3 Mart 2022 09:05
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda qurulan Azərbaycan təşkilatlarından biri də mühacir gəncləri bir araya toplayan Azərbaycan Gənclik dərnəyi olub.

16 may 1961-ci ildə İstanbulda Azərbaycan Gənclik Dərnəyi (AGD) qurulub. Dərnəyin qurucuları bu şəxslər olublar: Əhməd Muxtar Qaraca (jurnalist), İbrahim Alev (tibb fakültəsi tələbəsi), Xəlil Gözəlsoy (tibb fakültəsi tələbəsi), Eldəniz Qurtulan (tibb fakültəsi tələbəsi), Ərtoğrul Akşin (fənn fakültəsi tələbəsi), Saleh Keykurun (Ət və balıq qurumu idarə amiri), Yavuz Keykurun (tüccar), Eldar Qurtulan (lisey tələbəsi). İdarə heyəti Eldəniz Qurtulanı sədr, Xəlil Gözəlsoyu ümumi katib, Yavuz Keykurunu sayman (Dərnəyin hesab işlərindən məsul idarə heyəti üzvü) seçiblər. Dərnək fəaliyyəti ilə bağlı mətbuatda bəyannamə də dərc etdirib.

26 noyabr 1961-ci ildə Türkiyə Milli Tələbə Federasiyasının salonunda dərnəyin ilk qurultayı keçirilib. Qurultayın sədri Nağı Şeyxzamanlı (Keykurun), katibləri Türkan Aran və Saleh Keykurun olublar. Dərnək sədri Eldəniz Qurtulan təşkilatın raportunu oxuyub, gəncliyin əvvəlki nəslin yaratdığı şüar və bayrağın yolundan irəliləyəcəyini bildirib: “Məqsədimiz Azərbaycan gəncliyinin gücünü Azərbaycan kültür sahəsində inkişaf etdirmək, çevrəmizə yurdumuzu tanıtmaq, mübarizəmizi mənimsətməkdir”. Eldəniz bəy dərnəyin 23 üzvü olduğunu bildirib. Dərnəyin nizamnaməsinə görə qurultay hər ilin noyabr ayında baş tutmalıdır. Qurultayda baş tutan gizli seçki nəticəsində idarə heyəti bu şəxslərdən ibarət olub: Eldəniz Qurtulan (sədr), Xəlil Gözəlsoy (ümumi katib), Yavuz Keykurun (sayman), Eldar Qurtulan, Saleh Keykurun (üzvlər), İlhan Iğdır, Solmaz Keykurun, Xəlil Boyu (ehtiyat üzvlər). Dissiplin heyəti üzvlüyünə Həmidə Keykurun, Məqbulə Taşçı, Bahirə Qutluq, müşahidə şurasına Bala Kocagil, Əli Aran və Nağı Keykurun seçiliblər. Qurultayda Qaçqınlara Yardım Dərnəyinin təmsilçisi Tahsin Çayır çıxış edib.

18 mart 1962-ci ildə AGD M.Rəsulzadə və M.Məhəmmədzadənin anım gününü qeyd ediblər. Azərbaycan Kültürünü Tanıtma Dərnəyinin salonunda baş tutan tədbiri idarə heyətinin üzvü Xəlil Boyu açıb. Saleh Keykurun Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti haqqında ümumi məlumat” adlı məqaləsini oxuyub. Ardınca gənc şair Yaşar Kömək mərhumlara həsr etdiyi şeirini ifa edib. Dərnək sədri E.Qurtulan Rəsulzadə və Məhəmmədzadənin Azərbaycan milli hərəkatındakı rolları mövzusunda geniş çıxış edib. Türküstan mühacirəti adına Dr. Saleh Erkinkol, Qaçqın Dərnəklər Federasiyası adına Dr. İbrahim Ziya, Şimali Qafqaz adına Əhməd Avarlı düşüncələrini bölüşüblər.

28 may 1962-ci ildə AGD Cümhuriyyətin elanının 44-cü ildönümü münasibətilə Eminönü Öyrənci Salonunda tədbir keçirib. Tədbirdə Azərbaycanın dövlət himni və Rəsulzadənin 1953-cü ilə aid səs yazısı dinlədilib. Saleh Keykurun Mirzəbala Məhəmmədzadənin bir məqaləsini oxuyub, Eldəniz Qurtulan Azərbaycanın istiqlalı üzərinə çıxış edib. Tədbirdə “Amerikadakı Azərbaycanlılar Cəmiyyəti”nin sədri Əhməd Dai, vəkil Hüseyn Baykara, vəkil Müstəcib Ülküsal, Abdullah Battal Taymas və başqaları nitq söyləyib, İsrafil Azəri, Erol Özaydın musiqi ifa ediblər.

28 iyul 1962-ci ildə İstanbulun Bəyoğlu rayonundakı “Şuşa” lokantasında azərbaycanlı müğənni İsrafil Azərinin İstanbulu tərk etməsi münasibətilə AGD tədbir təşkil edib. İsrafil Azəri 1923-cü ildə Bakıda doğulub, 16 yaşında ikən Bakı Dövlət Dram Teatrına seçilib. 1941-ci ildən etibarən səhnəyə çıxan İsrafilin səhnə həyatı müharibənin başlaması səbəbindən qısa davam edib. Müharibəyə göndərilən İsrafil bəy Stalinqrad döyüşlərində almanlara əsir düşüb, ardınca Azərbaycan legionuna qatılıb. İtaliyada ruslara qarşı savaşıb. 1945-ci ildə İtaliyanın Laqosanta kəndində yaşayarkən ailə həyatı qurub. 1948-ci ildə Türkiyəyə gəlib. Türkiyədə yaşadığı 14 il müddətində o, Üzeyir bəy Hacıbəylinin, Hüseyn Cavidin əsərlərini səhnəyə qoyub, özü də rol alıb. “Arşın mal alan”da Əsgər obrazını oynayıb. Türkiyəni tərk etdiyi üçün Eldəniz bəy ona masaüstü Azərbaycan bayrağı hədiyyə edib. Tədbirdə Yaşar Kömək şeirlərini oxuyub, İsrafil Azəri bir neçə mahnı ifa edib. Ayın 29-u dərnək Atıf bəy qazinosunda İsrafil bəyin şərəfinə yenidən toplanıb. Ayın 30-u sənətkar İstanbuldan İtaliyaya hərəkət edib.

18 noyabr 1962-ci ildə İstanbulda Yeni Sarayda AGD gecə tərtib edib. Dərnək sədri azərbaycanlı sənətkar Məhəmmədhüseyn Berkə gül dəstəsi hədiyyə edib. Məhəmmədhüseyn Berk Türkiyəyə gəldikdən sonra bir çox Azərbaycan pyesini səhnəyə qoyub, həm rol ifa edib, həm də rejissorluğunu üstlənib. Qarsdan gələn teatr xadimi Səttar Güldür “Məşədi İbad”dan səhnə oynayıb. 25 noyabr 1962-ci il saat 10-da “Birlik” filmin idxal etdiyi Azərbaycanda çəkilən “Ögey ana” filmi mühacir azərbaycanlılar üçün orijinal şivədə göstərilib. 23 dekabr 1962-ci ildə Türkiyə Milli Tələbə Federasiyasında AGD Sabirin yüzüncü yaş gününü qeyd edib.

25 noyabr 1962-ci ildə Türkan Aranın sədrliyində, Ayla Dadaş ilə Turan Günalın katibliyində AGD-nin illik qurultayı baş tutub. Dərnək sədri Eldəniz Qurtulanla Müşahidə Şurasının sədri Nağı Keykurunun raportlarından sonra keçirilən seçkilər nəticəsində Eldəniz Qurtulan sədr, Ayla Dadaş katib, Erol Özaydın sayman seçilib. Adli Eğiter ilə Fikrət Değerli idarə heyətinə üzvlüyə, Yalçın Gökçaylar, Yener Güldür və Turan Günal ehtiyat üzv qəbul ediliblər. Müşahidə Şurasına Əli Aran, Nağı Keykurun, Yaşar Kömək, Dissiplin heyətinə Dönməz Alev, Saleh Xəzər, Zöhrab Kəsəmənli seçiliblər.

Dərnək Qarsın Çıldır qəzasının Daşdəyirman (Çamdıra) kəndinin məktəbini himayəyə götürüb. 9 mart 1963-cü ildə Məhəmmədəmin Rəsulzadə və Mirzəbala Məhəmmədzadənin anım gününü qeyd edib. 27 aprel 1963-cü ildə Cümhuriyyətin işğal günü münasibətilə bəyannamə çap edib.

14 aprel 1963-cü ildə İstanbul Taksim Bələdiyyə Qazinosunda “Azərbaycan gənclik çayı” tərtib edilib. Tədbirdə Azərbaycan Cümhuriyyətinin 500 manatlıq əskinası hədiyyə olaraq hərraca çıxarılıb.

1963-cü ilin 16-29 may tarixlərində AGD İstanbul Bələdiyyəsi Şəhər Qalereyasında Şirvanşahlar kompleksi adı altında “Azərbaycan tarixi anıtları fotoşəkil sərgisi” təşkil edib. Sərgidə 37 fotoşəkil sərgilənib, izahı verilib. Eyni zamanda broşura çap edilib. Sərgini 2 min nəfər izləyib.

Dərnək yay günlərində azərbaycanlıların bir arada olmaları üçün gəzintilər təşkil edib. 9 iyun 1963-də Sarıyerə, 30 iyun 1963-də Pavli adasına gedilib. 1 dekabr 1963-cü ildə Taksim Bələdiyyə gazinosunda çay ziyafəti təşkil edilib.

28 dekabr 1963-cü ildə Xəlil Gözəlsoyun sədrliyində dərnəyin 4-cü qurultayı keçirilib. Seçkilər nəticəsində Eldəniz Qurtulan sədr, Rəna Kəsəmənli katib, Erol Özaydın sayman, Çingiz Kaymanlı və Lalə Aran idarə heyətinə üzv seçiliblər.

Azərbaycan Gənclik Dərnəyi nəşriyyat işləri də həyata keçirib. 1963-cü ildə Hüseyn Cavidin doğumunun 80-ci ildönümü münasibətilə Mustafa Haqqı Türkəqulun 164 səhifəlik “Azərbaycan Türk şairi Cavid” adlı əsəri dərnəyin ilk kitabı olaraq 500 tirajla nəşr olunub. E.Qurtulan əsərlə bağlı tanıtım məqaləsi yazıb. Müəllifin öz hesabına çap olunan əsərin 250 nüsxəsi Amerikada yaşayan Türkəqula göndərilib.

Dərnəyin aylıq bülleteni də çap edilib. 1964-cü il tarixli 3-cü sayında E.Qurtulanın “Çağımızın ən böyük yalanı” adlı məqaləsi dərc edilib. Yazıda Sovet Azərbaycanında qeyd olunan Azərbaycanın Rusiyaya ilhaqının 150-ci ildönümü məsələsinə toxunulub. 5-6-7 saylı 1964 tarixli bülletendə “İran türkləri arasında” adlı məqalə, Təbrizli Əlinin “Türkiyə milləti” şeiri dərc olunub. Eyni zamanda “Çağdaş Azərbaycan tarixində bu ay” başlığı ilə avqust, sentyabr, oktyabr aylarında baş verən önəmli hadisələr qeyd olunub. Dərnəyin 1964-cü ildə çıxan 8-9-cu qoşasayında Olcay Ekincinin Üzeyir bəyin vəfatının 16-cı ildönümü ilə bağlı oxuduğu mühazirənin mətni dərc edilib. Eyni zamanda “Çağdaş Azərbaycan tarixində bu ay” başlığı ilə noyabr və dekabr aylarında baş verən önəmli hadisələr qeyd olunub. Bülletenin 1965-ci il may sayısının ilk səhifəsində Azərbaycan İstiqlal Bəyannaməsinin mətni dərc edilib. Bülletenin 13-cü sayında (1965-ci il) mühacir müəllim Əli Aranın vəfatı ilə bağlı məqalə dərc edilib.

Azərbaycan Gənclik Dərnəyi müxtəlif açıqcalar da nəşr edib. Şəxsi arxivimizdə olanalr bunlardır:

- Azərbaycanda Qazı Məhəmməddə (Hacıqabulda) XIII əsrdə tikilən Pir Hüseyn məscidinin bugünkü halı

- Azəri Milli Oyunları

15 noyabr 1964-cü ildə saat 14-18 arasında Taksim Bələdiyyə qazinosunda “Ənənəvi Azərbaycan Gənclik Çayı” təşkil edilib. Tədbirdə 30 nəfərdən ibarət Azərbaycan xalq oyunları ifa edilib.

Azərbaycan Gənclik Dərnəyi Qarsdakı teatr heyəti ilə də əməkdaşlıq edib, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərini səhnələşdiriblər.

Azərbaycan Gənclik Dərnəyi bu seminarları keçirib:

17 iyul 1962-ci ildə AGD ilk seminarını keçirib. Dərnəyin sədri Eldəniz Qurtulan “Əsir millətlər həftəsi” mövzusunda çıxış edib. Tədbirdə sabiq ABŞ prezidenti Eyzenhauerin “Əsir millətlər həftəsi bəyannaməsi” oxunulub. Şərqi Türküstan liderlərindən İsa Yusif Alptəkin də mövzu ilə bağlı düşüncələrini bölüşüb.

4 avqust 1962-ci ildə AGD-nin ikinci seminarı baş tutub. Azərbaycan Milli Mərkəzinin sədri Əbdülvahab Yurdsevər “Azərbaycan mübarizəsi” mövzusunda çıxış edib.

21 avqust 1962-ci ildə Eldəniz Qurtulanın oxuduğu üçüncü seminarın mövzusu “Mühitin təsiri altında Azərbaycan şairi və şeiri” olub.

11 sentyabr 1962-ci ildə Lalə Aran “Kərim Yaycılının şəxsiyyəti və əsərləri” mövzusunda dördüncü mühazirəni oxuyub.

2 oktyabr 1962-ci ildə Azərbaycan Cümhuriyyəti və İstiqlal Savaşı zabitlərindən Cabbar Gəncər “Gəncə üsyanı xatirələri” mövzusunda beşinci mühazirəni oxuyub.

1962-ci ilin noyabr ayında Nağı bəy Şeyxzamanlı “Azərbaycanın istiqlalı və Gəncə”, “Tarixdə Gəncə” mövzularında mühazirə oxuyub.

1962-ci ilin dekabrında “Azərbaycan milli hərəkat öndərlərinin ardından” mövzusunda Yaşar Kömək, Saleh Keykurun, Erol Özaydın və Eldəniz Qurtulan mühazirə oxuyublar.

9 yanvar 1963-cü ildə Lalə Aran mühacir şair Abay Mirzə Dağlının “Şair Abay və şeirləri” mövzusunda mühazirə oxuyub. Dərnək daha öncə Mustafa Haqqı Türkəqulun hazırladığı “Mirzədən qəzəllər” adlı Abay Dağlının əsərlərindən ibarət kitabı dərnək üzvlərinə paylayıb.

13 fevral 1963-cü ildə Əjdər Qurtulan “Azərbaycan musiqisi” mövzusunda mühazirə oxuyub. Mühazirədə Azərbaycan musiqisi elmi şəkildə təsnif edilib, muğam haqqında məlumat verilib, tarla örnək ifalar göstərilib.

1963-cü ilin martında Dr. Cavad Amelizadə Şəhriyarın “Heydər babaya salam” əsəri ilə bağlı “Şəhriyar və əsəri” mövzusunda mühazirə oxuyub, Güney Azərbaycan ədəbi mühiti barədə məlumat verib. Tədbirdə bu əsərə bəstələnən mahnılar çalınıb.

24 aprel 1963-cü ildə Zöhrab Kəsəmənli “İstiladan sonra Azərbaycan” mövzusunda mühazirə oxuyub. Kəsəmənli Cümhuriyyətin işğalı, II Dünya müharibəsində Azərbaycan əsgərlərinin vəziyyəti ilə bağlı məlumat verib. Zöhrab bəy özü də Azərbaycan legionunda təmsil olunub.

10 may 1963-cü ildə Hüseyn İzzətzadə “Şair Mirzə Əli Möcüz və şeirləri” mövzusunda mühazirə oxuyub.

Erol Özaydın “Almas İldırım və əsərləri” mövzusunda çıxış edib.

28 oktyabr 1964-cü ildə Eldəniz Qurtulan “İran türklərinin bugünkü vəziyyəti” mövzusunda mühazirə oxuyub

1964-cü ilin noyabr ayında isə Olcay Ekinci “Şərqin böyük bəstəkarı Üzeyir Hacıbəyli” mövzusunda seminar oxuyub.

20 fevral 1965-ci ildə baş tutan dərnəyin fövqəladə qurultayında Eldəniz Qurtulan sədr, Ayla Dadaş katib, Erol Özaydın sayman, Səfər Koçyiğit idarə heyətinə üzv, Cahidə Aran, Cəfər Dəmirəl, İnayət Akyüz ehtiyat üzvlər olaraq seçiliblər. Dissiplin heyətinə Əli Aran, Gülsüm Təkin, Mustafa Kayabek, Müşahidə Şurasına Əjdər Qurtulan, Kazım Dadaş, Bala Kocagil seçiliblər.

13 mart 1965-ci ildə M.Rəsulzadə və M.Məhəmmədzadə ilə bağlı dərnəkdə anım günü keçirilib. Eldəniz Qurtulan Rəsulzadənin, Lalə Aran Mirzəbala Məhəmmədzadənin bioqrafiyasını oxuyub. Əli Azərtəkin Rəsulzadənin fəaliyyəti barədə geniş məlumat verib. Törəndə Şimali Qafqaz adına Əhməd Avarlı, Krım adına Müstəcib Ülküsal çıxış edib, Cümhuriyyət zabitlərindən albay Cabbar Gencer şeirlərini oxuyub.

Təəssüf ki, 1965-ci ildən sonrakı dövrdə dərnəyin fəaliyyəti ilə bağlı materiallara rast gəlmədik.

Dərnəyin sədri Eldəniz bəy Azərbaycan Cümhuriyyəti zabitlərindən Əjdər Babazadənin oğludur, 1932-ci il avqustun 8-də İranın Ənzəli şəhərində doğulub. İlk təhsilini Tehranda, orta təhsilini Əlburz şəhərində alıb. İstanbul tibb fakültəsini bitirib, uzun müddət ginekoloq-həkim olaraq fəaliyyət göstərib. Eldəniz bəyin ən böyük xidmətlərindən biri Azərbaycan Cümhuriyyəti və mühacirəti tarixi ilə bağlı “Amcam Hamlet” romanını qələmə almasıdır. Eldəniz bəy milli azadlıq hərəkatı dövründə Bakıya gəlib, AXC sədri Əbülfəz Elçibəylə görüşüb. 2007-ci ildə İstanbulda vəfat edib.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər