“Azərbaycanda əsas problemlərdən biri də məhkəmə qərarlarının icra edilməməsidir. Bu problem aliment ödənilməsi ilə bağlı məhkəmə qərarlarında özünü daha çox göstərir. Alimentlə bağlı məhkəmə qərarı icra edilmədikdə isə övladını tənha böyüdən analar ciddi sosial problem yaşayır, hara müraciət edəcəklərini bilmirlər. Kağız formatda göndərilən müraciətlərə çox hallarda cavab verilmir, borcluların axtarılıb tapılması və borcun ödənilməsi ilə bağlı ciddi addımlar atılmır. Bunu ötən 1 il müddətində bizə daxil olan müraciətlər də aydın göstərir”.
Teleqraf.com xəbər verir ki, bunu hüquq müdafiəçisi Xalid Kazımov bildirib.
X.Kazımovun sözlərinə görə, alimentlə bağlı məhkəmə qərarlarının icrası ilə bağlı mövcud durumun araşdırılması, bu sahədəki problemlərin həllinə töhfə vermək və məhkəmə qərarlarının icrası ilə bağlı elektron xidmətin təbliği məqsədi ilə yeni fəaliyyətə başlayıblar: “İlkin olaraq son 3 il müddətində Azərbaycanda çıxarılan məhkəmə qərarları, İcra və Probasiya xidmətinə yönəldilən məhkəmə qərarları, icra edilməyən məhkəmə qərarlarının sayı, icra edilməyən məhkəmə qərarlarının təsnifi, icra edilməmə səbəbləri, aliment ödənilməsi ilə bağlı icra edilməyən məhkəmə qərarlarının sayı və respublika üzrə bölgüsü, İcra və Probasiya xidməti əməkdaşlarının sayı, illik büdcəsi, əməkdaşların iş yükü ilə bağlı məlumatları əldə etmək üçün Ədliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Daxili İşlər Nazirliyi və Ali Məhkəməyə sorğu verilib. Dövlət Statistika Komitəsi qısa zamanda sorğuya cavab versə də, digər qurumlardan hələ cavab almamışıq”.
Hüquq müdafiəçisi əlavə edib ki, məhkəmə qərarlarının icra edilməməsindən zərər çəkənlərin və məhkəmə qərarlarını icra etməyən cavabdehlərin rəylərinin alınması üçün elektron sorğu keçirilməsi üçün ilkin işlərə başlınılıb: “Məhkəmə qərarlarının icrası ilə bağlı uğurlu beynəlxalq təcrübə öyrənilir. Qarşıdakı mərhələdə isə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, vətəndaş cəmiyyəti təmsilçiləri, müstəqil ekspertlərdən müsahibələr alınacaq. İcra edilməyən məhkəmə qərarları ilə bağlı problem İcra və Probasiya Xidmətinin fəaliyyətində şəffaflığın təmin edilməsi ilə bağlı 5 araşdırma məqalə hazırlanacaq. Həmin məqalələrin mediada işıqlandırılması ilə yanaşı, həm də ictimai vəkillik kampaniyası aparılacaq. Düşünürük ki, məhkəmə qərarlarının icra edilməməsi təkcə sosial problemlərin yaranmasına səbəb olmur, həm də insanların ədalət mühakiməsinə inamını sarsıdır. Bu səbəbdən məhkəmə qərarlarının icra edilməsi çox vacibdir. Xüsusən, aliment ödənilməsi ilə bağlı məhkəmə qərarlarının icrası üçün həll yolları tapılmalıdır”.