18 Fevral 2022 11:08
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mühacirətdə fəaliyyət göstərmiş Azərbaycan Milli Mərkəzinin və Müsavat firqəsinin sədri Məhəmməd Azər Aran 1911-ci ildə Zəngilanda doğulub. Onun ailəsi Rəsulzadənin liderliyində qurulan Müsavat firqəsinin üzvləri idilər. Aran yeniyetmə ikən Azərbaycan Cümhuriyyətinin işğalı və ardınca ictimai-siyasi xadimlərin həbslərinə, güllələnmələrinə şahid olub.

1929-cu ildə Azərbaycanda liseyi bitirən Məhəmməd Azər bəyin ailəsi yaxın qohumlarının da başına gələn bu müsibətlərdən qorumaq üçün onun Türkiyəyə mühacirətə getməsinə razı oldular. Maraqlıdır ki, onunla birlikdə mühacirətə getmək istəyən başqa bir ailənin də övladı vardı. Onun silahdaşlarından Əhməd Qaracanın yazdığına görə bu şəxs İlyas Əfəndiyev idi: “Bu dostu ilə birlikdə Azərbaycanın düşdüyü vəziyyəti müzakirə edir, çarələr düşünürdülər. Tək qurtuluş ümidi kimi Məhəmmədəmin Rəsulzadənin və silahdaşlarının yürütdükləri şərəfli mücadilədə görürdülər. Beləcə iki dost İran üzərindən Türkiyəyə keçərək Rəsulzadənin yanında yer almaq üçün yanıb qovrulurdular. Bu getmə fikrini beyinlərinə qoymuşdular. Tək qorxuları ailələrinin bu fikrə nə deyəcəkləri idi. Qaçış hazırlığına başladılar və bir gün öncə vəziyyəti ailələrinə bildirdilər. Məhəmməd Azərin ailəsi eyni görüşdə idi. Atası ilə birlikdə dostu İlyasla görüşəcəyi yerə gəldi. Amma İlyas Əfəndiyev yoxdu. Atası xeyli təlaşlandı, qaçışlarının bilinmələrindən qorxdu. Bütün mənfi ehtimalları da nəzərə alaraq oğlunu tək qoymadı, İrana sağ-salamat keçməsini təmin etdi. Atasının Türkiyəyə getməsinə əngəl olduğu İlyas Əfəndiyev bu gün Azərbaycanda yaşayan ən böyük dramaturqdur”.

Ə.Qaraca Məhəmməd Azər bəyin irəvanlı Əli Aran bəylə tanış olmalarından da bəhs edib: “Dr. Məhəmməd Azər Aran dostu İlyas Əfəndiyevi orada qoymuşdu, amma özü kimi Türkiyəyə getmək üçün Güney Azərbaycana keçən bir gənci tapmaqda gecikmədi. Bu gənc mərhum riyaziyyat müəllimi Əli Aran bəydi. Əli Aranla çox yaxşı dost oldular, birlikdə Türkiyəyə gəldilər, eyni soyadını aldılar, bunu bilməyənlər onları qardaş zənn etdilər. Türkiyəyə keçdikdən sonra Ankaraya gəldilər. Təhsillərini tamamlamaq istəyirdilər. Ekvivalentlik imtahanı vermələri gərəkdi. Bolşeviklər onlara türk tarixi yerinə rus tarixi oxutmuşdular. Sıx çalışmadan sonra digər azərbaycanlı dostları ilə birlikdə imtahanı qazandılar... Azər Aran bəy vətəni Azərbaycanda ehtiyac olar deyə əsgəri tibb təhsili almaq istəyirdi. Marşal Fevzi Çakmak paşa ilə Səhiyyə nazirini ziyarət imkanını Türk Ocağı təmin etdi. Beləcə Azər Aran İstanbulda əsgəri tibb, Əli Aran da İstanbul Texniki Universitetinin tələbəsi oldular... İstanbulda ilk işləri Məhəmmədəmin Rəsulzadəni görmək və əllərini öpmək oldu. Rəsulzadə və silahdaşlarının yanında yer aldılar”.

1930-cu ildə Məhəmmədəmin Rəsulzadə və silahdaşlarının Türkiyədə yaşamaları qadağan edildiyi zaman Azər Aran tibb təhsilinin üçüncü sinfinə keçmişdi. Bu məcburi hicrətə görə bir çox işləri gənc silahdaşlar yerinə yetirməli oldular. Qaraca bu barədə yazıb: “... Arxivləri onlara əmanət etdilər. Məhəmməd Azər Aran beləcə 21-22 yaşında ən ağır şərtlər altında gənc dostları ilə birlikdə istiqlal və hürriyyət bayrağını çiyinlərində daşıdılar. Tarixi milli vəzifəni yerinə yetirdilər, vacib yazışmaları həyata keçirdilər. Avropadan gələn milli mətbuatı ən mükəmməl şəkildə ünvanlarına çatdırdılar. Milli mətbuata xəbərlər, yazılar yazmağa başladılar. Azərbaycan Milli Müsavat partiyasının və Azərbaycan Milli Mərkəzinin üzvü oldular”.

Əsgəri tibb fakültəsini bitirdikdən sonra Azər Aran gənc həkim kimi İkinci Dünya müharibəsi illərində müxtəlif yerlərdə çalışıb. Ardınca nevrologiya üzrə ixtisasını tamamlayıb. 1949-cu ildə qurulan Azərbaycan Kültür Dərnəyində fəaliyyət göstərib. Sivas şəhərində hərbi xəstəxanada baş həkim olaraq çalışıb. Türkiyə Anıtlar Dərnəyinin üzvü olaraq Sivasda Qazi Bürhanəddinin abidəsini hazırlatdırıb. General rütbəsinə yüksəldilməsi mümkün olmayınca öz arzusu ilə təbib albay kimi təqaüdə çıxıb. Ankaraya gələrək ömrünün sonunadək bu şəhərdə yaşayıb. 1981-ci ildə Müsavat partiyasının və Azərbaycan Milli Mərkəzinin sədri Kərim Odərin vəfatından sonra Ankarada toplanan divan üzvləri onu hər iki qurumun sədri seçiblər. Doktor Məhəmməd Kəngərli onun müavini olub.

Azərbaycan Kültür Dərnəyinin sədrlərindən Əhməd Qaraca onunla bağlı xatirəsində yazıb: “Doktor Məhəmməd Azər Aran bəyi 1951-ci ildə Azərbaycan Kültür Dərnəyinin tarixi Türk Ocağının konfrans salonunda tərtib edilən bir konfransda tanıdım. Ankara vəkillərindən, dərnək üzvlərindən Atılhan Azərbaycanın böyük satirik şairi Ələkbər Sabir haqqında bir mühazirə oxuyurdu. Mühazirəni dinləyənlər arasında tanınmış ədəbiyyat tənqidçisi və Ankara Atatürk liseyindən fransız dili müəllimim olan Nurullah Ataç yüzbaşı bir doktorla birlikdə iştirak edirdi. Xocama yaxınlaşdım, “xoş gəldiniz” dedim, əllərini sıxdım və özümü tanıtdım. O ərəfələrdə Ankara Universitetinin Tibb fakultəsinin tələbəsi idim. Doktor yüzbaşı mənimlə yaxından maraqlandı, adının Məhəmməd Azər Aran və dərnəyin üzvü olduğunu söylədi. Əli Aran bəylə qohumluğunun olub-olmamasını soruşdum. Yaxın dostu olduğunu bildirdi. Mərhumla dərnəyin digər toplantılarında da zaman-zaman qarşılaşır, görüşürdük. Onunla dostluğumuz belə başladı”.

Aran parkinson xəstəliyindən əziyyət çəkib.

8 aprel 1993-cü ildə 82 yaşında Ankarada vəfat edib. 9 apreldə Kocatepe məscidində qılınan cənazə namazından sonra Karşıyaka məzarlığında dəfn olunub. Cənazə mərasimində Azərbaycan Kültür Dərnəyinin, Azərbaycan Milli Mərkəzinin üzvləri, Xarici İşlər Nazirliyinin təmsilçiləri iştirak ediblər, Məhəmməd Kəngərli nitq söyləyib.

Məhəmməd Azər Aran hüquqşünas Nigar xanımla ailə həyatı qurub. Üç oğlu, iki nəvəsi olub. Böyük oğlu Bozkurt Aran diplomat olub. İkinci oğlu Dr. Oğuz Aran, üçüncü oğlu isə geoloq mühəndis İlhan Arandı.

Məhəmməd Azər Aran Müsavat firqəsinin mühacirətdəki sonuncu sədri idi.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər