Gün ərzində qidanın qəbulu rejimi çox önəmlidir. Tədqiqatlar göstərir ki, səhər yeməyindən imtina şəkər və yağlarla zəngin olan qidalara üstünlük verilməsinə gətirib çıxarır. Orta hesabla oğlanların 69%-i, qızların isə 60%-i məktəb günlərində səhər yeməyindən istifadə edirlər.
Teleqraf.com-un məlumatına görə, bu sözləri Azərbaycan Tibb Universiteti, Uşaq yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının dosenti Nigar Süleymanzadə bildirib.
Onun sözlərinə görə, səmərəli qidalanma uşaq və yeniyetmələrin sağlamlığını, həmahəng inkişafını, müxtəlif xəstəliklərə qarşı orqanizmin davamlılığını artıran və uşaq ölümü səviyyəsini azaldan vacib şərtlərdən biridir: "Səhər yeməyi yeməyən uşaqlar adətən məktəbdə daha çox şirniyyatlardan, şəkəri çox olan ərzaqlardan istifadəyə üstünlük verirlər. Həmçinin səhər yeməyindən imtina səhər yorğunluğu sindromu yaradır və qavrama qabiliyyətini aşağı salır. Bizim gündəlik qidamız həyat üçün lazım olan bir sıra qida maddələrindən - struktur materialları olan və bədən toxumasının əsasını təşkil edən zülallardan, orqanizmin enerji təchizatını təmin edən yağlar və karbohidratlardan ibarətdir.
Bütün bu maddələrin qida dəyərliliyinin enerji balansında rolu əvəzsizdir. Belə ki, onların həm çatışmazlığı və həm də izafiliyi uşaq orqanizmində bir sıra fəsadlara səbəb ola bilir".
Nigar Süleymanzadə qeyd edib ki, sağlam qidalanma prinsiplərinin tələblərinə uyğun olmayan qida rasionu gələcək nəslin sağlamlığı və işqabiliyyətinə təsir edən əsas mənfi amillərdən biridir: "Vaxt çatışmazlığı, yemək mədəniyyətindəki səriştəsizlik, müasir həyat tempi məhsul seçimində anlaqsızlığa səbəb olur. Uşaqların qida rasionunda qazlı sular, sənaye istehsalı olan müxtəlif rənglərlə, dadvericilərlə zəngin qida məhsullarının populyarlığı narahatlıq yaradır. Uzun fasilələrlə, cəld, ayaqüstü yeriyərək yemək, “fast-fud” və soyuq, şirin qazlı suların birgə istifadəsi daha çox zərərlidir. Çünki bu zaman qidanın mədədə qalma müddəti azalır, tezliklə aclıq hissi yenə yaranır, bu isə piylənməyə birbaşa aparan yoldur".
Qeyd edək ki, “Sağlam təhsil” layihəsinin tətbiq olunduğu siniflərdə uşaqların sağlamlıq qidalanması üçün mütamadi maarifləndirmə tədbirləri həyata keçirilir.