21 Noyabr 2014 17:02
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Diaspora məsələləri üzrə Dövlət naziri Gela Dumbadzeni qəbul edib.

QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, A.Paşazadə Azərbaycanla Gürcüstanın dostluq və səmimiyyət əsasında qurulan münasibətlərinin getdikcə daha da inkişaf etdiyini bildirib və bu işdə iki ölkənin dövlət başçılarının, eləcə də Ümumgürcüstan Patriarx-Katolikosu II İliyanın xüsusi xidmətlərini vurğulayıb. Onun sözlərinə görə, qonşu ölkədə yaşayan azərbaycanlılar Gürcüstanın vətəndaşları olaraq bu ölkəyə xidmət etdikləri kimi, Azərbaycanda yaşayan gürcülər də eyni dərəcədə vətənləri Azərbaycana xidmət etməlidirlər. QMİ sədri vurğulayıb ki, yalnız bu yolla iki dövlət arasında olan qardaşlıq və mehriban qonşuluq münasibətlərinin daha dərin və davamlı olmasını təmin etmək olar.

Gürcüstanın Diaspora məsələləri üzrə Dövlət naziri Gela Dumbadze öz növbəsində səmimi qəbula görə A.Paşazadəyə minnətdarlığını bildirib və QMİ sədrinin fikirlərini dəstəklədiyini söyləyib. Nazir qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlıları ölkə ictimaiyyəti namuslu, zəhmətkeş, eləcə də layiqli insanlar kimi görür və tanıyır.

Görüş zamanı iki ölkə arasındakı qarşılıqlı münasibətlər və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev, QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli, QMİ-nin Nəşriyyat şöbəsinin müdiri Zülfüqar Fərzəliyev, Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze və başqaları iştirak ediblər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər