Hepatit d RNT tərkibli deltaviruslar ailəsinə məxsusdur.
Teleqraf.com xəbər verir ki, hepatit d-nin çoxalması üçün digər bir virusa - hepatit b virusuna ehtiyacı var. Buna görə də hepatit d-yə heç vaxt tək halda rast gəlinmir. Hər zaman hepatit b virusu ilə birgə rastlanır. Şəxslər hepatit d virusuna ya hepatit b virusu ilə eyni zamanda yoluxur, ya da əvvəl hepatit b virusuna yoluxub sonra hepatit d virusuna yoluxurlar.
Superinfeksiya nəticəsində hepatit d virusuna yoluxanlarda proqnoz daha pisdir və xəstəliyin proqressiyası, serroz və qaraciyər xərçəngi yaranma ehtimalı tək hepatit b-yə yoluxanlardan 10 dəfə daha sürətlidir. Xroniki hepatit b xəstələrinin 5 faizində hepatit d virusu da var.
Bəs hepatit d virusuna yoluxma necə baş verir?
Yoluxma yolu hepatit b virusuna oxşardır. Narkomanlar arasında inyeksiya etmək üçün iynələrdən ortaq istifadə olunması, qan və qan preparatlarının köçürülməsi, hemodializ vasitəsilə yoluxur, cinsi əlaqə yolu ilə də yoluxma baş verir və homoseksuallarda, seks biznesi ilə məşğul olanlarda delta virusu çox rast gəlinir.
Simptomları nədir?
İnkubasiya dövrü 3-7 həftə təşkil edir. Əsas simptomları qızdırma, halsızlıq, iştahanın itməsi, ürəkbulanma, qusma, sarılıqdır. Bir çox hallarda isə gizli gedib heç bir simptomla özünü biruzə vermir.
Diaqnozu necə qoyulur?
Xəstəliyin diaqnozu qan analizi ilə qoyulur. Qanın seroloji müayinəsi zamanı virus məxsus spesifik antitellərin (İgM və İgG) aşkar olunması və ya hepatit d virus RNT-nin tapılması diaqnozu təsdiq edir.
Müalicəsi necə aparılır?
Müalicəsində hələ ki tam effektiv dərman preparatı aşkar olunmayıb. Əsas müalicə interferonla aparılır. Yeni antiviral Bulevirtide adlı dərman preparatı yeni istifadə verilib, virusun çoxalmasını inhibə etdiyi və müalicədə daha effektiv olduğu bildirilir. Bu preparat istifadə üçün tam təsdiq almayıb, bu və digər deltavirus əleyhinə dərman preparatları üzərində çalışmalar davam edir.