10 Fevral 2022 15:35
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rəqəmsal İnkişaf” İctimai Birliyi "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" tərəfindən maliyyələşən “44 Günün Yaddaşı” adlı layihəsinin icrasına start verib.

İctimai Birliyin sədri Könül Ağayevanın verdiyi məlumata görə, Vətən uğrunda şərəflə döyüşmüş əsgərlərimizin, şəhidlərimizin tanıdılması və təbliği məqsədilə “44 Günün Yaddaşı ” adlı layihə həyata keçirilir.

Layihədə nəzərdə tutulan fəaliyyət ondan ibarətdir ki, Vətən müharibəsi iştirakçıları, vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi məqsədi ilə veb səhifənin hazırlanması işi və eyni zamanda gənc nəslin vətənpərvərlik ruhunda inkişafına dəstək üçün bir sıra vətən müharibəsi iştirakçılarımız ilə, qazilərimiz və gənclərimizlə onların birgə görüşlərinin təşkili həyata keçirilməsi planlaşdırılır.

“44 günlük Vətən müharibəsi dövlətimizin qüdrətini, ordumuzun gücünü, xalqımızın sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi. Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Bu məqsədlə Layihə dövründə əsas fəaliyyətlərimizdən biri olan “44GününYaddaşı” adı veb səhifənin hazırlanması işi olacaq. Veb səhifədə 44 günün xatirəsini yaddaşımıza daha dərin həkk etmək məqsədi və gələcək nəsilə ötürülməsinə təminat yaratmaq üçün məlumat bazası kimi formalaşacaq. Döyüş meydanlarında böyük şücaət göstərən igid əsgər və zabitlərimiz və eləcə də vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimiz haqqında geniş informasiya toplusu yaranacaq.

Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir. Veb səhifənin hazırlanması onların varlığı və qəhrəmanlıqları haqqında həm indiki gənc nəsilə və eləcə də gələcək nəsilə bir yaddaş kitabçası kimi təqdim olunacaq.

Müharibədə döyüş də var, şəhidlik də var. Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Şəhidlik adı ölüm deyil, VƏTƏN, TORPAQ, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Hazırlanan bu veb səhifə həmçinin torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz haqqında geniş informasiya toplusu olacaq. Bu gün torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş bütün əsgərlərimizə Allahdan rəhmət diləyirik! Veb səhifəni beynəlxalq aləmdə tanıtmaq üçün İngilis dilində bölümü də hazırlanacaq. Veb səhifə haqqında daha geniş məlumat fəaliyyət bölməsində qeyd olunacaq. Növbəti fəaliyyət gənclərimizi vətənpərvər ruhda inkişafına dəstək olmaqdır. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi hər zaman əsas hədəf olmalıdır. Ölkə rəhbərinin gənclərə istiqamətlənən fikirləri də məhz gəncliyin milli ruhda yetişməsində əsas göstəricidir. Bu göstəriciyə çatmağın əsas istiqamətlərindən biri uşaq və gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi işinin düzgün təşkilidir”, deyə Könül Ağayeva bildirib.

QHT sədrinin sözlərinə görə, bu məqsədlə də Vətənimizin bütövlüyü uğrunda döyüşmüş qəhrəmanlar - rəşadətli ordumuz haqqında, uğurlu döyüşlər haqqında, zəfərə gedən şərəfli yol barədə xatirələrini gənclərlə bölüşmək məqsədi ilə bir arada görüşərək onlarla interaktiv və sərbəst görüşlərin keçirilməsi layihənin fəaliyyət planına daxil edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər