14 Fevral 2022 09:41
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Dünya müharibəsindən sonra Türkiyəyə mühacirət edən azərbaycanlılar arasında müxtəlif peşə sahələrindən olan insanlar vardı. Onlar arasında həkimlər xüsusi yer tuturdu. Bu həkimlərdən Məhəmməd Kəngərli, İbrahim Badal, Sultan Hacıoğlu, Əhməd Yaşat, Ağamirzə Mirzəli ən çox tanınlardı. Bu yazıda biz sonuncudan bəhs edəcəyik.

Doktor Ağamirzə Mirzəli 18 noyabr 1910-cu ildə Göyçay şəhərində doğulub. Atası Ələsgər bəy, anası Leyla xanımdı. İbtidai və orta təhsilini Göyçayda, ali təhsilini isə Bakıda Tibb fakültəsində alıb. 1934-cü ildə fakültədən məzun olub. Ardınca Zaqatala Dövlət Xəstəxanasına baş həkim olaraq təyin edilib.

1941-ci ildə Ağamirzə bəy müharibə bölgəsinə göndərilib. Müxtəlif cəbhələrdə vuruşduqdan sonra almanlara əsir düşüb, bir çox yurddaşı kimi bu dəfə əks cəbhədə Rusiyaya qarşı savaşıb. Müharibədən sonra bir müddət Almaniyada qalıb, Swicku Dr. Keller klinikasında çalışıb. Ümumi cərrah, uroloq, qadın xəstəlikləri üzrə mütəxəssis olan Mirzəli bəy Almaniyada yaşadığı dövrdə fürsətdən istifadə edərək 1944-cü ildə “İleus fəaliyyətləri zamanı appendisit” mövzusunda doktorluq müdafiə edib.

1948-ci ildə Türkiyənin müharibə əsirlərini qəbul etməsindən sonra bu ölkəyə yola düşüb.

Türkiyəyə gəldikdən sonra da ixtisası üzrə çalışan Mirzəli 1949-cu ildə Eskişehir Dövlət Xəstəxanasına əməliyyatçı həkim, 1951-ci ildə Kahramanmaraş Dövlət Xəstəxanasına baş həkim olaraq təyin edilib. 1953-cü ildə Uşak, 1955-ci ildə isə Elbistan dövlət xəstəxanalarına baş həkim kimi göndərilib. Elbistanda altı il qaldıqdan sonra Ankara-Etimesqut Nümunə Sağlıq Mərkəzinə, oradan da Keskin Dövlət Xəstəxanasının baş həkimliyinə təyin olunub. 1976-cı ildə Səhiyyə və Sosial Müavinət Nazirliyində mətbuat şöbəsinin müdiri ikən təqaüdə çıxıb.

Ankara Təbiblər Birliyi Mirzəli bəyə “Məsləkdə 45 il”, Ankara Təbiblər Odası və Türk Təbiblər Birliyi isə “Məsləkdə 50 il” mükafatı veriblər.

Türkiyədə Ayfər xanımla evlənən Ağamirzə bəyin bir övladı olub.

Mirzəli bəyin tibb elmi ilə bağlı müxtəlif məqalələri elmi dərgilərdə nəşr edilib. Səhiyyə nazirliyi 1974-cü ildə onun “Xərçəng ola bilərmi?” adlı kitabçasını yayınlayıb. Azərbaycan Kültür Dərnəyinin rəsmi orqanı olan “Azərbaycan” jurnalında isə onun tarix, ədəbiyyat və musiqi ilə bağlı yazıları işıq üzü görüb. Mirzəli bəyin nəşr olunmayan “Azərbaycan tarixi və onun türk dünyasındakı yeri” adlı əsəri də olub. O, Əfrasiyab Bədəlbəylinin “Azərbaycan musiqi terminləri” məqaləsini Türkiyə oxucuları üçün uyğunlaşdıraraq “Azərbaycan” jurnalında çap edib.

Ağamirzə bəy Azərbaycan Kültür Dərnəyinin idarə heyətində, intizam şurasında və danışma məclisində təmsil olunub. Dərnəyin sədrlərindən Feyzi Aküzüm Mirzəli bəylə bağlı yazdığı məqaləsində onun həyatı ilə bağlı maraqlı məlumat verib: “Dr. A. Mirzəli bəy yaxşı bir cərrah olmaqla yanaşı yaxşı bir xərçəng xəstəliyi üzrə mütəxəssis idi. Bu mövzuda bir çox çalışmaları, tədqiqatları, məqalə və broşuraları vardı. Rusca, almanca və qismən də fars dilinə vaqifdi. 1975-ci ilin avqustunda Moskvada keçirilən Dünya Cərrahlar Qurultayına Türkiyədən gedən heyətdə o da yer almışdı. Həmin qurultaya getdi, oradan çox məmnun və məsud qayıtdı. 1941-ci ildə Azərbaycandan ayrılarkən orada qalan qızını Moskvada bağrına basması, müəllimləri ilə görüşməsi, yaxın dost və qohumları ilə həsrətə son qoyması onu bambaşqa insan etmişdi. Qızı ilə birlikdə Moskvada çəkdirdiyi fotoşəklini yanından heç ayırmazdı. Hər fürsətdə cibindən çıxarar, iftixarla yanındakılara göstərər, gözlərindən axan yaşları kimsəyə sezdirmədən gizlicə silməyə çalışardı. Ardınca da bu qurultayla bağlı yazdığı “Azərbaycana doğru” şeirini oxumağa başlayardı”.

Ağamirzə bəy 28 iyun 1988-ci ildə xəstəlikdən vəfat edib. Ankarada Karşıyaka məzarlığında dəfn edilib.

Həyat yoldaşı Ayfər Mirzəli dərnəyin jurnalında onun haqqında xoş sözlər yazıb: “Mirzəli bəy həyata bağlı, insanları sevən, dəyər verən, yaxşılıq etməkdən xoşu gələn bir insandı. Yalanı, riyası yoxdu. Dürüst bir xarakterə sahibdi. Oxumaq, öyrənmək, yazmaq onun ən böyük ehtirası idi. Dərya kimi hafizəyə malikdi”.

Xanımı jurnalda Mirzəli bəyin yazdığı “Mevt” (Ölüm) adlı şeirini də dərc etdirib. Beləliklə, əlimizdə Dr. Mirzəli bəyə aid iki şeir var...


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər