Ötənlərdə şəxsi arxivimə Argentinanın paytaxtı Buenos-Ayresdə çəkilmiş bir fotoşəkil daxil oldu. Şəklin arxasında yazılıb: “Əziz həmşərim albay Firudin bəy. Hərbi rəsmim olmadığından sizə mənim və ailəmin rəsmini göndərirəm. 1) Mənim oğlum Ənvər 2) Mən 3) Tanış bir kabardin xanım 4) Onun qızı 5) Mənim yoldaşım. Həmşəriniz Musa Yusifzadə. Buenos-Ayres. Argentina. 13-3-59”.
Azərbaycan dilində yazılmış bu cümlələrdə adı keçən albay Firudin bəy Azərbaycan Cümhuriyyəti zabitlərindən, Türkiyənin İstiqlal Savaşı qazilərindən Firudin Daryal bəydir. Şəklin ön qisminin sağ tərəfində isə “Amerikadakı Qafqazlı ailələr” ibarəsi yazılıb.
Bəs Argentinada yaşayan, bu fotoşəkli göndərən Musa Yusifzadə kimdir?
Azərbaycanlı Musa Yusifzadə haqqında əlimizdə geniş məlumat yoxdur. Amma mühacirətdə çıxan jurnallarda müəyyən bilgilərə rast gəlinir. Bu məlumatlardan aydın olur ki, Musa bəy Azərbaycan Cümhuriyyəti zabitlərindən, Polşa ordusunda da xidmət etmiş, daha sonra Argentinaya mühacirətə gedən Vəli bəy Yadigarla uzaq qitədə birgə fəaliyyət göstəriblər. Özü də zabit olub. Buna görədir ki, “Azərbaycan” jurnalının 1954-cü ilin martında çıxan 24-cü sayında Məhəmmədəmin Rəsulzadənin 70-ci doğum günü münasibətilə birgə təbrik dərc edilib:
“Hörmətli, Məhəmmədəmin Rəsulzadə!
Əziz və möhtərəm ustadımız!
Argentinadakı “Qafqaz Birliyi”nə mənsub azərbaycanlılar 70-ci doğum ildönümüz münasibətilə sizi səmimiyyətlə təbrik edərkən bütün həyatınız boyunca istiqlalı uğrunda çalışdığınız əziz vətənimiz Azərbaycana tez qovuşmanızı ürəkdən arzulayır və şəxsinizə uzun ömür və səadət diləyirlər.
Dünyanın ən gözəl ölkələrindən birini təşkil edən Azərbaycanın 28 may 1918-ci ildə olduğu kimi təkrar azərbaycanlılara aid olduğunu şəxsən elan etmənizi görmək istəyərik.
İmperialist Rusiyanın əsarəti altında olan Azərbaycanın və bütün Qafqazın çox yaxın bir zamanda düşmən istilasından qurtulmasını və vətən səmalarına təkrar üç rəngli bayrağımızı ucaltma fürsətini Uca Tanrıdan istirham edəriz.
Biz Azərbaycan əsgərləri Vətənimiz Azərbaycanın və Qafqazın hürriyyəti və istiqlalı uğrunda apardığınız müqəddəs savaşa son damla qanımıza qədər dəstək olacağımıza sizə söz veririk, möhtərəm Əmin bəy.
Argentinadakı azərbaycanlılar adına
Vəli Yadigar
Musa Yusifzadə”
Bir il sonra M.Rəsulzadənin vəfatı münasibətilə “Azərbaycan” jurnalında bu başsağlığı dərc olunub:
““Azərbaycan” dərgisi müdirliyinə.
Böyük istiqlal mücahidi Məhəmmədəmin Rəsulzadənin ölüm xəbəri hər yerdə olduğu kimi bu qürbət elində yaşayan bizləri də ağlatdı. 71 illik həyatının 50 ilini türk dünyası və bilxassə Azərbaycan istiqlal mübarizəsi yolunda sərf edən bu böyük öndərin aramızdan ayrılışı, aparmaqda olduğumuz istiqlal mübarizəmizə böyük bir zərbə endirmişdir. Azərbaycan istiqlal mübarizəsi tarixində ən şərəfli bir yer tutacaq olan Əmin bəyin nam və əsərləri gələcək nəsillərimiz üçün işıq vəzifəsini yerinə yetirəcəkdir.
Bu böyük ölünün önündə hörmətlə baş əyərkən, onun apardığı istiqlal mübarizəsinə davam edəcəyimizə and içirik. Ulu Tanrıdan ona rəhmətlər diləyirik.
Sabiq Azərbaycan zabitlərindən
Vəli Yadigar və Musa Yusifzadə
Təyyarə yüksək mühəndisi Hüseyin Azərqan
Argentina”
Musa bəyin fəaliyyətinə mühacirlərin çıxardıqları “Mücahit” jurnalında daha çox rast gəlirik.
“Mücahid” jurnalının 1960-cı ildə çıxan 29-cu sayında Musa Yusifzadə Litva respublikasının sabiq Baş naziri və milli müdafiə naziri, Rusiyanın işğal etdiyi dövlətlərin təmsilçilərindən ibarət “Liberacion Europa” (Azad Avropa) təşkilatının sədri general Teodoros Daukantasın Buenos-Ayresdə vəfatı münasibətilə yazı qələmə alıb. Həmin ilin aprelin 10-da vəfat edən Daukantas haqqında Yusufzadə maraqlı xatirə də bölüşüb: “Mərhum general Daukantas Azərbaycanı və azərbaycanlıları çox sevərdi. Özünün mənə danışdığına görə, 42 il əvvəl Azərbaycan ordusunun qurucusu general Əli ağa Şıxlının yanında baş qərargahda çalışıb, ona ürəkdən bağlı olub”.
Musa Yusifzadə 1959-cu ildə mühacirlər tərəfindən yaradılmış Azərbaycan Milli Qurtuluş Birliyinin Buenos-Ayresdəki təmsilçilərindəndi. Təşkilatın elan etdiyi bəyannaməsində əsas məqsədi bu şəkildə ifadə olunub: “Mövcud bütün imkanlardan faydalanaraq Azərbaycanı qırmızı rus imperializminin pəncəsindən qurtarmaq, yenidən müstəqil, milli bir cümhuriyyət şəklinə gətirmək”. Təşkilatın Avropadakı sədri Ceyhun bəy Hacıbəyli, müavini İsmayıl Əkbər, katibi isə Məcid Musazadə idi. Mühacirlərdən Mustafa Vəkiloğlu, Əziz Alpoud və başqaları da bu qurumda təmsil olunublar. Təşkilatın Argentina şöbəsinin sədri polkovnik Vəli bəy Yadigar, katibi isə Musa Yusifzadə idi.
27 may 1960-cı ildə Türkiyədə hərbçilərin həyata keçirdiyi ixtilal nəticəsində general Cemal Gürsel hakimiyyətə gəlib. Bir çox azərbaycanlı mühacir kimi Vəli bəy Yadigarla Musa Yusifzadə də bu münasibətlə təbrik mətni göndəriblər. 24 iyun 1960-cı ildə Buenos-Ayresdən göndərilmiş məktubda yazılıb: “... Hürriyyətsizliyin nə olduğunu biz azərbaycanlılar çox yaxşı bilirik və bu hürriyyət və istiqlal uğrunda 40 ildir millət olaraq saysız-hesabsız qurbanlar vermişik və verməkdəyik. Tarix boyunca şan və şərəflə Türk dünyasının səmalarında və qəlblərində dalğalanan və rəngini Türk qanından alan al bayrağımız milli mübarizəmizdə biz bağrıyanıq azərbaycanlılar üçün daima tükənməz bir ümid və qüvvət qaynağı olmuşdur”.
“Mücahit” jurnalının 30-cu sayında dərc olunan məktubunda (24 yanvar 1960 tarixli) Musa bəy ABŞ-ın dəstəyi ilə Münxendə qurulan Sovetləri Öyrənmə İnstitutunun fəaliyyətini tənqid edib.
24 iyul 1960-cı ildə Buenos-Ayresdə “Liberacion Europa” təşkilatının “Əsir millətlər həftəsi” münasibətilə tədbirlər keçirilib. Argentinanın ən böyük kilsəsində kardinal Caggianonun sədrliyində ayin keçirilib, əsir millətlər üçün dualar edilib. Mərasimdə kilsənin önündə əsir millətlərin təmsilçiləri öz bayraqlarını qaldırıblar. Azərbaycanın üçrəngli bayrağını Musa Yusifzadənin oğlu Ənvər tutub.
13 noyabr 1960-cı ildə Buenos-Ayresdə Amerikalılararası Dini Qurultay baş tutub. Paytaxtın ən böyük parkı olan “Palermo”da keçirilən tədbirdə 20 min insan iştirak edib. Parkda qurulan minbərin bir tərəfində Amerika dövlətlərinin bayraqları, digər tərəfində isə əsir millətlərin bayraqları ucaldılıb. Azərbaycan Milli Qurtuluş Birliyi bu tədbirdə Azərbaycan bayrağını dalğalandırıb. Ənvər Yusifzadə isə Şimali Qafqaz Cümhuriyyətinin bayrağını əlində tutub. Bu tədbir barədə “Mücahit” jurnalında “Argentinada antikommunist toplantı” adlı məqalə dərc edən Musa Yusifzadə maraqlı bilgilər təqdim edib: “Qurultayı açan hörmətli kardinal danışmağa başladı və nəhayət əlini bizim bayraqlara uzadaraq böyük xalq kütləsinə bunları söylədi: “Biz hamımız eyni Allahın qullarıyıq. Kommunizmə qarşı bütün din adamları birləşməlidirlər. Bu əsir millətlərin bayraqlarına baxın, aralarında bir çox müsəlman məmləkətlərin bayraqları da var”. Ardınca təmsilçilər Santafe bulvarında bayraqla gəzinti keçiriblər. 14 noyabrda isə “Servantes” teatrında keçirilən tədbirdə Azərbaycan bayrağı digər bayraqlarla birgə səhnəyə gətirilib.
Musa Yusifzadə “Mücahit”dəki digər bir məqaləsində Argentinanın Avellaneda şəhərində baş tutan argentinalıların milli bayramlarına dəvət olunmalarından bəhs edib. Avellaneda bələdiyyə sədri Jose Allona göndərdiyi dəvət məktubunda Azərbaycan bayrağının da olmasını xüsusilə vurğulayıb. Musa bəyin oğlu Ənvər bələdiyyə sarayının eyvanında Azərbaycan bayrağını geniş qələbəliyə göstərib. Şəhərin baş rahibi əsir millətlərin bayraqlarını öpərək azadlıqları üçün dua edib. Ardınca bayraqlar prezident Frondizi və nazirlərin olduğu yerdə qaldırılıb. Prezident və nazirlər bayraqları salamlayıb, baş əyiblər. İki gün sonra isə “Liberacion Europa”nın təşkil etdiyi Avellaneda teatrında oynanılan əsərdə bir daha əsir millətlərin bayraqları səhnəyə gətirilib. Oyunun ortasında baş rahib Mons Di. Parquo səhnəyə çıxaraq bayraqları öpüb, azad olmaları üçün Tanrıya dua edib, Argentina hökumətinin bu prosesə dəstək verəcəyini söyləyib.
Beləliklə, Argentinada Azərbaycanın unudulmaz zabitlərindən Vəli bəy Yadigarla birgə fəaliyyət göstərən Azərbaycan zabitlərindən Musa Yusifzadə haqqında əlimizdə olan bilgilər hələlik bu qədərdir.