Bu gün Milli Məclisdə (MM) “Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər” mövzusunda konfrans öz işinə başlayıb.
Tədbirdə Milli Məclis sədrinin müavini Bahar Muradova, parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Ailə, Qadın və Uşaq Problemlərinin həlli Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, millət vəkilləri və digər şəxslər iştirak edirlər.
Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, uşaq hüquqlarının müdafiəsi dünyada hər bir dövlət, o cümlədən, Azərbaycan üçün prioriter istiqamətlərdəndir.
“Gələcəyimiz uşaqların əlindədir”, - deyən B. Muradovanın sözlərinə görə, Milli Məclis ali qanunverici orqan kimi uşaq hüquqlarının təmin edilməsinə, bu yöndə qanunvericilik bazasının təkmilləşdirilməsinə çox ciddi önəm verir: “Təsadüfi deyil ki, parlament uşaq hüquqları ilə bağlı bütün sazişlərə, konvensiyalara qoşulub, lazımi qanunları qəbul edib”.
Eyni zamanda, vitse-spiker deyib ki, Azərbaycanda uşaqlara münasibət daim öndə tutulub, həmçinin, ailə institutu çox möhkəm olub: “"Gələcəkdə də hansısa qlobal problemlərin, faktorların bu amilə təsir edəcəyi ehtimalını qəbul edə bilmərik. Zamanında ulu öndər Heydər Əliyev tərəfindən bu istiqamətdə başladılan işlər son illər ölkə Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdilir. Həmçinin, bu yöndə beynəlxalq qurumlarla əməkdaşlıq xəttinə üstünlük verilib. UNİCEF-lə də əmkdaşlığımız yüksələn xətlə gedir. Onlarla bir neçə layihələri həyata keçirmişik və keçirməkdəyik. Onlarla əməkdaşlığa dediyim kimi, çox böyük diqqət yetirirk. Bu əməkdaşlıq da dövrün və zamanın tələblərinə cavab verir”.
Nemət