Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə 9-13 fevral tarixlərində Naftalan şəhərində baş tutacaq Gənc Liderlər üçün Qış Universitetinə start verilib.
Bu barədə Teleqraf.com-a “Davam” Gənclər Hərəkatından məlumat verilib.
Qeyd edilir ki, qış universiteti üçün ictimai müraciət elanı verildikdən sonra qısa müddət ərzində 1800-dən çox gənc iştirak hüququ qazanmaq üçün onlayn formada qeydiyyatdan keçib. İki mərhələli seçim turunun yekununda 5 komanda olmaqla 70 nəfərlik iştirakçı heyəti formalaşdırılıb.
Pandemiyanın yaratdığı vəziyyəti nəzərə alaraq gənclərin sağlamlığının qorunması məqsədilə 7 fevral tarixində “Davam” Gənclər Hərəkatının mərkəzi ofisində Təşkilat Komitəsinin nümayəndələri və seçilən gənc liderlər koronavirus təhlükəsinə qarşı PCR testi veriblər.
Proqrama əsasən fevralın 9-u səhər saatlarında gənc liderlər Naftalan şəhərinə yollanıb.
İlk olaraq layihə iştirakçıları tərəfindən ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə tər güllər düzülüb. Sonra isə Naftalan şəhər Heydər Əliyev Mərkəzində layihənin açılış mərasimi baş tutub.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Arzu Məmmədov, millət vəkili Naqif Həmzəyev, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Təşkilat Komitəsinin nümayəndələri və gənc liderlər iştirak edib. Tədbir natiqlərin çıxışlarının ardından sual-cavab formatında qeyri-formal şəkildə davam edib.
Qış Universitetində günün ikinci yarısı millət vəkili Naqif Həmzəyev “Sağlam həyat tərzi gənc liderlərin motivatoru rolunda” mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb.
Günün sonunda isə Qış Universitetinin açılışı münasibəti ilə “Welcome Party” baş tutub. Gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli anlar yaşanıb.
Qeyd edək ki, “Davam” Gənclər Hərəkatı layihənin yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naftalan Şəhər İcra Hakimiyyətinə öz təşəkkürünü bildirir.
Layihənin məqsədi gənc liderlərin kəşf edilməsi, onların intellektual inkişafına nail olmaq, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.