"Azərxalça" ASC-də Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2021-ci ildə aparılmış nəzarət tədbirləri 2015-ci ilin yanvarın 1-dən 2020-ci ilin iyulun 3-dək olan dövrü əhatə edir.
Bu barədə Teleqraf.com-a "Azərxalça" ASC-dən Maliyyə Nazirliyinin bu gün açıqlanan hesabatına münasibət açıqlanarkən deyilib.
Bildirilir ki, “Azərxalça” ASC ilə bağlı xoşagəlməz hadisələr keçmiş rəhbərlik dövründə baş verib.
Qeyd edək ki, bu gün Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin hesabatında ötən il "Azərxalça" ASC-də apardığı nəzarət tədbirləri zamanı bir sıra qanun pozuntularının aşkar olunması haqqında məlumat yayıldı. Hesabatda deyilir ki, Cəmiyyətin satın aldığı iplik xammalın vahidinin qiymətinin digər müəssisələrin təklif etdiyi eyni keyfiyyətli iplik xammalın qiymətindən çox yüksək olması, tikinti işlərində istifadə edilən materialların qiymətlərinin bazar dəyərindən çox göstərilməsi, Cəmiyyətin 20 rayonda xalça toxuma emalatxanasının, yun tədarükü məntəqələrinin və Yunəyirici-Boyaq Fabrikinin tikintisində iş həcmlərinin şişirdildiyi və bu yolla podratçı təşkilatlara xeyli məbləğdə artıq vəsaitin ödənildiyi aşkarlanıb.
Xatırladaq ki, 2021-ci il yanvarın 9-da “Azərxalça” ASC İdarə Heyətinin keçmiş sədri Muradov Vidadi Aydın oğluna Azərbaycan Respublikası CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Vidadi Muradov barəsində irəli sürülmüş maddələrlə təqsirli bilinib.