Ötən yazımızda Ankarada fəaliyyət göstərən Azərbaycanı Tanıtma Dərnəyindən bəhs etmişdik. Budəfəki məqalədə yenə Ankaradakı başqa bir dərnək haqqında məlumat verəcəyik.
Azərbaycan Milliyyətçilər Dərnəyi (AMD) 8 fevral 1952-ci ildə Ankarada qurulub. Dərnəyin Nizamnaməsinin 1-ci maddəsində yazılıb: “Dərnək siyasətlə məşğul olmur. Mərkəzi Ankaradadır, şöbəsi yoxdur”.
İkinci maddədə isə dərnəyin yaradılmasının məqsədləri açıqlanıb:
- Böyük türk aləminin bir parçasını təşkil edən Azərbaycanın tarixini, kültürünü, iqtisadiyyatını incələmək və yaymaq;
- Vətən, hürriyyət və milli müqəddəsat əsaslarına dayanan azəri türk milliyyətçiliyini işləmək və türk əxlaq, adət və gələnəklərinə uyğun yaşamağı təlqin etmək;
- Azərbaycanlı mühacirlərə mənəvi yardım etmək və onların türk camiəsinin əxlaq və fəzilət sahibi olan milliyyətçi fərdi olaraq yetişməsinə və yaşamasına yardım etmək;
- Möhtac azərbaycanlılara və maddi durumları səbəbi ilə təhsillərinə davam edə bilməyən azərbaycanlı tələbələrə dərnəyin imkanları daxilində yardım etmək və yatılı məktəblərə yerləşdirilmələrinə çalışmaq;
- Azərbaycan türk milliyyətçiliyi əleyhindəki cərəyanlarla fikir və mətbuat yoluyla mücadilə etmək;
- Fəaliyyəti və məqsədi daxilində qəzet, məcmuə, kitab, risalə çıxarmaq və toplantılar tərtib etmək.
18 yaşı tamam olmuş, mədəni hüquqlarından istifadə edə bilən hər bir türk təşkilatın üzvü ola bilərdi. Dərnəyin həqiqi və fəxri üzvü olmaq mümkündü. Maddi və mənəvi yardım edənlər qurultayın qərarı ilə fəxri üzvlüyə qəbul edilirdilər. Həmin üzvlərin adları dərnəyin şərəf dəftərinə qeyd olunurdu. Qurultay həqiqi üzvlərdən təşkil olunurdu. Fəxri üzvlər seçilə bilsə də, rəy vermək hüquqları yox idi. Qurultay normal şərtlərdə hər il yanvar ayında toplaşmalı idi. Müzakirə ediləcək məsələlər müəyyən edildikdən sonra 15 gün öncədən iki qəzetdə elan verilirdi, eləcə də, müvafiq hökumət qurumuna məlumat göndərilirdi. İdarə heyəti lazım bildikdə, həmçinin, həqiqi üzvlərin beşdə birinin yazılı tələbi olduqda, qurultayın fövqəladə toplantısı çağırıla bilərdi. Qurultayı dərnəyin başqanı idarə edirdi. Dərnəyin idarə heyəti bir başqan, bir ümumi katib, bir mühasib və iki üzvdən ibarət olmaqla 5 nəfərdən təşkil edilirdi. Həmin bu 5 nəfər hər il yanvar ayında baş tutan qurultayda seçilirdi.
Nizamnamədə dərnəyin qurucuları kimi bu şəxslər göstərilib: Əhməd Ulusoy (mühasib), Əli Taşkənt (mühəndis), Çingiz Göygöl (inşaatçı), Hidayət Turanlı (mühəndis), İsa Göçər (mühəndis), İskəndər Xoyxan (hüquqşünas), Qədir Dilican (mühəndis), Məhəmməd Altunbay (pilot), Nağı Bayramgil (mühasib), Niyazi Kürdəmir (müəllim), Səfvət Zərdabi (mühəndis).
Dərnəyin qurucularından Səfvət Zərdabi Həsən bəy Zərdabinin, Niyazi Kürdəmir isə Nəsib bəy Yusifbəylinin oğludur. “Azadlığa uçan ilk türk” kimi tanınan Məhəmməd Altunbay təyyarəsi ilə Sovet İttifaqından qaçan ilk şəxs olub və bu barədə xatirələrini yazıb.
AMD Ankarada yerləşsə də, İstanbulda fəaliyyət göstərən dərnəklərlə də əməkdaşlıq edib. Azəri Qardaşlar Yardımlaşma Dərnəyinin sədri Məhəmmədsadıq Aran 1953-cü ildə Ankaraya gəldiyi zaman AMD-ni ziyarət edib, qurucuları ilə müzakirə aparıb. Aran dərnəklərin qayəsinin eyni olduğunu bildirərək, önəmli hadisələrin ildönümünü, tarixi şəxsiyyətlərlə bağlı anım günlərinin müştərək keçirilməsinin vacibliyini qeyd edib: “Bizlər kökü xaricdə olan heç bir siyasi təşəkkülə mənsub olmamaqla tamamilə türkçü və qeyri-siyasi təşəkküllər olaraq azərbaycanlılar arasında birlik zehniyyətinin qurulmasının tərəfdarıyıq”.
7 iyun 1953-cü ildə Ankarada Demirspor salonunda dərnəyin ilk illik qurultayı keçirilib. Qurultayın sədrliyinə İskəndər Xoyxan, müavinliyə Heydər Novruzxan, katibliklərə Nağı Bayramgil və Əhməd Ulusoy seçilib. Dərnək sədri Hidayət Turanlı idarə heyətinin illik hesabatını oxuyub, müzakirə aparılıb. Ardınca dərnək nizamnaməsinin bəzi maddələrində dəyişikliklər edilib. Maddə 9-da yer alan illik qurultayın keçirilmə tarixi olan yanvar ayı iyun ayına dəyişdirilib. Qurultayda keçirilən yeni seçkilər nəticəsində Hidayət Turanlı yenidən sədr olub. Əhməd Ulusoy, Əziz Alpoud, Qədir Dilican, Səfvət Zərdabi idarə heyətinə, Zihni Hızal, Məhəmməd Altunbay, Niyazi Kürdəmir nəzarət heyətinə, Nağı Bayramgil, İskəndər Xoyxan, Heydər Novruzxan intizam şurasına seçiliblər. H.Turanlı qurultaydakı çıxışında idarə heyətinin bir il ərzində 29 dəfə toplandığını, dərnəyin 200 üzvü, iki nəfər də fəxri üzvü olduğunu qeyd edib.
Dərnəyin bəzi üzvləri – Səfvət Zərdabi, Çingiz Göygöl, İsa Göçər və Niyazi Kürdəmir ayrı bir toplantı keçirərək Səfvət bəyi sədr seçiblər. Bu məsələ məhkəməyə çıxarılıb, nəticədə məhkəmə Hidayət Turanlının sədrliyini qəbul edib.
27 iyun 1954-cü ildə Türk Ocağının konfrans salonunda dərnəyin növbəti qurultayı keçirilib. Qurultay sədrliyinə Nağı Bayramgil, müavinliyə Səltənət Yomut, katibliklərə Fikri Aras ilə İbrahim Xoyxan seçiliblər. Sədr Hidayət Turanlının illik hesabatından sonra yeni seçkilər keçirilib. Sədrliyə yenidən Hidayət Turanlı, sədr müavinliyinə Əziz Alpoud, katibliyə Nağı Bayramgil, mühasibliyə Əhməd Ulusoy, idarə heyətinə Məcid Dönməz, idarə heyətinin ehtiyat üzvlüyünə Şirin Şirvanlı, Ənvər Coşqun, Okyay Alpoud, nəzarət heyətinə Qədir Dilican, Zihni Hızal, İbrahim Sofu, intizam divanına İskəndər Xoyxan, Heydər Novruzxan, Səltənət Yomut seçiliblər.
AMD 20 noyabr 1954-cü ildə Türk Ocağı salonunda “Azərbaycan türkləri gecəsi” adlı tədbir keçirib. Tədbirdə milli musiqi, rəqslər ifa edilib. Dərnək 30 dekabr 1954-cü ildə Hacıbayram məscidində Azərbaycan İrtibat Heyətinin sədri Əbdürrəhman Fətəlibəylinin Qərbi Almaniyada qətlinin 40-cı günü münasibətilə mövlud oxudub.
19 iyun 1955-ci ildə saat 10-da Türk Ocağı salonunda dərnəyin növbəti qurultayı keçirilib. Qurultayın sədrliyinə Hacı Alimpaşa seçilib. Dərnək sədri Hidayət Turanlı illik hesabat oxuyub. Yeni seçkilər nəticəsində H.Turanlı yenidən sədr, Əziz Alpoud sədr müavini olub. İdarə heyəti üzvlüyünə Nağı Bayramgil, Qədir Dilican, Arslan Mirzəli, Şirin Şirvanlı, Əhməd Ulusoy, nəzarət heyətinə Fikri Aras, Okyay Alpoud, İbrahim Sofu, intizam divanına İskəndər Xoyxan, Heydər Novruzxan, Səltənət Yomut seçiliblər. Qurultaydakı çıxışında H.Turanlı Almaniyada vəfat edən Azərbaycan Cümhuriyyəti zabitlərindən Cahangir bəy Kazımbəyli haqqında da fikirlərini bölüşüb.
4 fevral 1956-cı ildə Sənətsevənlər Klubunun salonunda AMD “Azərbaycan gecəsi” təşkil edib. 10 iyun 1956-cı ildə Ankarada Türk Ocağının salonunda dərnəyin növbəti qurultayı baş tutub. Qurultayın sədri vəkil Suat Ballar seçilib. Qurultayda dərnək sədrliyinə yenidən Hidayət Turanlı, sədr müavinliyinə Əhməd Ulusoy, idarə heyəti üzvlüyünə Əli Əzizli, Yusif Akpınar, Nağı Bayramgil, Qədir Dilican, Şirin Şirvanlı, nəzarət heyətinə Fikri Aras, Suat Ballar, Orxan Bayramgil, intizam divanına Əhməd Günəri, İskəndər Xoyxan, Heydər Novruzxan seçiliblər. Yeni idarə heyətinin ilk toplantısında katibliyə Nağı Bayramgil, mühasibliyə Əli Əzizli, “Türk izi” nəşriyyat müdirliyinə Qədir Dilican təyin olunub.
27 aprel 1957-ci ildə AMD Türk Ocağı salonunda Cümhuriyyətin işğalının ildönümü münasibətilə tədbir keçirib. 1 iyun 1958-ci ildə AMD Türk Ocağı salonunda Azərbaycan Cümhuriyyətinin quruluşunun 40-cı ildönümü münasibətilə yığıncaq təşkil edib. 24 yanvar 1959-cu ildə AMD Karpiç şəhər lokantasında Azərbaycan gecəsi tərtib edib.
28 iyun 1959-cu ildə Türk Ocağının binasında dərnəyin növbəti qurultayı keçirilib. Dərnək sədrliyinə yenidən Hidayət Turanlı, müavinliyə Əhməd Ulusoy, idarə heyətinə Nağı Bayramgil, Əhməd Günəri, Şirin Şirvanlı, Mehmed Daşdəmiroğlu, nəzarət heyətinə Yusif Akpınar, Mehmed Qaraçalı, Memduh Qaraçoban, intizam şurasına Hacı Aləmpaşalı, İskəndər Xoyxan, Heydər Novruzxan seçiliblər. 27 aprel 1960-cı ildə Türk Ocağında AMD Azərbaycan Cümhuriyyətinin işğalının 40-cı ildönümü ilə bağlı tədbir keçirib. Dərnək sədri Hidayət Turanlı, dərnək katibi Nağı Bayramgil və Dr.Əziz Alpoud çıxış ediblər.
1970-ci ildə Ankaradakı hər üç dərnək Cümhuriyyətin işğalının 50-ci ildönümünü qeyd edib.
Dərnək üzvləri
Hidayət Turanlı - Uzun müddət AMD-yə sədrlik etmiş Hidayət Turanlı Azərbaycan Cümhuriyyəti xadimlərindən Adil xan Ziyadxanın qızı Turan xanımla ailə qurub. Bu evlilikdən Ənvər adlı oğlu olub. Hidayət bəy dərnəyin rəsmi orqanı olan “Türk izi” jurnalında Məhəmmədəmin Rəsulzadə və onun silahdaşları əlaeyhinə sərt məqalələr qələmə alıb.
Hidayət bəy 1908-ci ildə Tiflisdə doğulub. Tiflisdə mühəndislik məktəbini bitirib. Türkiyəyə mühacirət edib, 29.04.1937-ci il tarixində ona yüksək mühəndislik lisenziyası verilib. Rus (çox yaxşı), alman (yaxşı), ingilis (orta) dillərini bilib. 1935-ci ildə Nafiə Vəkaləti Şosse və Körpülər Müşahidəçilər Şurasında çalışıb. 1935-1944-cü illərdə Mədən Tədqiq və Arama İnstitutu Mühəndisliyində, 1944-1947-ci illərdə Elektrik İşləri Etüd İdarəsi Genəl Direktorluğunda mühəndis olaraq çalışıb. 1947-1949-cu illərdə bu qurumda yüksək mühəndis, 1949-1956-cı illərdə topoqrafiya qolu müşaviri, 1956-1959-cu illərdə etüd qolu direktoru olaraq fəaliyyət göstərib. 1959-1967-ci illərdə Sənaye Nazirliyi Enerji Dairə Planlama Heyəti Müdirliyində çalışıb. 1967-ci ildə bu qurumda başqan vəkili olaraq çalışıb. 17.10.1967-ci ildə baş mühəndis vəzifəsinə təyin olunub.
Niyazi Kürdəmir – Nəsib bəylə Şəfiqə xanımın oğlu Niyazi Yusifbəyli 1908-ci ildə Gəncədə doğulub. Ailə İstanbula gəldikdən sonra Niyazi bəy Qalatasaray liseyində orta təhsil alıb, ardınca İstanbul Universiteti Dil və Tarix fakültəsinin tarix bölümündə oxuyub, buradan məzun olub. 1939-cu ildə “Hiung-nular” adlı elmi iş müdafiə edib. Bir müddət müəllimlik edib (1940-cı illərdə Ərzurum liseyində), daha sonra Bədən Tərbiyəsi Ümummüdirliyində çalışıb. Rusca və fransız dillərində bildiyi üçün bu qurumun xarici əlaqələr şöbəsində fəaliyyət göstərib. Niyazi Yusifbəyli 1964-cü il dekabr ayının 25-də gecə saatlarında Ankaradakı evində keçirdiyi infarkt nəticəsində vəfat edib.
Səfvət Zərdabi – Səfvət bəy 25 noyabr 1891-ci ildə Zərdabda doğulub. 1904-1910-cu illərdə Bakı edadi mәktәbindә oxuyub. 1 sentyabr 1913-cü ildә Riqa Politexnik İnstitutunun inşaat fakültәsinә girib. 1914-1918-ci illәrdә orada oxuyub. 10 yanvar 1918-ci ildә İnstitutu tәrk edib. Səfvət bəy Əlimərdan bəy Topçubaşının sədri olduğu Paris Nümayəndə Heyətində katib olub. 1923-1926-cı illərdə Karlsruedә memarlıq üzrə təhsil alıb. Azərbaycana qayıtmayan Səfvət bəy 1927-ci ildə Türkiyəyə gedib, ömrünü orada başa vurub. Bir müddәt Kayseri sәnaye fabrikinin tikintisindә inşaat işlәrinә nәzarәt şöbәsindә fәaliyyәt göstәrib. Konya, Dәnizli, Aydın, Ədirnә vә Diyarbәkir vilayәtlәrindә bayandırlıq müdiri olub. Sәfvәt bәy 1950-ci ildә tәqaüdә çıxıb. 1954-cü ildә yaradılmış Türkiyә Mühәndis vә Memar Odaları Birliyinin qurucularından olub. Sәfvәt bәy 1967-ci ildәn Mersin bölgә müdirliyindә liman tikintisindә şöbә müdiri olaraq çalışıb. 1976-cı ildə Ankarada vəfat edib.
Əziz Alpoud - Əziz bəy 1895-ci il iyulun 27-də İrəvanın Dilican mahalında doğulub. 1905-ci ildə təhsil almaq üçün Tiflisin 1-ci klassik liseyinə göndərilib. Stavropolda ali təhsil alıb. Cümhuriyyət dövründə dəmiryolu idarəsində hakim olub. İşğaldan sonra bir müddət Bakıda qalıb, sonra İrana gedib. 1925-ci il sentyabrın 23-də Ənzəlidən Türkiyəyə velosipedlə yola düşüb. Frayberq Dəriçilik İnstitutunda ali təhsil alıb. Türkiyəyə döndükdən sonra bir neçə yerdə çalışıb. “Beykoz Deri ve Kundura Fabrikası”, “Doğu Deri Tekstil Sanayi Ticaret Limited Şirketi”, “Kapalı Deri Fabrikası”, “Elektrik ve Havagazı Şirketi”ndə müxtəlif vəzifələrdə işləyib. İki dəfə Atatürklə görüşüb. Türkiyənin siyasi həyatına da qatılıb. Ə.Alpoud 1988-ci il iyunun 17-də Ankarada dünyasını dəyişib.
Mirzəli Yücəl – 1896-cı ildə Azərbaycanda doğulub. Gədəbəy və Ağtalada mis mədənlərində çalışıb. Türkiyəyə gəldikdən sonra da Kuvarshan, Ergani, Murgul mis mədənlərində misəritmə mütəxəssisi kimi çalışıb. 1955-ci ildə vəfat edib.
“Türk izi” jurnalında verilən məlumata görə, 1955-ci ildə dərnəyin üzvlərindən Hacı Mahmud Qarabağlı və Zahid Turfan İstanbulda, Bahçeli Günəri Murguldə vəfat edib.