Azərbaycanda elmi müəssisələrdən faktiki büdcədənkənar daxilolmalar dövlət büdcəsində nəzərdə tutulmuş proqnoz göstəricilərinə uyğun deyil. Teleqraf.com-un məlumatına görə, bunu cümə axşamı Milli Məclisin plenar iclasında Azərbaycanın 2015-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.
Onun sözlərinə görə, büdcə proqnozları formalaşdırılan zaman büdcədənkənar gəlirlər adətən xərclərə mütənasib şəkildə götürülür: Əvvəlki illərin təcrübəsi göstərir ki, elmi müəssisələr tərəfindən büdcədənkənar daxilolmalar üzrə büdcə sifarişləri təqdim edilərkən proqnozlar yüksək göstərilir və nəticədə onların icrası zamanı dövlət büdcəsinə daha az məbləğdə vəsait daxil olur".
S.Şərifov qeyd edib ki, 2014-cü il üçün elm sahəsinin büdcədənkənar daxilolmalarının həcmi 14,5 milyon manat proqnozlaşdırılır: "Belə proqnoz elmi müəssisələrin büdcə sifarişi əsasında tərtib edilib. Bu il iyunun 1-nə olan vəziyyətə görə daxilolma 400 min manat təşkil edib. Operativ məlumatlara görə, hazırda bu daxilolmalar təqribən 1,5 milyon manat təşkil edib ki, bu da büdcədə nəzərdə tutulan məbləğdən 13 milyon manat azdır".
Onun sözlərinə əsasən, mövcud vəziyyətdən çıxış edilərək 2015-ci ilin dövlət büdcəsi hazırlanarkən elmi müəssisələrin büdcədənkənar daxilolmalarının həcmi azaldılıb: "Bunun nəticəsində elm sahəsinə ayrılan xərclər də bir neçə dəfə azaldılıb. 4 milyon manatdan çox vəsait dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən ayrılacaq. Lakin biz elmə ayrılan vəsaitin artırılması yollarını hələ nəzərdən keçirəcəyik".
S.Şərifov əlavə edib ki, 2015-ci il üçün dövlət büdcəsində elmin inkişafına 143 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub: "Biz bu rəqəmin formalaşdırılmasında 6 milyon manat büdcədənkənar gəliri və dövlət büdcəsindən elmi müəssisələrin maliyyələşdirilməsi xərclərini nəzərə alırıq. Yəni bu vəsaitləri nəzərə almasaq, dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən elmin maliyyələşdirilməsinə 137 milyon manat ayrılması planlaşdırılıb. Bu məbləğ cari ilin proqnozundan 4 milyon manat və ya 3,2 faiz çoxdur".