16 Fevral 2022 12:07
1 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

1960-cı ildə İstanbulda çap olunmuş “İstanbul Ensiklopediyası”nın (İstanbul Ansiklopedisi) üçüncü cildində “Azərbaycanlılar. İstanbulda” başlıqlı bölmə var. Bu bölməni azərbaycanlı mühacir ədəbiyyatşünas Əli Gəncəli hazırlayıb. Müəllif məqaləsində son iki əsrdə müxtəlif səbəblərə görə İstanbula köç etmiş məşhur azərbaycanlı ailələr haqqında məlumat verib. Məqalədə Gəncədən, İrəvandan, Təbrizdən, Qarabağdan, Şirvandan, Bakıdan gələn ailələrin adları qeyd olunub, qısa şəkildə fəaliyyətlərindən bəhs edilib.

Bu maraqlı məqaləni dilimizə uyğunlaşdıraraq təqdim edirik:

***

İstanbulun fəthindən günümüzə qədər müxtəlif dövrlərdə, müxtəlif vasitələrlə, fərqli yollarla İstanbula bir xeyli azərbaycanlı türklər gəlmiş, yerləşmiş, böyük bir qismi bir-iki nəsil sonra istanbullularla qaynayıb-qarışmışdılar.

Fəthdən sonra Fatehin elm, sənət və ədəbiyyat mənsublarını himayə etməsi üzərinə sevə-sevə İstanbula gəlib böyük şəhərin elm mühitinə daxil olanları ancaq dövrün təzkirələrindən, İstanbul kitabxanalarını dolduran əlyazma əsərlərdən, katiblərdən öyrənirik.

Fateh hələ uşaq ikən Mövlanə Şirvani adlı birindən “Gülüstan”ı oxumuşdu. Fateh dövrünün şairlərindən Mövlanə Qabulinin də Şirvandan gəldiyi divanından anlaşılır. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin saraylarında olan elm və sənət adamları da bu türkmən dövlətləri süqut edib məmləkətləri Osmanlı ilə Səfəvilərin əlinə keçincə İstanbula hicrət etmişdilər. Səfəvi-Osmanlı müharibələrində Azərbaycanın Osmanlı idarəçiliyində olduğu sıralarda da Təbrizdən və digər Azərbaycan şəhərlərindən elm və sənət adamları İstanbula cəlb edilmişdi.

Səfəvilər dövründə şiə qızılbaş Səfəvi idarəçiliyi altında yaşamaq istəməyən sünni azərilər Osmanlı ölkəsinin müxtəlif yerlərinə hicrət etmiş və oralardan İstanbula gəlmişdirlər. Son əsrlərdə Rusiya istilası dövründə də qeyri-müsəlman bir dövlətin təbəəsi olmaq istəməyən azərbaycanlılar Türkiyəyə, xüsusilə İstanbula köç etmişdilər.

Bunlardan əlavə ticarət, sənət ifa etmək, hətta işçilik, hamballıq, xidmətçilik, aşçılıq, tacirlik, tacir katibliyi, dəllallıq kimi işlərlə məşğul olmaq üçün İstanbula çox kimsələr gəlmişdir. Bunlardan başqa həccə gedərkən İstanbula gəlib yerləşən, mənsub olduğu təriqət pirinin ziyarətinə gəlib bir təkkədə hücrənişin olan azərbaycanlılar da mühüm bir yekun tutur. Birinci Cahan hərbindən əvvəl İstanbulda 25 min azərbaycanlı vardı. Heç bir dövlətin pasportunu daşımayıb başıboş gəzənlər bu yekuna daxil deyildirlər. İstanbulda azərbaycanlılar hər işdə, hər yerdə, hər sənətdə görünürlər. Osmanlı dövlətinin sədrəzəmliyinə qədər yüksələnlərdən tutmuş böyük şəhərin zibilini daşıyanlara qədər vardır. Alim, şair, dərviş, xoca, məmur, əsnaf, qəhvəçi, məzəçi, zabit, polis, sələmçi, teatrçı, sinemaçı və aktyordan ümumxanə işlədənlərə qədər rast gəlinir. Bununla bərabər bir neçə sənət və məslək İstanbulda zaman-zaman azərbaycanlılar arasında çox yayılmışdır. Bunlar da azərilərin qopub gəldikləri Azərbaycanın şəhər və qəsəbələrinə görə ayrıla bilir. Məsələn, təbrizlilər, ümumiyyətlə, xalı ticarəti, kağız və dəftərxana işləri ilə, səlmaslılar və xoylular daha çox çuvalcılıq, sandıqçılıq, gömrük hamballığı, komissiyaçılıq kimi işlərlə məşğul olurdular. Şirvanlılar xalı ticarəti, ipək qumaş ticarəti, pambıq parça, dəsmal, əlyazma və bu kimi işlərlə ad qazanmışdılar. Eyni zamanda Şirvan əhalisinin çoxu alim və fazil adamlar olduğu üçün yüksək məmuriyyətlərə, xocalığa və münəvvər zümrəyə məxsus işlərə də daxil olardılar. Gəncəlilər xalı ticarəti, qumaş, çay və qəhvə, qarabağlılar çay ticarəti, əntiq əşyaçılıq, qızıl və gümüş, səbüştərlilər tuhafiyə, qəhvəçilik, hotelçilik, sələmçilik və tütünçülüklə məşğul olurdular. Müxtəlif kəndlilər isə hamballıq, eşşəkçilik, satıcılıqla dolanırdılar. Bu kəndlilərdən biri gəlişini belə nəql etmişdi: “Bir neçə qəpiklə kənddən çıxdım. Bir neçə günlük yeməyimi götürdüm. Piyada yola çıxdım. Kəndlərdə işləyərək üç aya Trabzona gəldim. Vapura mindim, yol xərcini kömür və əşya hamballığı edərək ödədim. Üstəlik bir neçə qəpik də pul yığdım. İstanbula çatan kimi həmyerlilərimi tapdım. Mənə bir yer göstərdilər. Bir masa tədarük edərək yavaş-yavaş satıcılığa başladım. Körpüdə, bazar yerlərində dolaşdım, həm keçimimi təmin etdim, həm də pul toplayıb işimi böyütdüm. İndi Kumkapı ilə Çamlıcada evim, Asmaaltında bir dükanım vardır”.

Bu azəri kəndli bu sətirlərin yazıldığı əsnada İstanbulun zənginlərindən biri idi.

Hərbi-ümumidən əvvəl get-gəl asandı. Xarici valyuta məsələləri, iş qanunları çıxmazdan əvvəl İstanbul ilə Azərbaycan şəhərləri arasında davamlı bir bağlılıq vardı. Bir müddət İstanbulda yaşayıb məmləkətlərinə qayıdanlar çox idi. Onlar Osmanlı türk kültürünün Azərbaycanda yayılmasına çox xidmət etmişdilər.

İstanbulda yaşayan mühüm ailələr bunlardır:

Şirvanlılar:

Faiq paşa Şirvani və qardaşı Halet Molla bəy. Faiq paşa son Osmanlı paşalarındandır. Alim, fazil bir zat idi. Şahzadəbaşında köşkü vardı.

Sədrəzəm Şirvanizadə Rüştü paşa, qardaşı Əhməd Xülusi əfəndi. Şahzadəbaşında köşkləri vardı. Bu gün bu səmtdəki Şirvanizadə küçəsi onun adına görədir. Bu ailənin övladları və nəvələri bu sətirlərin yazıldığı əsnalarda mühüm məmuriyyət və işlərin başında durmaqdadırlar.

Məsud əfəndi Şirvani – Son zamanlarda gəlmişdir. Ədib bir zat olub, məktəblərdə türkcə müəllimliyi edib. Sabiq Maarif naziri Həsən Əli Yücel Məsud əfəndinin tələbələrindən biridir.

Qurbanoğlu ailəsi – İki nəsildən bəri İstanbuldadırlar. Xalı və əntiq əşya ticarəti ilə məşğuldurlar. Beşiktaşda köşkləri vardı, yandı. Ailənin bir hissəsi Şirvandadır. İstanbula Səfdər bəylə Baba bəy Qurbangil (Qurbanov) gəlmişdirlər. Baba bəy ədəbiyyatla da məşğuldu, türkcə və farsca şeirləri vardı.

Şəkililər

Olduqca çoxdurlar. Fəqət əksəriyyətlə kiçik ticarət işləri ilə məşğuldurlar.

Professor Əli Nihad Tarlan ailəsi – Əvvəlcə Ərzuruma yerləşmişlər. Üç nəsildən bəri İstanbuldadırlar.

Siracəddin bəy ailəsi – keçən əsrin sonlarında İstanbula yerləşmiş, xalı ticarəti ilə məşğul bir zat idi. Bu sətirlərin yazıldığı əsnada oğulları da tanınmış xalı tacirlərindəndi. Hafız Hüsnü bəylə qardaşı Halıcılık Türk Limited şirkətinin sahibidirlər.

Hacı Bəkir əfəndi – Kapalıçarşı əsnafındandır. Tipik bir Şəki qiyafətini mühafizə edər, altmış ildən bəri İstanbulda olduğu halda türkcəni Şəki ləhcəsi ilə danışar, məmləkətində olduğu kimi dükanında da dəri üzərində oturar.

Hacı Tağı əfəndi ailəsi – keçən əsrin sonlarında İstanbula gəlmiş, gömrükdə xalı komissiyaçılığı ilə işə başlamış, “Dəllal Hacı Tağı” deyə şöhrət qazanmışdır. Oğlu Əli bəy də gömrük komissiyaçısı olub zərif, hazırcavab bir zatdır.

Qarabağlılar

Qafar oğulları – Böyük bir ailədir. İyirminci əsrin əvvəllərindən bəri İstanbula yerləşiblər, xalıcılıq və əntiq əşya ticarəti ilə məşğuldurlar. Bebekdə villaları var. Uşaqları Robert Kollecdə oxuduqları üçün bir qismi Amerikaya hicrət etmişlər. İstanbulda Kapalıçarşıda Əhməd Kaner bu ailənin İstanbulda ən məşhur simasıdır.

Fəyyaz oğulları – Bu da geniş bir ailədir. Dünyanın ən mühüm şəhərlərində qolları vardır. Vaxtilə olduqca zəngin idilər. Cağaloğlunda köşkləri, Bebekdə, Kadıköydə, Kuşdilində villaları vardı. İstanbulun məşhur və ilk böyük sineması olan “Melek Sineması” bu ailədən İsmayıl bəyin qızı Mələk xanımın adı ilə bağlıdır. Sirkəcidəki “Azeri cinema” da eyni ailə üzvlərindən birinindir.

Cavanşir ailəsi – Cavanşir Azərbaycanın ən əski ailələrindən biri olub Teymurilər zamanından bəri Qarabağ vilayətinin bəyi, hökmdarı olmuşlar. Bunlardan Behbud xan Cavanşir Azərbaycan hökumətinin hərbiyyə naziri (əslində daxiliyyə - D.Ə) idi. “Park” hotelində erməni Torlakyan tərəfindən öldürüldü. Paltarı ilə Azərbaycan bayrağı xatirəsini anmaq üçün əsgəri muzeyə verildi.

Ağaoğlu Əhməd bəy ailəsi (Ensiklopediyada Ağaoğlu ailəsi haqqında ayrıca maddə olduğu üçün Əli Gəncəli məqaləsində barələrində yazmayıb – D.Ə)

Mehmed Sadıq bəy – Qarabağın şəhər ailələrindən birinə mənsubdur. Bilgili, fəzilətli bir zatdır. Farsca, ərəbcə, rusca, fransızca, almanca və fincə bilir. Azərbaycan tarixi, coğrafiyası və etnologiyası üzərinə araşdırmaları vardır. “Ulus”da, “Cumhuriyet”də, “Tasvir”də və “Tanin”də dəyərli məqalələri nəşr olunmuşdur. Finlandiyada “Yeni Turan” qəzetini çıxarmışdır. Müxtəlif qəzetlərimizi Avropada və Şərq məmləkətlərində təmsil etmişdir. İstanbuldan başqa Ankara, Qars, Trabzon və Ərzurumda da şöhrət sahibidir. (Azərbaycan Cümhuriyyəti parlamentinin üzvü Məhəmmədsadıq Axundzadədən bəhs edilib - D.Ə)

Doktor Ağaoğlu Mehmed – İstanbulda yerləşmiş, Vyanada təhsil almış, İslam sənəti tarixi mütəxəssisidir. Vəqflər muzeyində, İstanbul Darülfünununda işləmiş, Amerikaya dəvət edilmiş, Filadelfiya Universitetində İslam sənəti tarixi üzrə professor olmuşdur. Ars İslamica cəmiyyətinin məcmuəsini idarə edirdi. 1949-cu ildə orada vəfat etdi. Anası Banu xanım İstanbuldadır.

Salyanlılar

Mərhum Əli bəy Hüseynzadə ailəsi – II Əbdülhəmid dövründə İstanbula gəlmiş tibb doktoru idi. Məktəbi-Tibbiyyədə professor olmuş, Gənc Türk hərəkatında iştirak etmiş, Türk milliyyətçilərinin məşhurlarından olmuşdur. Sultan Həmid tərəfindən təqiblərə məruz qalmış, bir ara Üsküdarda Gəncəli Mehmedzadələrin villasına çəkilmiş, bu əsnalarda Hacı Cavad Gəncəlinin (bu sətirlərin mühərririnin atası) bir portretini çəkmişdir. Oğlu Mehmed Səlim Turan İstanbulun tanınmış rəssamlarındandır.

Əli bəy Akşin – Birinci Cahan hərbi əsnasında Bakıda Türk konsulluğunda çalışırdı. Sonra İstanbula gəlib yerləşmişdir. Olduqca zərif bir zatdır. Türkcədə Azərbaycan ağzının mühafizəsi ilə məşhurdur.

Bakılılar

Bakı yeni inkişaf edən şəhər olduğuna, iş sahəsinin genişliyinə görə bu şəhərdən Şirvan, Şəki, Gəncə, Təbriz, Xoy, Səlmas kimi xaricə tacir, əsnaf mühacir getməmişdir. Buna görə də İstanbulda bir neçə nəsil yaşayan bakılı azərilərə seyrək rastlanır.

Mirzə Bala – Bakının tanınmış ailələrindən birinə mənsub bir zatdır. Hərbi-Ümumidən sonra İstanbula yerləşmişdir ki, qüvvətli qələm sahibidir. Farsca, fransızca, rusca yaxşı bilir, elm və fəziləti ilə seçkin bir simadır. Rind məşrəb (dərviş təbiətli – D.Ə), xəyyampərəstdir. İslam Ensiklopediyasında dəyərli məqalələri vardır.

Naxçıvan və irəvanlılar

Bu vilayətlər uzun müddət Osmanlı idarəçiliyində olduğuna görə İstanbula gələnlər çox olmuşdur. Fəqət onlar İstanbul deyilən dəryada bir qətrə su kimi qeyb olmuşdurlar. Bu gün tanınmış naxçıvanlı və irəvanlı ailələrdən:

Naxçıvan vilayəti və bəylərbəyisi Kəngərli aşirəti bəyi Fərəcullah xan oğulları, nəvələri, nəticələri. Fərəcullah xan bu sətirlərin yazıldığı əsnada 98 yaşında Kızıltoprakdakı köşkündə nəvələrinin oğulları ilə yaşayırdı. Öz dişləri ilə hər zaman cibinə doldurduğu badamları yeyər. Doxsan il əvvəl oxuduğu “Gülüstan”ın bir çox yerləri hafizəsindədir. Kızıltoprakdan Kadıköyə piyada gedib-gələr. Canlı bir tarixdir. 1293-cü il (köhnə təqvimlə - D.Ə) Qars müharibəsini görmüş, İstiqlal hərbində iştirak etmişdir.

Sadıq bəy Haqverdi – İrəvanlıdır. Qumaş istehsalçısıdır.

Təbrizlilər

Bir çox ailələr gəlmişdir. Aralarından vəzir, xəttat, şairlər yetişmişdir.

Müəllim Feyzi əfəndi – Təbrizin Türkmənlər qəsəbəsindəndir. Atası Əsədullah Molla qəsəbənin müftisi və xocası idi. Feyzi əfəndinin oğlu Mehmed Safa bəy (Safa İksel) Osmanlı xariciyyəsinin dəyərli məmurlarındandı, mətbuat müdiri olmuşdur. Bu sətirlərin yazıldığı əsnada Cümhuriyyət Mərkəz Bankası müxabirət müdiri idi. Onun oğlu Səttar İksel Paris səfirliyi müstəşarıdır. Qızı Zeynəb xanım Ankara radiosunda tarixi musiqi saatını dinlədən Cavad Məmduh Altarın zövcəsidir.

Rəmzi Baba – İstanbula yerləşmiş təbirzli qələndər bir bektaşidir. Dəryakeş idi, hər cür adamla oturub-durardı. Vəzirlərdən şairlərə, küçə dilənçilərinə qədər hər kəslə münasibəti vardı.

Sadıq Kağıtçı – “Afitab” mağazasının sahibidir. Kağız və dəftərxana ticarəti ilə məşğul olan xeyirxah bir zatdır.

Cavad bəy Azər – milliyyətçi, türkçü bir zatdır. Təbrizdə müəllim idi. İstanbula gələrək ticarətlə məşğul oldu. Ədəbiyyat və tarix ilə sağlam ülfət sahibi idi, sözü şirin bir zatdır.

İhrabi – Təbrizin İhrab məhəlləsindəndir. Hərbi-Ümumidən əvvəl İstanbula yerləşmişdir. Ailəsi ötədən-bəri İstanbulla Təbriz arasında xalı ticarəti ilə məşğul idi. Alim, fazil bir zatdır. Farsca şeirləri vardır.

Şahzadə Daniş – Şahzadə Mirzə Rza Erfaüddövlə. Əsli ərzurumludur. Ötən əsrdə İrəvana hicrət etmiş bir ailənin övladıdır. İstanbulda uzun müddət səfiri-kəbir olaraq İranı təmsil etmişdir. Ana dili türkcədən başqa farsca, ərəbcə, fransızca, rusca, almanca, latınca, ingiliscə bilir. Türkcə və farsca şeirlər yazmışdır.

Gəncəlilər

İstanbula yerləşmiş gəncəli azərilərin ən əskisi “Gəncəlilər” adı ilə məşhur Qara Mehmed bəy ailəsidir. Onlara Mehmedzadələr, Mehmedovlar da deyilir. Dörd nəsildən bəri İstanbul həmşəhriləridirlər. İlk dəfə 1250-yə (köhnə təqvimlə - D.Ə) doğru ticarət məqsədi ilə gəlmişdirlər. Üsküdarda Şemsipaşada bir villa almışdılar. 1300-də Mahmutpaşada Yıldız Hanının böyük bir hissəsinə sahib olmuşdular. Bu ailədən mərhum Hacıbaba Gəncəli və qardaşı Nəcəf Gəncəli (bu sətirləri yazanın dədəsi) böyük şəhərin məşhur tüccarları idilər. Bu ailədən Mehmed bəy Mehmedzadə Yıldız Hanında ticarətlə məşğuldur. Ədib bir zatdır.

Ailədən mərhum Zeynəl Gəncəli ədib, şair, alim bir zatdı. Ömründə heç bir işin üzərində səbatkar ola bilmədi. Əsərini hazırlamağa belə üşəndi. Bütün ömrünü eşə-dosta ilişmək, lətifə ilə keçirdi. Şeirlərini, məqalələrini həmişə müstəar imza ilə nəşr etdi.

Adil Ziyadoğlu ailəsi – Gəncənin ən əski ailələrindəndi. Səfəvi, Osmanlı və Rusiya dövrlərində dədədən-babadan Gəncə bəylərbəyisi olmuşdular. Qacar aşirətinin Yuxarıbaş qolunun Ziyadoğlu boyuna mənsubdurlar. Bu ailədən İstanbula yerləşən Adil Cavad xandır. Gəncənin son bəylərbəyisi Cavad xanın oğludur (əslində nəvəsi – D.Ə). Azərbaycan hökuməti xariciyyə naziri (əslində müavini – D.Ə) idi. Sonra İran səfiri oldu. Finlandiya Müsəlmanları Konqresində Azərbaycan müsəlmanlarını təmsil etdi. Universitetdə rus dili və ədəbiyyatı professorluğundan təqaüdə çıxdı. Rusca, farsca, fransızca və almancanı ana dili kimi bilir. Azərbaycan etnoqrafiyasında və folklorunda dərin bilgi sahibidir. Azərbaycan haqqında Tehranda, Bakıda, İstanbulda bir çox əsərlər nəşr etmişdir.

Yusifbəy qızları – Gəncənin tanınmış ailələrindən Yusifbəy (Nəsib bəy Yusifbəyli nəzərdə tutulur – D.Ə) Azərbaycanın dövlət rəisi idi. Azərbaycan dövləti süqut edincə qeyb oldu. Qızı, yoldaşı və kürəkəni İstanbula yerləşdilər. Həyat yoldaşı Şəfiqə xanım krımlı məşhur İsmayıl bəy Qaspıralının qızıdır.

Doktor Əhməd Cəfəroğlu – Gəncədən İstanbula təhsilə gəlmiş və böyük şəhərə yerləşmişdir. İstanbul Universiteti Ədəbiyyat Fakultəsində Türk dili tarixi professorudur. Bir çox əsərləri vardır.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər