Dünyada ən çox rastlanan xərçəng növlərindən biri olan ağciyər xərçəngi sinə ağrısı, nəfəs darlığı, qanlı bəlğəm ifrazı, öskürək kimi əlamətlərlə özünü göstərir. Xəstəliklə mübarizədə minimal invaziv cərrahi üsullar xüsusilə erkən mərhələdə ağciyər xərçənginin müalicəsində uğurlu nəticələrin əldə olunmasına kömək edir.
Teleqraf.com xəbər verir ki, qapalı əməliyyat imkanı təqdim edən bu cərrahi üsullar ağciyər xərçəngi olan xəstələrdə əməliyyatdan sonrakı sağalma müddətini də tezləşdirir.
Ağciyər xərçəngi xəstələri çox vaxt həkimə gec müraciət etdikləri üçün mütəxəssislər cərrahi müalicəni yox, tibbi müalicəni (kimyaterapiya, radioterapiya, immunoterapiya) tətbiq etməyə üstünlük verirlər.
Xüsusilə 40 yaşdan sonra siqaret çəkən, ailəsində ağciyər xərçəngi riski olan, havasız iş mühitində olan insanların mütəmadi ağciyər müayinəsindən keçmələri böyük əhəmiyyət kəsb edir.
Son illərdə edilən qapalı əməliyyatlar xəstənin sağalma müddətini tezləşdirir. Bunlar videotorakoskopik və robot yardımlı əməliyyatlardır. Robot əməliyyatlarının bir çox üstünlükləri var. Robot əməliyyat zamanı görüntü 3D olduğu üçün cərraha sahə dərinliyi təmin edir.
İnvaziv üsul olan video yardımlı cərrahiyyə texnikası erkən mərhələdə aşkarlanan ağciyər xərçəngində istifadə olunur. 2 və ya tək kiçik kəsiklə cərrahın əli döş qəfəsinə girmədən əməliyyat xüsusi alətlər və kamera vasitəsilə həyata keçirilir.
Qapalı əməliyyatların ən böyük üstünlüyü əməliyyatdan sonra xəstə daha az ağrı hiss edir, xəstəxanada qalma müddəti azalır və o, normal həyatına daha erkən qayıdır.