Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının dəstəyi və təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində (GDU) YAP-ın yaradılmasının 22-ci ildönümü münasibətilə gənclərlə görüş keçirilib.
Tədbiri YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev açaraq, YAP-ın Azərbaycanın ictimai-siyasi həyatındakı mühüm rolu barədə danışıb. O bildirib ki, 90-cı illərin əvvəllərində ölkədəki mürəkkəb ictimai-siyasi şəraitdə yaradılan partiya ölkəmizin inkişafına misilsiz töhfələr verib. Ulu öndər Heydər Əliyevin partiyanı yaradan zaman azərbaycançılıq, dövlətçilik kimi prinsipləri əsas götürdüyünü, hazırda partiyaya gənclərin böyük axın etdiyini və bu halın partiyanın inkişafından xəbər verdiyin bildirib.
Gəncə Dövlət Universitetinin prorektoru Asif Cavadov, YAP Gəncə şəhər Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, GDU YAP ərazi İlk partiya təşkilatının sədri Cavid Bağırzadə və digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının gənclərin həyatında, onların inkişafındakı rolundan, gənclərə göstərilən diqqət və qayğıdan, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin Gəncə şəhərində uğurla həyata keçirildiyindən danışıblar.
Gəncə Dövlət Universitetinin tələbəsi Fariz İmamverdiyev GDU YAP Gənclər Birliyinin hesabatı ilə çıxış edib. O, ötən hesabat müddəti ərzində tələbələrin fəallığından, nailiyyətlərindən, ictimai və mədəni tədbirlərdə fəal iştirakından söhbət açıb.
Sonda Yeni Azərbaycan Partiyasına qəbul edilmiş bir qrup gəncə üzvlülük vəsiqələri təqdim edilib və xatirə şəkili çəkilib.