2 Fevral 2022 18:46
358
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərxalça” ASC ölkənin müxtəlif regionlarında yerləşən emalatxanalarında gənclər üçün “Açıq qapı günü” elan edib.

Bu barədə Teleqraf.com-a “Azərxalça” ASC-dən məlumat verilib.

Emalatxanalara gələn region gəncləri, gənclər təşkilatları nümayəndələrinə xalçalar haqqında ümumi məlumat verilib, onlara istehsal prosesini izləmək şəraiti yaradılıb.

Bildirilib ki, Ulu öndər Heydər Əliyevin gənclərə ən böyük hədiyyəsi olan günün təsis edilməsindən 25 il ötür. 1997-ci il fevralın 2-dən etibarən Ulu öndərin imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Bütün sahələrdə olduğu kimi, Azərbaycan gəncləri həm incəsənət sahəsində, həm də onun sərhədlərindən kənarda ciddi uğurlara imza atırlar. Milli-mənəvi irsimiz, incəsənətimizin ayrılmaz hissəsi xalçaçılığın inkişafı, müasir zamanla ayaqlaşması, eyni zamanda qədim və dərin köklərini unutmaması da bu gün məhz gənc xalçaçı, rəssam və dizaynerlərimizin üzərinə düşən əsas vəzifələrdən biridir. Gənclər arasında xalçaçılığa olan maraq, sevgi və tələbatı artırmaq üçün “Azərxalça” ASC daim onlarla birgə işlərə hazırdır.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dekorativ Tətbiqi Sənət fakultəsinin bir qrup tələbə və müəllim heyəti isə öz növbəsində Abşeron (Qobu) emalatxanasına baş çəkiblər. “Azərxalça” ASC-nin istehsalat direktoru tələbələrə xalçalar haqqında söz açıb, istehsal prosesinin incəliklərindən danışıb və tələbələri maraqlandıran suallara cavab verib.

“Azərxalça” ASC–nin bütün qapıları bir gün deyil, ilin bütün günləri həm gənclərin, həm də xalçaları sevən hər kəsin üzünə açıqdır. Gününüz mübarək, əziz gənclər!


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər