlayn formada əldə etmək imkanı yaratmalıdır

- Bəzi insanlar kitabların baha olduğunu düşünürlər...

- Doğrudur, kitabların daha əlçatanlığı üçün qiymət ucuz olmalıdır. Son dövrlərdə kitablardan əlavə dəyər vergisi (ƏDV) götürüldü, hesab edirəm ki, bu, qiymətlərin aşağı enməsinə təsir göstərə bilər. Qeyd etdiyim kimi, internet üzərindən alınan elektron kitablara da vergi tətbiq edilir.

Bu gün qiymət baxımından elektron kitablar daha əlçatandır, üstəlik, bir çoxunu pulsuz əldə etmək mümkündür. Elə xarici resurslar var ki var ki, onların tərcüməsi və çapı çox əhəmiyyətlidir. Fikrimcə, həmin kitabların xərci müvafiq dövlət qurumları tərəfindən qarşılana bilər.

- Elmi , texnoloji kitablar tələbatı ödəyirmi?

- Xeyr. Təəssüf ki, elmi-populyar kitablar arasında Azərbaycan dilində xeyli azdır. Əvvəllər xüsusi elmi jurnallar, təcrümələr vardı. İndi bunlar da yoxdur. Hesab edirəm ki, ilk olaraq təcrümə ilə bağlı işlərə diqqət ayrılmalıdır. Bu sahəni inkişaf etdirmək lazımdır. Bu sahədə vəziyyət bərbaddır. Həm də bu bir biznes olduğundan və təəssüf ki sərfəli olmadığından bizim dəyərli mütəxəssislərimiz tərcüməyə, kitab yazmağa elə də həvəsli deyillər.

Bu gün süni intellekt sahəsi, rəqəmsal dünya, yeni texnoloji trendlərlə bağlı yaxşı kitablar çap olunur. Onların dilimizə tərcüməsi üçün çalışmaq lazımdır. Yaxşı tərcüməçi varmı ? Buna baxmaq bu sahəni inkişaf etdirmək lazımdır.

- Səsli kitablar dinləyirsiniz?

- İstifadə etməmişəm, mənə görə deyil. Daha çox özüm oxumağı sevirəm. Mən daha sürətli oxuyub bitirməyə meyilliyəm. Təkrar oxumaq şərti ilə bəzi məqamları buraxa bilərəm ki, sonluğa daha tez çatım.

- Sürətli oxu bacarığınız var?

- Bəli. Bununla bağlı internetdəki kurs materiallarından istifadə etmişəm. Az müddətə bu vərdişi mənimsədim. Mən lazım olanları mənimsəmək üçün bu sahəyə üz tutdum. Çox adam bundan bəhrələnə bilər.

- Xaricə səfərlərinizdə kitabxanalara gedirsiniz?

- Mən xaricdə olanda kitab mağazalarının sayına diqqət edirəm. Səhv etmirəmsə, Avstriyanın Vyana şəhərində idi, bizim Nizami küçəsi kimi bir küçə var orada. Həmin küçədə 7-8 kitab mağazası saydım. Təəssüf ki, ölkəmizdə sovet dövründən qalan kitab mağazaları özəlləşdirildikdən sonra təyinatı dəyişdi. Əvvəllər böyük, geniş kitab zalları vardı.

ABŞ-da Oklahoma Universiteti və Kanzas Universitetinin kitabxanalarında olmuşam, araşdırmalar aparmışam və çox bəyənmişəm. Onlarda kitablara, o cümlədən elektron resurslara əlçatanlıq daha çoxdur. Universitet kitabxana sistemlərində nə axtarış versən, orada tapmaq mümkündür. Onların universitetlərində ilk diqqətimi çəkən o olmuşdu ki, tələbə ya dərsdə, ya da kitabxanada olurdu. Küçədə, universitet ətrafında tələbə yoxdur.

Bu gün Azərbaycan universitetlərinin ətrafında boş vaxt keçirən nə qədər tələbə tapmaq olar... Xatırlayıram ki , Oklahoma Universitetinin ətrafında ilk dəfə heç bir tələbəyə rast gəlmədikdə çox təəccüblənmişdim, onların hamısı ya dərsdə, ya da oxu zalında və kitabxanada idi.

- Bizdəki vəziyyət nədən qaynaqlanır?

- Təhsil sistemini inkişaf etdirmək lazımdır. Bütün sahələr üzrə yeni ədəbiyyatlar, milli internet resursları formalaşmalıdır.

Uşaqlarımızın, gənclərimizin smartfonlarında və e-kitab qurğularında elektron formada milli resurslarımız olmalıdır.

Uşaqlarin və gənclərin elmdən, bilikdən həzz alınması üçün şərait formalaşmalıdır. Bütün cəmiyyət buna diqqət yetirməlidir. Məsələn, televiziyalarda bəsit şoulara deyil, düşündürücü intellektual , marifləndirici proqramlara üstünlük verilməlidir

Gündəlik olaraq ailədə, məktəbdə vərdişlər dəyişməlidir. Bu halda bizdə kitaba, biliyə sevgi arta bilər.

Bizim dövrümüzdə, məsələn, riyaziyyat kitabını əlimizə alanda, misalı həll edib, tez arxasında cavabına baxırdıq. Cavab düz çıxanda həzz alırdıq. Maraq, həvəs, rəqabət mühiti olmalıdır. Elm rəqabəti sevir. Hər bir iddiaçının öz biliyini təsdiq etməsi, bacarıqlı və qabiliyyəti olanların, istedadı olanların üzə çıxarılması üçün mühit olmalıdır. Bəlkə də xaricdə universitetlərin şəhərdən kənarda olması bununla əlaqəlidir. Universitet şəhərdən kənardadır, ətrafı hasarlı, daxilində elmi mühit, təhsil və tədqiqat , axtarışlar aparmaq mühiti yaradılır.

- Ölkəmizdə bunu etmək olar?

- Tərəfdarıyam. Şəhərdən kənarda universitetlərin daha komfort, daha yaradıcı mühitini formalaşdırmaq olar. Bunun elm və bilik, tədqiqatlar, nöqteyi-nəzərdən faydası çox olar.

Son zamanlar bir çox universitetlərimzidə kitabxanaların tamamilə yenidən formalaşdırılması, elektron resurslara əlçatanlığın təmin edilməsi, tanımış elam adamları ilə diskussiyaların və görüşlərin təşkili istiqamətində atılan addımlar da çox yaxşı haldır.

Universitetlərimiz regionun, dünyanın inkişaf etmiş universitetlərinin kitabxanalarına inteqrasiya olunmalıdır, distant təhsil forması qəbul edilməlidir.

Elə şərait formalaşdırmalıyıq ki, tələbə universitet pəncərəsindən baxanda son model maşını deyil, həmin son model maşının hazırlanması üçün zəruri olan tədqiqatları, innovasiyaları, bilik və bacarıqları verə bilən universitet mühitini görməlidir.


Müəllif: Aysel Azad, Foto: Ceyhun Rəhimov

Oxşar xəbərlər