27 Fevral 2022 00:17
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynadakı vəziyyətlə əlaqədar, Rumıniya Ukraynanı tərk etmək istəyən Azərbaycan vətəndaşlarını qəbul etməyə hazırdır.

XİN-dən Teleqraf.com-a bildirilib ki, ciddi təhlükə ilə üzləşmiş Azərbaycan vətəndaşları aşağıdakı qaydada Ukrayna ərazisini tərk edərək Rumıniyaya gedə bilər:

“Rumıniya Ukrayna arasındakı Halmeu, Sighetu, Marmatiei və Siret sərhəd-keçid məntəqələri vasitəsilə Rumıniyaya daxil olmaları mümkündür.

Diqqət! Ukraynadan Moldova Respublikasına gələn vətəndaşlarımız Moldova ilə Rumıniya arasında olan Stinca, Sculeni, Albita, Oancea, Galati və İsaccea sərhəd-keçid məntəqələri vasitəsilə Rumıniyaya daxil ola bilər.

- Rumıniya tərəfi Azərbaycan vətəndaşlarının Ukrayna ərazisini münaqişə səbəbindən tərk etməsini nəzərə alaraq, onlara münasibətdə ölkə ərazisindən tranzitlə keçmək üçün müvəqqəti olaraq viza tələbini ləğv edib. Eyni zamanda, vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini (pasport və ya qayıdış şəhadətnaməsi) təqdim etməlidir.

- Rumıniya tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.

Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi ilə +407 487 77744, +407 409 90079 və [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.

Bildiyiniz kimi, bundan öncə verdiyimiz məlumata əsasən, vətəndaşlarımız Ukrayna ərazisini Moldova, Polşa, Slovakiya və Macarıstan istiqamətlərində də tərk edə bilər.

Xarici İşlər Nazirliyi Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan Respublikasının vətəndaşlarına Ukraynadakı vəziyyətlə əlaqədar bir daha müraciət edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edir.

Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat vətəndaşların diqqətinə təqdim ediləcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər