Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Müdafiə Nazirliyinin bir qrup yüksək rütbəli zabit heyəti və hərbi qulluqçular şəhidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində qəhrəmanın anım tədbiri keçirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Milli Qəhrəman Mübariz İbrahimovun şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarx təqdim olunub.
Anım tədbirində çıxış edənlər Milli Qəhrəmanın göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıb, Mübariz İbrahimovun vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğunu qeyd ediblər.
Bildirilib ki, şəhid hərbi qulluqçumuz qısa ömür yaşasa da, Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atıb.
Qeyd olunub ki, Mübariz İbrahimovun göstərdiyi rəşadət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən tədbir iştirakçılarına vətənpərvərlik mövzusunda musiqilər təqdim olunub.