"Bu il Dövlət Turizm Agentliyinin əsas fokuslandığı məsələlərdən biri Qarabağın turizm potensialıdır".
Teleqraf.com xəbər verir ki, bunu Agentliyin sədrinin müşaviri Kənan Quluzadə bildirib.
Onun sözlərinə görə, 2025-ci ilə qədər Qarabağa bir milyona yaxın turist səfəri olacaq:
"İşğaldan azad edilmiş ərazilərlə bağlı dəyərləndirmə, konsepsiyaların, strategiyaların hazırlanması və digər istiqamətlərdə fəaliyyət göstəririk. “Yolumuz Qarabağadır” layihəsi çərçivəsində artıq bir neçə marşrutu təqdim etmişik. Xarici vətəndaşların səfərləri barədə də düşünürük ki, onun da bir sisteminini quraq. Ümumən gözləyirik ki, 2025-ci ilə qədər Qarabağa daxili və xarici turistlər daxil olmaqla sırf turist kimi bir milyona yaxın insan səfər edəcək".
K.Quluzadə Qarabağda turizm infrastrukturunun yaradılması planlarından da danışıb:
“Azad edilmiş ərazilərdə turizm infrastrukturu barədə müəyyən planlarımız var. Məsələn, Suqovuşan, Hadrut, Şahbulaqla bağlı planlar var. Müxtəlif regionlarla bağlı ayrı-ayrı layihələr, vahid marşrutlar və tematik klasterlər üzərində işləyirik. Bu işlər üçün xarici mütəxəssisləri cəlb etmişik. Eyni zamanda ictimai birliklərlə bu sahədə məsləhətləşmələr aparırıq. İşğaldan azad edilmiş ərazilərə səfərlərimiz olur. Bu səfərlərin daha intensiv olmasına çalışacağıq”.
“Qarabağın və Şərqi Zəngəzurun tanıtımı ilə məşğuluq. Ötən ilin may ayından Şuşanın, Zəngəzurun potensialını sərgiləməyə başlamışıq. Görürük ki, maraq böyükdür və bu, Azərbaycan turizmi üçün daha bir imkan yaradacaq. Yəni biz rəqabət şəraitində dünya bazarına yeni bir üstünlüklə qayıdırıq”, - K.Quluzadə əlavə edib.