Fevralın 28-də Dövlət Statistika Komitəsi ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında “2022-ci ildə Azərbaycan Respublikasında Çoxgöstəricili Klaster Sorğusunun (MİCS) keçirilməsinə dair Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.
Komitə sədri Tahir Budaqov mərasim iştirakçılarını salamlayaraq bildirib ki, Dövlət Statistika Komitəsi ilə BMT-nin müvafiq strukturları, o cümlədən UNICEF arasında sıx əməkdaşlıq mövcuddur. Qeyd olunub ki, Çoxgöstəricili Klaster Sorğusunun keçirilməsi “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nda öz əksini tapmışdır. Bu tədbirin yerinə yetirilməsi aktual, dolğun və müxtəlif əlamətlərə görə dezaqreqasiya olunan yeni məlumatların toplanılmasına, bununla da statistik məlumat bazasının zənginləşdirilməsinə, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə məlumatların əldə olunmasına, məlumatların beynəlxalq müqayisəliliyinin təmin edilməsinə və statistik potensialın gücləndirilməsinə təkan verəcək. MICS-in keçirilməsi ilə ölkəmizdə uşaqlara və qadınlara dair məlumatlar dəstinin tamlığı təmin olunacaq.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens görüşün geniş heyətdə təşkil edildiyinə görə Tahir Budaqova öz dərin təşəkkürünü bildirib və qeyd edib ki, MİCS müayinəsinin aparılması məqsədilə 2021-ci ildən başlayaraq Dövlət Statistika Komitəsinin nümayəndələri ilə birgə hazırlıq işləri həyata keçirilmişdir. O, Memorandumda nəzərdə tutulan işlərin vaxtında və keyfiyyətlə yerinə yetiriləcəyinə əmin olduğunu bildirib. Qeyd edib ki, sorğunun postkonflikt və postpandemiya dövründə keçirilməsi öz aktuallığını uzun müddət qoruyacaq məlumatların əldə edilməsinə daha yaxşı imkan yaradacaq.
Sonra “2022-ci ildə Azərbaycan Respublikasında Çoxgöstəricili Klaster Sorğusunun (MICS) keçirilməsinə dair Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.
Memorandumu Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens imzalayıblar.
Tədbirdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.